Zərdüşt Əlizadə: “Son Qarabağ müharibəsi zamanı Britaniya Azərbaycanın xeyrinə vacib rol oynadı”
Böyük Britaniya 2020-ci il 31 yanvar tarixində 47 il üzvü olduğu Avropa Birliyini tərk etdi. Keçid müddəti üçün olan öhdəlik də ötən il dekabr ayının 3-də bitdi. Buna səbəb ada dövləti ilə qitə dövlətləri və bütövlükdə birlik arasında sosial, iqtisadi, siyasi maraqlar toqquşması oldu. Artıq 2021-ci ilin əvvələrindən, əl-qolu bir az da açılmış Birləşmiş Krallığın Yaxın Şərqdə, Qafqazda, Ukraynada əməli addımlar ataraq dünyada siyasi fəallığını artırdığı müşahidə olunur.
Bu aktivliyin dünyaya və Azərbaycana təsirləri ilə bağlı Bakivaxti.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirdi ki, Britaniya ingilis dilində qısaca Kommonvels adlanan Millətlər Birliyi təskilatının nüvəsidir: “Birliyə sabiq Britaniya müstəmləkələri daxildir. Bu, çox mötəbər və möhtəşəm bir təşkilatdır, üzv dövlətlərin mədəniyyət və iqtisadiyyat sahəsində sıx əməkdaşlıqları var. Yəni İngiltərə heç bir halda tək deyil. Qaldı onun Avropa Birliyindən çıxmağının səbəbi, bu, onunla bağlıdır ki, Avropa Birliyi iki yol ayrıcında idi. Bir yol onu daha sıx ticari, iqtisadi, siyasi birliyə aparırdı, yəni Avropa Birliyi Birləşmiş Avropa Ştatları olacaqdı. Bəli, dövlətlərin müstəqilliyi müəyyən dərəcədə saxlanacaqdı, amma onların xeyli suveren hüquqları veriləcəkdi vahid mərkəzə. Bu, Britaniyanı qane etmədi. İkinci yol ondan ibarət idi ki, Avropa Birliyi indiki vəziyyətdə qalır, yəni iqtisadi nəhəng, amma siyasi cirtdan kimi. Bu o deməkdir ki, Avropada hər hansı bir siyasi qərar çıxarılanda bu qərar gərək 28 hökümət, 28 parlament tərəfindən təsdiq olunsun. Bu da çox uzun çəkir, yəni operativlik təmin olunmur, güclü, səmərəli siyasət aparmaq mümkün olmur. Ona görə də seçim qarşısında qalan bir sıra Avropa dövlətləri vahid valyuta yaratdılar. Avro isə elə bir maliyyə vahididir ki, onun məzənnəsini mərkəzi bank və dövlətlər müəyyənləşdirir. İngiltərə bu avro ittifaqına qatılmadı və başqa bir çox məsələlərə, o cümlədən vahid konstitusiya məsələsinə fərqli münasibət göstərdi. Yəni, İngiltərə gördü ki, o, qitə birliyinin üzvü olmaq istəmir, ona görə referendum keçirdi, demokratik şəkildə birlikdən çıxdı”.
Politoloqun fikrincə, İngiltərə indi əlahiddə bir siyasət yürüdür: “Təbii ki, onun, əvvəlki kimi, Birləşmiş Ştatlarla çox sıx müttəffiqlik əlaqələri olacaq, Avropa Birliyi ilə də yaxın əlaqələrini saxlayacaq, amma artıq onun qərarları London üçün icbari olmayacaq. İndi London tam müstəqil iqtisadi-siyasi kurs götürüb. Britaniyanın Kommonvels təşkilatı çərçivəsində yaxın çevrəsi var, həmçinin, bütün dunyada bir çox dövlətlərlə olduqca sıx əlaqələri var, o cümlədən Türkiyə ilə, Azərbaycan ilə münasibətləri yaxşıdır. Britaniya şirkətləri bütün dünyada işləyir, Sinqapur, Honkonq, Malayziya və Hindistanda, Afrika qitəsində İngiltərənin güclü mövqələri var. İngiltərə ərazi və əhali baxımından nəhəng deyil, amma onun möhtəşəm tarixi keçmişi, yüksək elmi, texnologiyası, intellektual imkanları, keyfiyyətli təhsili, səhiyyəsi, güclü kəşfiyyat və ordusu var. Yəni, bu qətiyyən Avropadan necəsə asılı olan dövlət deyil, Avropayla bərabər səviyyədə rəqabət apara bilən bir dövlətdir”.

