Asif BƏKİRLİ
Əməkdar mühəndis, İnsan kapitalı üzrə ekspert, peşəkar kouç
Bu gün sürətlə inkişaf edən cəmiyyətlərin təcrübəsi aydın şəkildə göstərir ki, istənilən sistemin dayanıqlı irəliləyişini təmin edən ən dəyərli sərvət insandır. İnsan kapitalı artıq yalnız işçi qüvvəsi anlayışı ilə məhdudlaşmır - o, bu günün və gələcəyin əsas formalaşdırıcı gücünə çevrilib.
Müasir dünyada inkişaf anlayışı təkcə iqtisadi göstəricilərlə ölçülmür. Artıq davamlılıq, çeviklik və dəyişən gələcəyə hazır olmaq qabiliyyəti əsas meyar kimi ön plana çıxır. Bu kontekstdə əsas məsələ malik olduğumuz resursları necə idarə etməyimiz və onları uzunmüddətli dəyərə necə çevirməyimizmizdir. Texnologiya, infrastruktur və maliyyə alətləri nə qədər inkişaf etsə də, onları real strateji üstünlüyə çevirən əsas amil insan faktorudur. Məhz buna görə insan kapitalına yanaşma operativ idarəetmə məsələsi deyil, gələcəyi müəyyən edən strateji seçim kimi qiymətləndirilməlidir.
Tarixin müxtəlif mərhələlərində ölkələrin iqtisadi gücü fərqli göstəricilərlə ölçülüb. Bir dövrdə torpaq ehtiyatları, təbii sərvətlər və coğrafi mövqe əsas üstünlük hesab edilirdisə, XXI əsrin reallıqları göstərir ki, dayanıqlı inkişafın əsasını insan kapitalı təşkil edir. İnsan kapitalı dedikdə yalnız əmək qabiliyyətli əhalinin sayı deyil, eyni zamanda qurumların rəhbər və işçi heyətinin bilik səviyyəsi, peşəkarlığı, sağlamlığı, düşüncə tərzi və məsuliyyət anlayışı nəzərdə tutulur. Bu resursları məqsədyönlü şəkildə inkişaf etdirən rəhbərlər həm məhsuldarlığı artırır, həm də təşkilatın uzunmüddətli rəqabət qabiliyyətini təmin edirlər.
Texnologiyanın sürətli inkişafı bəzi rəhbərlərdə insan faktorunu ikinci plana keçirmək riski yaradır. Lakin praktika sübut edir ki, texnologiyanı səmərəli və məqsədyönlü şəkildə istifadə edə bilən, strateji düşüncəyə malik insanlar təşkilatlar üçün əvəzsiz üstünlükdür. Rəhbərlər üçün əsas sual işçilərin sayı deyil, onların bilik və bacarıqlarını gələcək dəyərə necə çevirmək bacarığıdır. Müasir menecerlər texnologiyanı yalnız avtomatlaşdırma aləti kimi deyil, innovasiyanın sürətləndiricisi kimi dəyərləndirməli, əsas gücün isə insanın yaradıcılıq və analitik düşüncəsindən gəldiyini unutmamalıdırlar.
Müasir əmək bazarında insan kapitalının dəyəri artıq yalnız diplomlarla və formal ixtisaslarla ölçülmür. Tənqidi düşüncə, analitik yanaşma və öyrənməyə açıq olmaq əsas fərqləndirici keyfiyyətlərə çevrilib. Tənqidi düşüncə sadəcə tənqid etməklə bitmir, informasiyanı təhlil etmək, səbəb-nəticə əlaqələrini düzgün qurmaq, alternativləri müqayisə etmək və qərarların uzunmüddətli təsirini öncədən qiymətləndirmək bacarığıdır. Bu yanaşma rəhbərlərə strateji və taktiki qərarları yalnız cari ehtiyaclara əsaslanaraq deyil, uzunmüddətli dəyər yaratmaq prizmasından qəbul etməyə imkan verir.
