• Bakı 22° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Milli mənlik şüurunun inkişafı ənənəvilik çərçivəsində həyata keçirilir

LAYİHƏ

12 Avqust 2022 | 12:47

Milli mənlik şüurunun inkişafı ənənəvilik çərçivəsində həyata keçirilir

6.3.10 gənc nəslin milli şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır.

Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran böyük bir vəzifədir. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır.Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynlərin arzusudur.

Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni, həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin edir.

Vüqar İsgəndərov: Vətən müharibəsində Azərbaycan gənci necə vətənpərvər, torpağına bağlı olduğunu bir daha göstərdi

Deputat Vüqar İsgəndərov Bakıvaxtı.az-a bildirib ki, bir xalqın, millətin təşəkkül tapmasında onun gənclərinin necə tərbiyə aldığı, necə vətənpərvər olduğu, milli-mənəvi dəyərlərə necə bağlı olduğu çox böyük önəm kəsb edir: “Yəni, gənclər, yeniyetmələr xalqın, millətin, dövlətin gələcəyinin sütunlarıdır. Onlar bu gün necə yetişirlərsə, gələcəkdə bütün sahələrdə o dövləti eləcə də irəli aparan insanlardırlar. Ona görə də, onlarla işin görülməsi, onların bütün sahələrdə hərtərəfli inkişafı, əsasən də təhsili, mədəni dəyərləri qavraması, kökünə, soyuna bağlı olması, yeni bilik və informasiyanı qavrayaraq ölkənin inkişafında təbliğ olunması bu gənclərin bugünkü vəzifələrindən biridir”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin necə vətənpərvər, torpağına bağlı olduğunu bir daha dünyaya əyani şəkildə göstərdi: “Heç vaxt Qarabağı görməyən, onu yalnız televiziyadan, kitablardan görən, oxuyan gənclərimiz Ali Baş Komandanın əmri ilə şücaət göstərdilər. Onlar canları, qanları ilə bu torpağın hər qarışının müqəddəs olduğunu, onların həyatı bahasına başa gəlsə də torpaqdan vaz keçməyəcəklərini göstərdilər. Həqiqətən də, biz hər birimiz bununla qürur duyduq ki, belə gənclərimiz var. Təbii ki, bunların hər biri, onlarla işin görülməsi uzun müddət tələb edib”.

Deputat qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndə ilk yaratdığı nazirlik Gənclər və İdman Nazirliyi oldu: “Bu nə idi?! Bu, Azərbaycan gəncinə, sağlam olmasına böyük bir diqqətin təzahürü idi. Bununla da ümummilli lider göstərdi ki, o, Azərbaycan gəncinin vətənpərvər, qəhrəman, savadlı, ağıllı və dünyagörüşlü böyüməsi, inkişaf etməsi üçün addımlar atacaq. Belə də oldu. Həqiqətən də, Azərbaycan gənci ona göstərilən bu etimadı layiqincə doğrultmuş oldu. Cənab prezident İlham Əliyev də Azərbaycan gəncləri ilə bağlı bir çox dövlət proqramları, fərmanları və sərəncamlarının müəllifi oldu. Azərbaycan gəncləri üçün dövlət proqramı qəbul edildi, onların hərtərəfli inkişafında bu qanunlar müstəsna əhəmiyyətə nail oldu”.

Dünya dəyişir, hər şey çox sürətlə bir birini əvəz edir, yeni mədəniyyət sərhədlərdən aşır, yeni dəyərlər gəlir. Bu mənada bugünkü gənc üçün çətinliklər də var. Yeni daxil olmuş, müasir sayılan mədəni dəyərləri görür, götürür, amma öz milli dəyərlərini unutmadan onları daha da inkişaf etdirərək çağdaşlığı da özündə ehtiva etməlidir.

V.İsgəndərov vurğulayıb ki, bunlar bu dövr üçün çətin sayıla bilər, lakin Azərbaycan gənci onun da öhdəsindən gələ bildi: “Azərbaycan gənci müasir olsa da, savadlı, ağıllı formada inkişaf etdi, lakin onlarla birlikdə əsas dəyəri olan milli vətənpərvərlik ruhunun yüksək olduğunu göstərdi. Ailə tərbiyəsi, məktəb, universitet, mühit bu gənclərin yetişməsu üçün müstəsna rol oynayır. Bu gün Azərbaycanda bir yeniyetmənin, gəncin hərtərəfli yetişməsi üçün münbit şərait var. Dövlət onların təhsilinə dəstək verir, xarici təhsilləri olması üçün xüsusi proqram qəbul edir”.

Müsahibimiz bildirir ki, hər yerdə olduğu kimi, bizim də problemlərimiz var. Bu gün işsiz, hələ özünü təsdiq edə, tapa bilməyən gənclərimiz də var: “Bu, dünyada da belədir, lakin əsas odur ki, onların bu sahələrdə inkişaf etməsi üçün dövlət başçısının siyasi iradəsi var. Azərbaycan gənci vətənpərvərlik tərbiyəsini düzgün inkişaf etdirmək üçün, kökünə, dəyərlərinə bağlı olmalı, lakin müasirliyi, yeni işləri, innovasiyanı da almalı, gətirməli, burada tədbiq etməli, doğma Azərbaycanımızın hərtərəfli, çoxvektorlu inkişafı üçün öz səyini əsirgəməməlidir”.

Nizami Orucov:  Milli ruh tariximizi, ədəbiyyatımızı, ana dilimizi, ədiblərimizi öyrənməklə aşılana bilər

Psixoloq Nizami Orucov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hər millət ayaqda dura bilməsi və dünyada öz mövqeyini qoruya bilməsi üçün öz özünü qorumağı bacarmalıdır: “Bütün millətlərin ümumi dəyərləri olduğu kimi fərqləri də var. Biz azərbaycanlıların da özümüzə xas qonaqpərvərlik, abır-həya, böyük-kiçik hörməti, qadınlara, analara, bacılara verilən xüsusi dəyər, övladlara olan münasibət və s. bu kimi möhtəşəm xüsusiyyətlərimiz var. Sadalamaqla bitməz, sonsuza qədər möhtəşəm tərəflərimiz var. Bu tərəflər min illərlə nəsildən nəsilə, ailədən ailəyə ötürülərək bu günə gəlib çıxıb. Əslində, bir tərəfdən Azərbaycanda milli ruh yüksək səviyyədədir, çünki 44 günlük Vətən müharibəsi oldu, qəhrəman oğullarımız meydana çıxdı, Allah onların canını sağ eləsin, şəhid olanların ruhu şad olsun. Ancaq bir tərəfdən də bu gün sosial şəbəkə, ümumi qloballaşma zamanında, yəni, az qala bütün sərhədlərin yox olduğu, hər kəsin ümumiləşdiyi bir zamanda bir çox insan öz dəyərlərimizi, özümüzə xas olan gözəl xüsusiyyətlərimizi mənimsəyib yaşatmır. Onlar bu dəyərləri gələcək nəsilə ötürməyə bilər, bu da artıq təhlükəli tendensiyadır. Misal üçün, 30-50 il sonra azərbaycanlılar və Azərbaycan necə olacaq? Gələcəyə baxmaq lazımdır. Təbii ki, dəyərlərimiz deyəndə söhbət sağlam mentalitet, sağlam hisslər və sağlam dəyərlərdən gedir”.

Psixoloqun sözlərinə görə, milli ruh, təbii ki, tariximizi, ədəbiyyatımızı, ana dilimizi, böyük sərkərdələrimizi, məşhur yazıçılarımızı, ədiblərimizi öyrənməklə aşılana bilər: “Bunları öyrənsək, əlavə nəyəsə ehtiyac yoxdur. Səhvləri orda edirik ki, biz məhdiyyətlərlə milli xüsusiyyətlərimizin gözəl tərəflərini aşılamırıq. Tam əksinə nifrət oyadır, soyudur, insanları bundan qaçırırıq. Bu, sevgi, mərhəmət və şəvqətlə öyrənilib ötürülə bilər. Bu yolda ən böyük köməklik ondan ibarət ola bilər ki, birinci özümüzdən başlayaq. Hər birimiz gözəl nümunə olduqdan sonra gənclər də bizə baxıb o dəyərləri bizdən götürəcək”.

Sahib Altay: Sosial kimlik, milli şüur baxımından dünyada insanlar deyil, mədəniyyətlər çarpışır

Sosioloq Sahib Altay Bakıvaxtı.az-a bildirib ki, insan cəmiyyətdəki digər canlılardan fərqli olaraq bioloji olması ilə yanaşı, həm də sosialdır: “Bu baxımdan da, təbiətdəki digər canlılarda öz sosial kimliyini formalaşdırmaq, sosial fəaliyyət kimi bir anlayış yoxdur. Çünki onlarda bütün məqsədlər yalnız bioloji populyasiyanın yeni orqanizmdə kopyalanıb həyatda qalması, mühavizə olunmasına xidmət edir. İnsan isə belə deyil, təbiətdəki digər canlılardan fərqli olaraq insanda formal şüur var. Bunların nəticəsində də insan mədəniyyət yaradıb. İnsanın bütün yaradıcılıq göstəriciləri elm, din, milli kimlik, etnik kimlik və s. və ilaxır bunlar hamısı insanın sosial kimliyini və sosial varlığını, ümumiləşdirsək, mədəniyyəti əks etdirir. Digər canlılardan fərqli olaraq, insanın təkcə bioloji olaraq həyatda qalması yox, mədəniyyətinin də həyatda qalması vacibdir. Bir fərdin şəxsi kimliyindən (ailədən aldığı tərbiyə, mehitdən aldığı və mühitə verdiyi təsir, təhsil, bacarıq, peşəsi və s.) çox şey asılıdır”.

Sosioloq qeyd edib ki, bioloji təkamül prosesi ilə sosial təkamül prosesi eyni cür işləyir: “Yəni, insan birinci sürü, sonra tayfa halında yaşayırdı. Daha sonra isə milli kimlik, sosial kimlik məsələsi ortaya çıxdı. Belə-belə insanın o kənddə əkinçiliklə yaratdığı kültürdən indiki mədəniyyətə gəlib çıxdıq. Milli şüuru formalaşdıran ideoloji amil milliyyətçilikdir. İnsanın mədəniyyət tarixi iki milliyyətçilik formulu ortaya qoyub: etnik milliyyətçilik və sosial milliyyətçilik, etnik kimlik, milli kimlik. Etnik kimlik insanın yaratdığı mədəniyyətlə yanaşı, həm də malik olduğu milləti bildirirdi. Yəni, bir millət bir ərazidə kompakt yaşayaraq yalnız özləri ilə qohum olaraq, eyni genlərin qorunmasına xidmət edir. Bu da etnik kimlikdir. İndiki inkişaf tendensiyasına görə, etnik kimlik və etnik milliyyətçilik amili tarixin arxivinə yazılıb. Səbəb odur ki, artıq elmdə gen mühəndisliyi deyilən bir qol var. Gen mühəndisliyi ilə bu gün dünyadakı bütün millətlərin gen xəritələrini çıxarsaq, etnik kimlik məsələsi orda öz təsirini itirir. O qədər qarışıqlıq var ki, etnik baxımdan hansı millətə xas olduğunu deyə bilməzsən . Orda məxsus olduğun millətin də, başqa millətin də geni çıxa bilər. Sən aid olduğun millətin gen daşıyıcılarını daha çox daşıyırsan”.

Müəyyən dövrdən sonra dünyada milli kimlik, sosial milliyyətçilik məsələsi önə çıxdı. Milli şüur sosial kimlik baxımından bir millətin mədəniyyət göstəriciləridir. Bura dil, təhsil, mədəniyyət, tibb, siyasət, iqtisadiyyat millətin psixologiyası və o psixologiyanı əks etdirən yaradıcılıq göstəriciləri, dövlətçilik tarixi, atributları və s. aiddir.

Vətən məsələsinə gəlincə, sosioloqun sözlərinə görə, vətən təkcə üzərində gəzdiyimiz, suyundan içib havasından udduğumuz sərhədlənmiş bir coğrafiya deyil: “Vətən bir toplumun üzərində kompakt məskunlaşıb həm bioloji, həm də sosial varlığını sürdürdüyü, qoruduğu, yaratdığı və yaşadığı bir coğrafiyadır. Bizdə vətənpərvərlik hissi illərlə insanlara yanlış aşılanıb. Bu da bizim müharibə şəraitində olmağımızdan irəli gəlib. Tarix boyu burda müxtəlif işğallar baş verib, sonuncu da Qarabağ məsələsi idi. Ona görə də, orta məktəbdən, uşaq yaşlarından başlayaraq Azərbaycan toplumuna ancaq ələ silah alıb cəbhədə döyüşmək təbliğ olunub. Doğrudur, bu bir zərurətdir. Əgər bizim vətənimiz işğal altındadırsa, onun sərhəddini qorumağa, ərazi bütövlüyünü, dövlət suverenliyini təmin etməyə borcluyuq”.

S.Altay vurğulayıb ki, ancaq digər tərəfdən, sosial kimlik, milli şüur baxımından dünyada insanlar deyil, mədəniyyətlər çarpışır, yarışır, önə çıxırlar: “Hansı dominantlıq təşkil edirsə, o daha çox dünyanın ictimai, elmi, mədəni həyatında rol oynayır. Buna görə də, biz ön cəbhədəki vətənpərvərlik hissini sülh şəraitində arxa cəbhədə milli şüura çevirməyi bacarmalıyıq. Çünki biz arxa cəbhədə mədəniyyət yaratmalı, indiyə kimi sahib olduğumuz mədəniyyəti inkişaf etdirməliyik ki, dünya arenasında milli kimliyə xas toplum kimi öz şüurumuzu əks etdirə bilək. Ona görə deyirəm ki, vətənpərvərlik hissi təkcə cəbhədə silah tutub döyüşmək deyil, eyni zamanda, hüquqşunas kimi insanların hüququnu qorumaq, vəzifə sahibi kimi vəzifənin insanlara xidmət etdiyini aşılamaqdır. Milli şüur o deməkdir ki, sən sahib olduğun toplumun milli kimliyinə aid elementlərini sevir, qoruyur, təbliğ edir və eyni zamanda, o milli şüura sahib olan toplum nümayəndəlinə milli şura bəslədiyin hissi bəsləyirsən. Milli şüurun aşılanması üçün ölkədə sırf bu işin təbliği ilə məşğul olan sosioloq, psixoloq və s. təhsilli insanlar yetişdirilməlidir”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

19 Aprel 2024