Ermənistanın gələcəyi indi bir dönüm nöqtəsindədir.
Keçmişin kölgəsi ilə gələcəyin ümidləri arasında qalan bu ölkə, strateji seçimlərlə həm daxili siyasətini, həm də regiondakı mövqeyini təyin etməli olacaq. Avropa İttifaqına üzvlük arzusu və islahat planları bir tərəfdə durur, digər tərəfdə isə tarixdən gələn bağlılıq, Rusiyanın təsir gücü və qonşu dövlətlərlə mürəkkəb münasibətlər dayanır.
Hər addım diqqətlə hesablanmalıdır, çünki kiçik bir səhv regionda böyük sarsıntılara yol aça bilər. Ermənistanın qarşısında duran seçimlər yalnız onun daxili siyasi xəttini deyil, həm də Avropa ilə Rusiya arasında incə balansı və Cənubi Qafqazın geosiyasətini müəyyən edəcək.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Abutalıb Səmədov bildirib ki, Ermənistan geosiyasi kəsişmədə dayanmış kiçik bir ölkə kimi, uzun illər boyu regionun böyük oyunçuları arasında diqqət mərkəzində olub:
"Tarixi bağlar, strateji məkan və enerji resurslarına çıxış imkanları bu ölkəni həm Qərbin, həm də Rusiyanın maraq dairəsində saxlayır. Son günlər isə Yerevan açıq şəkildə Avropa İttifaqına üzvlük arzularını ifadə etməklə, daxili və xarici siyasətində yeni bir səhifə açmaq istəyir".

Abutalıb Səmədov: Ermənistanın qarşısında iki yol dayanır: Avropaya inteqrasiya və ya Rusiyanın təsiri altında qalmaq
Onun sözlərinə görə, bu yol asan olmayacaq:
"Avropa İttifaqına üzvlük uzun və mürəkkəb bir prosesdir, kriteriyalara uyğunlaşmaq illərlə çəkir və dərin islahatları tələb edir. İlk baxışda Ermənistanın qərarı ABŞ və Avropaya birbaşa təsir etməsə də, zaman keçdikcə regiondakı balansı dəyişdirəcək. Avropa və Qərb tərəfdarları ilə ruspərəst qüvvələr arasında gərginlik artacaq, seçimlər qaçılmaz olacaq və Ermənistanın xarici siyasət xətti ciddi sınaqdan keçəcək".
Həmsöhbətimiz əlavə edib ki, bu prosesdə Rusiya və İranın təsiri, enerji və təhlükəsizlik maraqları da Ermənistana əlavə təzyiqlər yaradacaq. Rusiya Ermənistanın Avropaya yaxınlaşmasına qarşı çıxacaq və bu ölkədə keçiriləcək parlament seçkilərinə təsir göstərməyə çalışacaq. İran isə Avropanın sərhədlərinə yaxınlaşan Ermənistanı narahatlıqla izləyir:
"Beləliklə, Ermənistanın qarşısında iki yol dayanır: Avropaya inteqrasiya və ya Rusiyanın təsiri altında qalmaq. Hər iki seçim region üçün əhəmiyyətli nəticələr doğuracaq. Bu qərar yalnız Ermənistanın taleyini deyil, həm də Cənubi Qafqazın gələcəyini müəyyən edəcək".
Əli Hüseynov
Bakı 