Bu baxımdan rəhbərlərin əsas prioritetlərindən biri işçilərin bilik və bacarıqlarının davamlı inkişafıdır. Təhsil və peşə hazırlığı müəssisələrin real ehtiyaclarına uyğunlaşdırılmalı, yeni bacarıqların əldə edilməsi üçün sistemli və dəstəkləyici mühit formalaşdırılmalıdır. Öyrənməyə açıq və məsuliyyət daşıyan komanda təkcə əməliyyat səmərəliliyini artırmır, eyni zamanda yeni məhsul və xidmətlərin yaradılması üçün zəmin yaradır. Təcrübə göstərir ki, bu istiqamətdə sərmayə qoyan rəhbərlər həm işçi motivasiyasını yüksəldir, həm də təşkilatın maliyyə nəticələrini gücləndirirlər.
Sağlam iş mühiti və psixoloji rahatlıq insan kapitalına yönələn investisiyanın digər mühüm istiqamətidir. Təhlükəsiz və komfortlu şəraitdə çalışan işçilər daha təşəbbüskar olur, yaradıcılıq potensialını daha rahat ortaya qoyur və nəticədə məhsuldarlıq artır. İş mühitinə yönələn investisiyalar qısa müddətdə görünməsə də, uzunmüddətli perspektivdə dayanıqlı gəlirlilik təmin edir. Bu yanaşmanın hüquqi əsası da mövcuddur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, o cümlədən digər əlaqəli rəhbəredici hüquqi normativ sənədlər işçilərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsini işəgötürənin birbaşa öhdəliyi kimi müəyyən edir. Bu sahəyə sərmayə qoymaq təkcə qanuni tələb deyil, eyni zamanda strateji biznes qərarıdır.
Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyalarında insan kapitalının inkişafı xüsusi prioritet kimi müəyyən edilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və bilik iqtisadiyyatının formalaşdırılması əsas hədəflər sırasındadır. Bu yanaşma onu göstərir ki, həm dövlət, həm də uzaqgörən rəhbərlər uzunmüddətli dəyər yaratmaq üçün insan kapitalına sərmayəni əsas prioritet hesab etməlidirlər.
Rəhbərlik səviyyəsində insan kapitalına yanaşma sistemli və düşünülmüş olmalıdır. Strateji və taktiki vəzifələrə sağlam düşüncəli, məsuliyyətli və yaradıcı insanların seçilməsi ümumi iş mühitinə birbaşa müsbət təsir göstərir. Düzgün formalaşdırılmış komanda sağlam korporativ mədəniyyət yaradır. Belə mühitdə əməkdaşlar yalnız tapşırıqları icra etmir, eyni zamanda təşəbbüs göstərir və təşkilat üçün əlavə dəyər formalaşdırırlar.
Mütəxəssislər üçün əsas çağırış biliklərin davamlı yenilənməsidir. Artıq yalnız bir sahədə dərin bilik kifayət etmir. Müasir mütəxəssis fərqli məlumatları əlaqələndirə bilən, problemlərə kompleks yanaşan və dəyişən tələblərə çevik uyğunlaşan şəxsdir. Bu baxımdan təhsil ilə istehsalat arasında uyğunluğun təmin edilməsi insan kapitalının səmərəli formalaşmasının əsas şərtlərindən biridir. Təhsil real əmək bazarının ehtiyaclarından uzaq olduqda potensial tam reallaşa bilmir.
Sıravi işçilər üçün də tələblər əhəmiyyətli dərəcədə dəyişib. Bu gün intizam və məsuliyyətlə yanaşı, görülən işin mahiyyətini anlamaq, nəticəyə təsirini dərk etmək və öyrənməyə açıq olmaq vacib keyfiyyətlər hesab olunur. İnsan özünü dəyərli və güvənli hiss etdiyi mühitdə daha məhsuldar olur və təşəbbüs göstərməyə meyilli davranır.
Nəticə etibarilə, insan kapitalına yatırım qısamüddətli iqtisadi addım deyil, gələcəyə hesablanmış strateji seçimdir. Təhsilə, bacarıqların inkişafına və sağlam iş mühitinə sistemli şəkildə fokuslanan rəhbərlər uzunmüddətli rəqabət üstünlüyü qazanır, məhsuldarlığı artırır və innovativ inkişafın önündə dayanırlar. Gələcəyin uğurlu təşkilatları məhz bu prinsipləri rəhbərlik səviyyəsində ardıcıl şəkildə tətbiq edən qurumlar olacaq ki, bunu da təmin edə biləcək əsas amil lider rəhbərlərdir.
Bakı 




