• Bakı 18° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bakıda söküntü bumu:  Paytaxt ciddi problemlərlə üzləşə bilər

CƏMİYYƏT

16 Noyabr 2022 | 16:22

Bakıda söküntü bumu: Paytaxt ciddi problemlərlə üzləşə bilər

Son illər paytaxtın hər yerində köhnə binaları yeniləri əvəz edir. Bir sözlə, Bakıda kütləvi şəkildə söküntü işləri gedir. Bakının baş planının hələ hazır olmadığını nəzərə alsaq, bu işlər gələcəkdə hansı problemlərə yol açacaq?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, paytaxtda yeni binaların tikintisinə, təxminən, 2000-ci illərdə start verilib: “Bu illərə qədər, təxminən, 22 il ərzində 2 minə yaxın çoxmənzilli yaşayış binası tikilib vətəndaşlara təhvil verilib. Təbii ki, yeni binaların tikilməsi insanların ev problemini aradan qaldırır, şəhərin ümumi xarici görünüşünə bir gözəllik verir. Amma Bakı şəhərinə ümumən baxsaq, yeni tikili binaların böyük əksəriyyəti pərakəndə və plansız şəkildədir”.

Ekspert hesab edir ki, paytaxtda yaşanan tıxacların səbəbi pərakəndə şəkildə tikilmiş çoxmənzilli yaşayış binalarıdır. Onun sözlərinə görə, köhnə yaşayış massivləri, yəni beşmərtəbəli binaların həyətlərində artıq yeni binalar tikiblər: “Halbuki o həyətlər sakinlərin istirahəti üçün nəzərdə tutulub. Burda əsas problem ondan ibarətdir ki, bu gün binalar tikilir, insanların sayı artır, amma orta məktəblərin sayı artmır”.

E.Fərzəliyev qeyd edib ki, bir orta məktəbin salınmasına, təxminən, bir hektar, hektar yarım torpaq sahəsi tələb olunur: “Bu gün artıq paytaxtın mərkəz də daxil olmaqla ərazilərində o qədər sıx binalar tikilib ki, həmin bir hektar torpaq sahə yox dərəcəsindədir. Məcbur hansısa ərazilər sökülməli, yerində orta məktəblər tikilməlidir. Tikilən hər bir bina üçün həyətyanı sahələr ayrılmalı, binaların sayı artdıqca avtomobil yolları çəkilməlidir. Biz bunu artıq ara küçələrdə görə bilmirik”.

Bu gün Bakı şəhərində minlərlə istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binalarının olduğuna diqqət çəkən müsahibimizin dediyinə görə, yüzdən artıq bina qəzalı kimi qeydə alınıb ki, bu binalar ən qısa müddətdə sökülməlidir: “Başqa bir tərəfdən, şəhərin mərkəzində olan bir çox fərdi həyət evlərindən ibarət yaşayış massivləri var ki, onların sökülməsi təqdirəlayiqdir. Çünki orada artıq bütün normativlər pozulub. Hansısa bir yanğın və yaxud təbii fəlakət baş verərsə, həcmi daha böyük ola bilər. Həmçinin, şəhərin də xarici görünüşünə xələl gətirən bir görüntüdür”.

Yasamal və Alatava ərazilərinin sökülməsi ilə bağlı da xəbərlər yayıldığını deyən ekspertə görə, bu gözəldir ki, insanlar artıq o ərazilərdən qurtulacaqlar. Ancaq o ərazilərdə yaşayanlara hansı şəkildə konpensasiya veriləcəyi bəlli deyil.

“Amma burda əsas problem odur ki, Bakının baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. Bütün tikilən binalar, binalararası məsafələr, orta məktəblər, xəstəxana və poliklinikalar, yol kənarındakı səkilər, onların enləri, hətta avtobus dayanacaqları belə 1986-cı ildəki insanların sayına uyğun hesablanıb, salınıb. Amma Bakının əhalisi 1986-cı ildən bu yana 3 dəfəyə qədər artıb, şəhər daha çox içindən tikilib, zatən normativlər pozulub. Digər tərəfdən, Bakının baş planı hazırlanır. Bu da, təxminən, 2040-ci ilə nəzərdə tutulur. Mən onunla razı deyiləm. 2040-cı ilə hələ 18 il var. 18 il ərzində sökülməli binalar sökülüb tikiləcək. Əgər bu bu binalar yeni baş plana uyğun olmasa məcbur sökülməlidir. Yenidən bir tikinti bumu yaranacaq və büdcəyə çox böyük zərər dəymiş olacaq”.

Həmsöhbətimiz hesab edir ki, bu gün ən azından həmin sökülməli olan ərazilərin baş planı hazır olmalıdır ki, o ərazilərdəki bütün tikililər gələcəkdəki baş plana uyğun aparılsın: “İndi tikilən binalar, məktəblər, avtomobil yolları baş plana uyğun aparılmasa, yenə hansı tikinti şirkəti hardan istəsə söküb tikərsə, təbii ki, paytaxt ərazisi daha bərbad günə gəlib çıxar”.

Elnur Fərzəliyevə görə, bu söküntülər zamanı planlama olarsa, gələcəkdə problem yaşanmaz: “Amma əvvəlki kimi pərakəndə şəkildə iş görülərsə, növbəti ciddi problemlərlə üzləşə bilərik”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR