Ötən gün Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədovanın intihara cəhd edib.
Şəhid anası Vüsalə Məmmədova Bakıvaxtı.az-a bildirib ki, onun dövlət qurumlarından iki istəyi var.
“Mən anamı qəyyum kimi üstümə yazdırmaq və ticarətlə məşğul olmaq üçün balaca yer istəyirəm. Ağır xəstə olan anama baxmaq üçün orda işləmək istəyirəm. Himayəmə övlad götürmək istəyirəm. Ona baxmayaq üçün də gərək imkanım olsun”, -deyə V.Məmmədova bildirib.
Şəhid anası deyib ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onu xəstəxanada ziyarət edib: “Mən iki istəyimi ona dedim. İcra başçısı da bildirdi ki, sağalandan sonra bu barədə danışarıq. Hazırda xəstəxanada reanimasiya şöbəsindəyəm”.
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən Bakıvaxtı.az-a bildirilib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Məmmədova Vüsalə Gülbala qızının intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib, onun vəziyyəti ilə maraqlanıbr. V.Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib”.
İcra hakimiyyətindən bildirilib ki, V.Məmmədovanın səhhəti yaxşılaşdıqdan sonra onun qeyd etdiyi məsələlərə qanun çərçivəsində baxılacaqdır: “Əlavə olaraq bildiririk ki, Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilib, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb. V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kiyarəsinin ödənilməsi üçün maddi yardım göstərilib, ərzaq yardımı edilmiş, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilib. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilib”.
Ramid İbrahimov
















