HƏMAS Qəzzada döyüşlərdə uzunmüddətli atəşkəs, saxlanılan israilli girovların və İsraildə həbs edilən fələstinlilərin mərhələli şəkildə azad edilməsini ehtiva edən təklifə çox yaxında cavab verəcək.
Bakıvaxtı.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisi deyib.
O bildirib ki, davamlı atəşkəs HƏMAS üçün ən vacib komponentdir və qalan digər məsələləri müzakirə etmək olar.
Xatırladaq ki, çoxmərhələli təklif bir neçə gün əvvəl ABŞ, İsrail, Qətər və Misirin yüksək səviyyəli rəsmiləri tərəfindən hazırlanıb. Məsələ ilə bağlı HƏMAS-ın cavabını gözləyirlər. Qahirədə təmaslardan birbaşa xəbəri olan yüksək rütbəli Misir rəsmisi bildirib ki, HƏMAS rəsmi cavab təqdim etməsə də, artıq müsbət siqnallar göndərib.















