“Telefon qarşısında başın uzun müddət əyilməsi boyun əzələlərinə ciddi yük yaradır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, uşaqların uzun müddət telefon, planşet və kompüterdən istifadə etməsi dayaq-hərəkət sistemi üçün mənfi nəticələr yarada bilər. Onun sözlərinə görə, xüsusilə telefondan istifadə zamanı başın önə əyilməsi boyun nahiyəsinə düşən yükü əhəmiyyətli dərəcədə artırır.
İ.Şıxbabayev qeyd edib ki, uşaq telefon və ya planşetə baxarkən başını 3-5 dərəcə belə önə əyərsə, boyun nahiyəsinə düşən yük 25-30 kiloqrama qədər arta bilər:
"Buna görə telefon göz səviyyəsində saxlanılmalıdır”.
Travmatoloq-ortoped uzun müddət fasiləsiz ekran qarşısında qalmağın da düzgün olmadığını vurğulayıb. O bildirib ki, təxminən 30 dəqiqə-1 saatdan artıq eyni vəziyyətdə qalmaq əzələ gərginliyinə səbəb ola bilər.
Onun sözlərinə görə, başın uzun müddət eyni vəziyyətdə saxlanılması boyun əzələlərində spazmlara və xroniki baş ağrılarına gətirib çıxara bilər.
Zeynəb Rzayeva
