Zərdüşt Əlizadə Ukraynada müharibə təhlükəsinin artdığı bu günlərdə Mİ-6 əməkdaşlarının sözügedən qaynar nöqtədə olduqları, britaniyalı hərbi müşahidəçi və mütəxəssislərin əməliyyat şəraitini öyrəndikləri və Ukranya hərbçilərinin döyüş hazırlığını yoxladıqları barədə mətbu məlumatlara da münasibət bildirdi:
“İngiltərə sabiq imperiyadır. Onun köhnə əməlləri qalıb, ənənəvi təsir dairələri qalıb. Məsələn, Liviyada müharibə olanda Britaniya xüsusi əməliyyatlar keçirdi, Suriyada da müəyyən fəallığı oldu. Son Qarabağ müharibəsi zamanı Britaniya gözəçarpan və vacib rol oynadı. Müharibənin ilkin mərhələsində Fransa, Amerika bizə qarşı qətnamə lahiyəsi təqdim elədi, Britaniya isə onun qarşısını aldı. Düzgün olaraq vəziyyətin kimin xeyrinə inkişaf edəcəyini gözlədi və bu da Azərbaycanın işinə yaradı. İndi də Ukrayna. Ukrayna xalqı ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Rusiyanın dəstəklədiyi separatçıları kənarlaşdırmaq istəyir. Rusiya burda şivən qoparır. Beynəlxalq hüquq baxımından Ukrayna haqlıdır. O, birinci müharibəni uduzdu, indi isə çalışır öz ərazilərini, əvvəla, dinc yolla geri alsın, ikincisi, bu alınmasa, Rusiya buna razı olmasa, münaqişəni hərbi yolla həll eləsin. Ukrayna hökuməti döyüş qabiliyyətli ordu hazırlayır, silahlanır, təlim keçir, müəyyən əməliyyat planları hazırlayır. Zəngin təcrübəsi olan Britaniya hərbçiləri, ola bilər ki, qarşılıqlı razılaşma əsasında gəlib Ukrayna ordusunun hazırlığını yoxlayır, bu da adi bir şeydir”.
Zərdüşt Əlizadə hesab eləmir ki, Birləşmiş Krallığın dünya miqyasında hərbi-siyasi və diplomatik fəallığını artırması onun Avropa Birliyindən çıxması ilə bağlıdır: “Britaniya Avropa Birliyinin üzvü olanda Avropa Birliyinin üzvləri ilə birlikdə Liviyada fəallıq göstərirdi; yerli hökumətə sadiq qüvvələri o da, Fransa da, İtaliya da bombalayırdı; Amerika sursat verirdi və Britaniyanın xüsusi təyinatlıları əməliyyat aparırdı. İngiltərə hər zaman qaynar nöqtələrdə işləyib, qaynar olmayan nöqtələrdə münaqişələrin yaradılmasında, onların idarə olunmasında fəal olub, silah satıb, digər siyasi dividendlər qazanıb. İmperiyaların siyasəti həmişə bu olub, ağılsız, səfeh xalqlar da, bəzi böyük dövlətlər də bu cür siyasətin qurbanı olublar. Məsələn, bizim region xalqlarını bir-birinə düşmən ediblər. Olmazmı ki, dinc oturaq, birgə işləyək, çörək kəsək, şənlik eləyək, dost olaq, qonşuluq edək?! Bunun əvəzinə bir-birimizi söyürük, didirik. Buna da təhrik edən böyük dövlətlər, imperiyalar olur. Binayi-qədimdən belədir: parçalayıb hökm sürürlər. Bizim bölgədə rus imperializmi var idi, amma digərləri də – Amerika, Fransa imperializmləri kənarda durmamışdılar və mütəmadi olaraq yanan tonqala ele hey yanacaq tökürdülər. Xatırlatmaq istəyirəm ki, bizim əhalinin mütləq hissəsini ermənilər öz yurdundan-yuvasından qovanda ABŞ konqresi 907 nömrəli düzəliş qəbul elədi, bizə qarşı sanksiyalar qoydu. Ondan qabaq, 1989-cu ildə ilk erməni hücümları olanda və 200 min azərbaycanlı Ermənistandan qovulanda on yeddi amerikan konqresmen sovet liderinə müraciət eləmişdi ki, sən erməni xalqını azərbaycanlılardan qorumalısan. Qovulan biz, amma onlar deyirdilər ki, amandır, erməniləri incitməyə qoymayın...
İndinin özündə, çox sükür ki, müharibədə qalib gəlmişik, yoxsa bizim beynəlxalq hüquqlarımızı heç kim tanımaq istəmirdi. Biz öz gücümüzlə, öz ağlımızla torpaqlarımızı qaytardıq. Eşq olsun əsgərlərimizə! Bu məsələdə Britaniya Azərbaycanın tərəfində oldu bu dəfə, amma ikinci dəfə, ola bilsin ki, olmasın. Vəziyyət dəyişər, başqa qərar verərlər. Onda Amerikanın başı qarışmışdı seçkiyə, pandemiyaya, heç kəs heç kəsi axtarmırdı. Britaniya müstəqil qərar qəbul elədi və Azərbaycanı müdafiə elədi. Bu o demək deyil ki, biz buna güvənib öz imkanlarımızdan kənara çıxmalıyıq. Öz imkanımız çərçivəsində hərəkət etməliyik və əldə olan imkanlardan yararlanıb müşküllərimizi həll etməliyik. Nə İngiltərə, nə Türkiyə, nə Avropa, nə də Amerikaya güvənib hərəkət eləməməliyik. Öz iqtisadi, siyasi, hərbi düşüncəmiz, sözümüz, əməlimiz olmalıdır”.
Bəhruz Salmanov
Bakivaxti.az
Bakı 




