“Doom scrolling”, insanların rəqəmsal platformalardakı mənfi xəbərlərə daim diqqət yetirmək meyli kimi başa düşülən termindir. Səhər gözünüzü açan kimi əlinizi telefonunuza atırsınız? Özünüzü gün ərzində bir neçə dəfə xəbərləri yoxlayaraq, sosial mediada gəzərkən tapırsınız? Əgər belədirsə, siz tək deyilsiniz. Üstəlik, bu vərdiş sadəcə “zamanla ayaqlaşmaq” üçün etdiyiniz adi hərəkət deyil, hətta siz fərqinə varmadan psixi sağlamlığınızı təhdid edən bir döngüdür.
Doomscrolling, daim pis xəbərlərə məruz qalma və pessimist məzmunda xəbərləri daima izləmə vərdişini təsvir edən anlayışdır.
Bakıvaxtı.az xəbər verir ki, klinik Psixoloq, Psixoterapevt Dr. Yasemin Meriç Kazdal bu asılılıqdan xilas olmağın yollarını paylaşıb.
Pis xəbərlər niyə daha çox diqqətinizi çəkir? Müharibələr, böhranlar, təbii fəlakətlər, ekoloji fəlakətlər, xəstəliklər, iqtisadi çöküşlər... Bu xəbərlərin xəbər lentlərində üstünlük təşkil etməsinin səbəbi təkcə dünyanın getdikcə pisləşməsi deyil. Pis xəbərlər daha çox diqqət çəkir, çünki insan beyni təhlükədən xəbərdar olmaq barədə təkamül edib. Ona görə də biz fərqinə varmadan “riskli”ni daha çox izləyirik. Bununla belə, daima ayıq-sayıq olmaq təkcə zehni deyil, həm də fiziki cəhətdən yorucudur.
Araşdırmalar göstərir ki, doomscrolling davranışı narahatlığı artırır, depressiyaya səbəb olur və fərdlərin ümumi əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Zaman keçdikcə insan dünyaya qarşı daha pessimist və özünə qarşı daha zəif hiss etməyə başlayır. Ümidsizlik, çarəsizlik və tükənmişlik hissi; bu dövrün psixoloji zərəridir. Bu vərdişdən qurtulmağın bəzi sadə amma təsirli yolları var:
1. Ekran vaxtını məhdudlaşdırın.
Xəbərləri oxumağı və sosial mediadan müəyyən saatlarda istifadə etməyi vərdiş halına salın. Səhər oyandıqdan dərhal sonra və ya yatmazdan əvvəl telefona baxmağı tərgidin.
2. Ruhunuz üçün yaxşı olan məzmunla özünüzü qidalandırın.
Yalnız fəlakət xəbərlərinə deyil; İncəsənət, mədəniyyət, elm və ruhlandırıcı uğur hekayələri kimi ümid aşılayan məzmuna vaxt ayırın.
3. Rəqəmsal detoks edin.
Bir neçə saat və ya həftənin müəyyən günlərində ekranlardan uzaqlaşmaq fikrinizi yenidən balanslaşdırmağa kömək edə bilər.
Doğrudur, bilik gücdür. Ancaq yalnız balansda istifadə edildiyi zaman. Daim neqativlərə fokuslanan ağıl bir müddət sonra ümidini və hərəkət qabiliyyətini itirəcək. Nəzərə alın ki, hansı bilgini əldə edəcəyinizi də, buna nə qədər məruz qalacağınızı da siz seçirsiniz. Unutmayın, ekranı sürüşdürdüyünüz hər saniyədə ağlınızın nə ilə qidalanacağına siz qərar verirsiniz.
Laləzər Məmmədova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakıvaxtı.az



jpg-1750416491.webp)

jpeg-1750419759.webp)









