Səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gündür, xəstəxanada müalicə alan Xalq artisti Flora xanım Kərimova bu gün evə buraxılır.
Bu barədə Bakıvaxtı.az-a sənətkarın bioqrafı və köməkçisi Əli Davud məlumat verib. Onun sözlərinə görə, Flora xanımın vəziyyəti hazırda qənaətbəxşdir:
“Şükürlər olsun ki, hər şey qaydasındadır. bu gün onu həsrətlə gözləyən doğmalarının, nəvəsinin yanına, evinə qayıdır. Flora xanım mütəmadi müayinə və nəzarət altında saxlanılmalıdır. Evdə də həkim nəzarətində olacaq, müalicəsi davam etdiriləcək”.
Əli Davud bildirib ki, xalq artistinin səhhəti ilə bağlı çoxsaylı tanınmış sima maraqlanıb:
“Bu xəbəri eşidən hər kəs Flora xanımın vəziyyətini soruşurdu. Lakin o, palata şəraitində heç kimin onu görməsini istəmədiyi üçün ziyarətçi qəbul etmirdi”.
Köməkçisi əlavə edib ki, sənətkarın bir sıra yarımçıq qalmış yaradıcılıq layihələri də var:
“Aydın Sani, Qaraqan və Qara Dərvişlə duetlər, bir neçə solo ifa da planlaşdırırdı. Səhhəti buna imkan vermədiyi üçün layihələr yarımçıq qaldı. İnşallah, bir qədər istirahətdən sonra, yaxın aylarda həmin işlər tamamlanacaq”.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və nəzarətində idi. Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da sənətkarı ziyarət edib.
Aydın
Bakı 



