• Bakı 13° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

İslamabad platforması nəticə verəcək? - Reallıqlar bunu göstərir ki...

SİYASƏT

10 Aprel 2026 | 16:43

İslamabad platforması nəticə verəcək? - Reallıqlar bunu göstərir ki...

İslamabad platformasında keçirilən danışıqlar regional təhlükəsizlik arxitekturasının formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Gərginlik risklərinin artdığı bir dövrdə tərəflərin bir masa ətrafında toplaşması həm siyasi dialoqun bərpası, həm də qarşılıqlı etimadın gücləndirilməsi üçün mühüm fürsət hesab olunur.

Bu danışıqların nəticələri təkcə iştirakçı ölkələrin maraqları ilə məhdudlaşmır – proses ümumilikdə Yaxın Şərqdə güc balansına, iqtisadi əməkdaşlığa, humanitar vəziyyətə və beynəlxalq aktorların regiondakı roluna təsir edə bilər.

Həmçinin əldə olunacaq razılaşmaların səviyyəsindən asılı olaraq, gələcəkdə daha geniş formatlı regional platformaların yaranmasına, təhlükəsizlik mexanizmlərinin institusional əsaslar üzərində qurulmasına yol aça bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama  verən politoloq Elçin Xalidbəyli deyib ki, atəşkəs dövründə iki həftəlik müddət ərzində hər iki tərəf öz tələblərini və şərtlərini qarşı tərəfə qəbul etdirməyə çalışacaq: 

"Hər iki ölkənin olduqca ciddi və strateji tələbləri mövcuddur. Amerika Birləşmiş Ştatları İranın uranı zənginləşdirmə və ümumilikdə nüvə proqramını dayandırmasını tələb edir. Bununla yanaşı, Hörmüz boğazının sərbəst və təhlükəsiz şəkildə fəaliyyətinin təmin olunmasında israrlıdır. Ümumilikdə ABŞ-ın təxminən 15 maddədən ibarət tələblər paketi mövcuddur".

Elçin Xalidbəyli: Tehran uranı zənginləşdirmək hüququna sahib olduğunu bildirir

Onun sözlərinə görə, İran tərəfi də öz şərtlərini artıq ABŞ-yə təqdim edib:

"Rəsmi Tehranın açıqlamalarına görə, 10 maddəlik bu tələblər qəbul olunacağı təqdirdə sülh anlaşması mümkün ola bilər. Lakin İranın şərtləri arasında Hörmüz boğazı üzərində nəzarət hüququnun tanınması kimi olduqca həssas və strateji əhəmiyyətli tələb də yer alır. Bundan başqa, Tehran uranı zənginləşdirmək hüququna sahib olduğunu bildirir və ABŞ-ın bu məsələ ilə bağlı geri çəkilməsini tələb edir".

Həmsöhbətimiz vurğulayıb ki, tərəflər biri 15, digəri isə 10 maddədən ibarət tələblər paketini uzlaşdırmaq üçün danışıqlar aparırlar. Lakin məsələ son dərəcə mürəkkəbdir və mövcud reallıqlar fonunda atəşkəs üçün nəzərdə tutulan 14 gün ərzində ABŞ və İran arasında razılaşma əldə olunacağı hələ ki, inandırıcı görünmür: 

"ABŞ-nin İranla qarşıdurmaya başlamasının əsas səbəbi Tehranın nüvə proqramını ləğv etməkdən imtina etməsi idi. Hazırda da İran nüvə fəaliyyətlərini davam etdirmək niyyətində olduğunu bəyan edir, ABŞ isə bunun tamamilə dayandırılmasında israr edir. Bu və digər ciddi ziddiyyətlər iki ölkənin şərtlərini bir-biri ilə toqquşdurur".

Sonda  E.Xalidbəyli söyləyib ki, bütün bu amillər nəzərə alındıqda, tərəflər arasında İslamabadda razılaşma əldə olunması ehtimalı yüksək görünmür. Əgər iki həftə ərzində anlaşma mümkün olmazsa, Yaxın Şərqdəki münaqişə ya yenidən alovlana, ya da uzun müddətlik dondurulmuş vəziyyətə gətirilə bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR