• Bakı C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

İzmir Xocalı dedi - FOTOLAR 

CƏMİYYƏT

26 Fevral 2026 | 22:14

İzmir Xocalı dedi - FOTOLAR 

Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 34-cü ildönümü genişmiqyaslı anım tədbirləri ilə qeyd edilib. Bu il də İzmir bir daha Xocalı dedi, Xocalını xatırladı, Xocalını yaşadı.

Karabağlarda sənətin dili ilə Xocalı

Bakıvaxtı.az xəbər verir ki, Karabağlar Bələdiyyəsi və Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasınin əməkdaşlığı ilə təşkil olunan mərasim çərçivəsində “Mən Xocalıyam” adlı tamaşa nümayiş etdirilib. Tamaşa Roza İbadova Kocamazın rejissorluğu ilə ərsəyə gəlib.

Xüsusilə vurğulamaq lazımdır ki, bu tamaşa İzmir tarixində ilk dəfə olaraq küçədə – birbaşa xalq üçün səhnələşdirilən Xocalı tamaşası oldu. Qapalı salonlarda deyil, səmanın altında, insanların arasındakı səhnədə Xocalı həqiqətləri səsləndi. Bu, həm simvolik, həm də tarixi bir addım idi.

Tamaşada Türkiyədə təhsil alan azərbaycanlı tələbələr rol alıblar. Gənclərin duyğu dolu, səmimi və təsirli oyunu izləyənləri kövrəldib. Onlar sadəcə rol oynamayıblar – Xocalının ağrısını yaşayıblar və yaşadıblar. Sənətin dili ilə deyilən həqiqət bəzən siyasi tribunadan deyiləndən daha təsirli olur. “Mən Xocalıyam” məhz bunu bacardı.

Tədbirdə Federasiyanın rəhbəri İsa Ambarcı, Karabağlar Bələdiyyəsinin sədri Helil Kınay və Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl çıxış edərək Xocalıda baş verən insanlıqdan kənar qətliam haqqında danışıblar. Çıxışlarda ortaq məqam bir idi: bu faciə təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin yarasıdır.

Mərasim iştirakçıları park ərazisində Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Bornovada həmrəylik mesajı

Anım tədbirləri Bornova rayonunda da davam edib. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Bornova Bələdiyyəsi və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Dostluq Parkı”nda anım mərasimi keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl, Bornova Bələdiyyəsinin sədri Ömer Eski və dərnəyin rəhbəri Eşref Tuna çıxış edərə Xocalı həqiqətlərindən bəhs edərək bu faciənin hələ də bir çox ölkələr tərəfindən tanınmamasını bəşəri ədalətsizlik kimi qiymətləndiriblər.

Roza İbadova Kocamaz həmin mərasimdə “Türkiyəm” şeirini səsləndirərək iştirakçıları bir daha duyğulandırıb. Bu, təkcə ədəbi çıxış deyil, həm də Türkiyə-Azərbaycan qardaşlığının mənəvi ifadəsi idi.

Ortaq dərd, ortaq yaddaş

İzmirin iki fərqli rayonunda, fərqli təşkilatçılar tərəfindən keçirilən tədbirlərin ortaq məğzi eyni idi: Xocalı unudulmur. Bələdiyyə başqanlarının və digər çıxışçıların ortaq dərdimizə həssas yanaşması, bu məsələnin siyasi sərhədləri aşdığını bir daha göstərdi.

Bu anım mərasimləri bir daha sübut etdi ki, Xocalı yalnız Azərbaycanın deyil, Türkiyənin də vicdan məsələsidir. 34 il keçsə də, Xocalının səsi susmur. İzmir bu səsi bu il küçələrə daşıdı – sənətlə, sözlə, ehtiramla.


SON XƏBƏRLƏR