• Bakı C

    11.51 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

"Legioner limitinin ləğvi futbolumuza zərbə vuracaq" - Tərlan Əhmədov

İDMAN

08 Fevral 2025 | 17:55

Legioner limitinin ləğvi futbolumuza zərbə vuracaq - Tərlan Əhmədov

 2025/2026 mövsümündən futbol üzrə Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq olunmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer ala bilər. Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bu qərarı futbol ictimaiyyətində birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Modern.az-a danışan keçmiş futbolçu və baş məşqçi Tərlan Əhmədov bildirib ki, Premyer Liqada legioner limitinin ləğv edilməsinin Azərbaycan futboluna heç xeyri olmayacaq:

“Bizdə akademiyalarda düzgün işlər aparılmır, inkişaf yox səviyyədədir, məşq ediləcək baza və stadionlar yoxdur. Akademiyalar harada gəldi məşq keçir. Mən illərdir deyirəm ki, futbol akademiyalarına nəzarət edilməlidir ki, normal futbolçular yetişsin. Ondan sonra bizim komandalar da normal nəticə əldə edə bilər. Avropa Çempionatında finala çıxarıq demirəm, amma qrup mərhələlərində sonuncu yerdə olmarıq.

Biz legioner limitini ləğv edirik, bəs yerli futbolçuların aqibəti necə olacaq?! İllərdir oyunlara əcnəbi futbolçular dəvət olunur, millimiz D liqasına düşür. İndi də ölkədə yerli futbolçu olmayacaqsa, əcnəbilərlə də sonuncu liqaya düşürüksə, biz bu şəkildə hara gedəcəyik?! Bizim yığmamızın aqibəti necə olacaq?! Nə olursa olsun, limit 7-4 saxlanılmalıdır ki, Azərbaycan futbolçularının da şansı olsun. Eyni zamanda klubların qarşısında şərt qoyulmalıdır ki, yerli akademiyalarda yetişən 23 yaşa qədər futbolçuları başqa klub götürdükdə kompensasiya ödənilsin. Futbolçuların yaşına görə bonuslar olmalıdır. Futbolçu 21 yaşa qədər milli komandaya düşürsə, yaxud 23 yaşdan sonra yığmaya götürülürsə, məşqçisinə və akademiyasına bonuslar verilməlidir ki, onlar da yerli futbolçu hazırlamaqda maraqlı olsunlar. Futbol akademiyalarına nəzarət edən mərkəzin yaradılması vacibdir. Mən illərdir deyirəm ki, AFFA, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi arasında bir mərkəz yaradılmalıdır. Orada savadlı mütəxəssislər olmalı, akadmeiyaların fəaliyyətinə, çempionatın keçirilməsinə, oyunçuların inkişafına, məşq prosesinə nəzarət edilməlidir”.
 

Müsahibimiz qeyd edib ki, legioner limiti bərpa edilməlidir:
 

“Bu mənim subyektiv fikrimdir, biz bunu daha əvvəl də görmüşük. 2008-2009-cu ildə legioner limiti ləğv olunmuşdu. O zaman 19-20 əcnəbi futbolçu gətirən var idi. Çoxları da heç meydançaya çıxmadı, kim olduqlarını bilmədik. Gəldilər, böyük vəsaitlər aldılar və getdilər. Nəticədə dəyən zərbə də bizim futbolumuza dəydi. Mütəxəssislər heç bir nəticə verə bilmədilər, getdilər. Necə ki, bu gün və bundan əvvəl yığmamıza dəvət olunan əcnəbilər heç nəyə nail ola bilmirlər, amma biz limiti ləğv edirik ki, hamısı əcnəbi olsun. Yerli futbolçular harada oynayacaq? Harada inkişaf edəcək? 19 yaşa qədər, 21 yaşa qədər olan yığmalarda kimlər oynayacaq? Əsas yığmaya kimlər dəvət olunacaq?
Ona görə də biz limitdə heç olmasa yerli futbolçuları da saxlamalıyıq. Bu gün milliləşdirilmiş futbolçularla D liqasına düşürüksə, olmayan futbolçularla aqibətimiz necə olacaq?”.

T.Əhmədovun sözlərinə görə, valideynlər akademiyalardakı oyunlara müdaxilə etməməlidir:

“Valideynlər məşqçilərin əvəzinə danışmamalı, oyunları onlar idarə etməməlidir. Onlar ümumiyyətlə akademiya oyunlarına yaxın buraxılmamalıdır. Çünki bərbad vəziyyət alınır, məşqçilər heç nə deyə bilmir. İllərlə demişəm ki, buna nəzarət olunmalıdır. Biz Gəncə, Tovuz, Şirvan, Zaqatala şəhərlərində futbol məktəblərimizi uzun müddət dayandırdıq. Lənkəranın, Qazaxın komandası yoxdur. Mən Şirvan yetirməsi olaraq Avropa çempionuyam. Ümumiyyətlə, furtbola aid olmayan yerlərdə təbliğata başladıq və heç bir nəticə əldə olunmadı. Futbol mərkəzi olan şəhərlərimizin hamısında bərpa işləri görülməlidir.  "Qarabağ", "Neftçi", "Zirə", "Sabah" kimi klubların şəhərlərində akademiyaları açılmalıdır”.


SON XƏBƏRLƏR