• Bakı 18° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Konqresin təzyiq mexanizmi: Azərbaycana sanksiya tətbiq olunarsa, ölkəmiz yenə də...

SİYASƏT

25 Aprel 2024 | 11:17

Konqresin təzyiq mexanizmi: Azərbaycana sanksiya tətbiq olunarsa, ölkəmiz yenə də...

Amerikalı konqresmenlər bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim etməyi planlaşdırırlar.

Bakıvaxtı.az-ın məlumatına görə, layihə Azərbaycanda insan hüquqlarının pozulmasında fəal rol oynayan 40-dan çox məmura qarşı sanksiyaları nəzərdə tutur. Diqqət çəkən məqam isə siyahıda daha çox hərçilərinin adlarının yer almasıdır. Söhbət Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasındakı məmurlardan gedir. Məlumatda qeyd olunub ki, qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, həmçinin “Qlobal Maqnitski” Aktı  çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan Cənubi Qafqazda tarixi ədaləti bərpa etməyə davam etdikcə, beynəlxalq aləmdə ölkəmizə qarşı təzyiq vasitələri artır. Məlumdur ki, ABŞ Konqresi də erməni diaspor və lobbi təşkilatlarının təsiri altındadır. Bu, yeni məsələ deyil.

Onun sözlərinə görə, amerikalı konqresmenlər ölkəmizdə insan haqlarının pozulduğunu iddia edirlər. Əslində Azərbaycan müstəqillik qazandığı gündən indiyə kimi hər zaman ölkəmizə qarşı sözügedən mövqe sərgilənib. Bu, ABŞ və bir sıra Qərb dövlətlərinin təzyiq mexanizmidir:

"Həmin dövlətlər insan haqq və hüquqları adı altında ölkələrin daxili işlərinə qarışmağa çalışırlar. Hansı dövlət onların bu cür təsir və təzyiqlərinə sinə gəlirsə, bu halda sanksiya tətbiqi ilə növbəti mərhələyə keçirlər. Hazırda ölkəmizə qarşı da eyni təzyiq mexanizmi tətbiq olunur".

X.Bəşirov vurğulayıb ki, bu gün Azərbaycanda insanların hüquq və azadlıqlarının pozulmasından dəm vuran dövlətlər 30 il müddətində ərazilərimizin işğal altında qalmasına, 1 milyona yaxın vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, həmin insanların bütün təməl hüquqlarının pozulmasına göz yumub.

Xəyal Bəşirov: Bu, insan haqları adı altında ölkələrin daxili işlərinə qarışmaqdır

"Qeyd olunan faktlarla bağlı ABŞ, Fransa, Qərb dövlətləri və institutları Ermənistan dövlətinə və rəhbərliyinə hansısa sanksiya tətbiq etməyib. Əksinə ermənilərə qucaq acıb və onlarla əməkdaşlıq ediblər. Azərbaycana qarşı münasibətdə ədalətli və haqlı yanaşma varsa, bu halda  hüququ pozulan 1 milyona yaxın vətəndaşlarımızı hüquqları qorunmalıdır. Təəssüf ki, bu gün hələ də yüzminlərlə vətəndaşımızın hüququ pozulur", -  deyə SHAM sədri vurğulayıb.

Müsahibimiz bildirib ki, nəzərdə tutulan sanksiya Azərbaycanla hədə-qorxu dilində danışmaqdan başqa bir şey deyil. Bütün hallarda Azərbaycana sanksiya tətbiq olunarsa, yenə də ölkəmiz qətiyyətli və prinsipial mövqeyindən geri çəkilməyəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 May 2024