6.3.17. Ekologiya və ətraf mühitin mühafizəsi
Qədim yaşayış məskəni olan Azərbaycanın əlverişli coğrafi mövgeyi var. Ölkəmizdə xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Onlardan biri Cənubi Qafqazın ən böyük qorunan ərazisi olan Şahdağ Milli Parkıdır. 2006-cı il dekabrın 8-də yaradılan Şahdağ Milli Parkı Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən yaylaqları əhatə etməklə milli parkın ümumi sahəsi ümumilikdə 130508,1 hektardır. Milli Parkın xidməti ərazilərinin mürəkkəb coğrafi ərazi xüsusiyyətləri nəzərə alınaraq onun Oğuz bölməsi üzrə 6, Şamaxı bölməsi üzrə 5, İsmayıllı bölməsi üzrə 8, Qəbələ bölməsi üzrə 8, Qusar bölməsi üzrə 9, Quba bölməsi üzrə 13 turist marşrutu olmaqla cəmi 49 marşrut hazırlanıb.
Bakıvaxtı.az-ın əməkdaşı Şahdağ Milli Parkın İsmayıllı bölməsində olub.
Burada marşrutlar fəaliyyətlər göstərir. Marşrutlar və burada olan yaşıl zənginlik barəsində məlumat lövhələri yerləşdirilib. Marşrutlar boyu turistlərin piyada hərəkət etməsi üçün rahat yol, istiqamətləndirici lövhə və nişanlar mövcuddur.
Yaşıl sərvət olan bu parkda 1968-ci ildə "Ögey Ana" filmi lentə alınıb. Belə ki, təbiətin bu gözəl güşəsində filmin baş rollarından birini - "İsmayıl" obrazını canlandıran aktyor Ceyhun Mirzəyev "Kəndimiz" mahnısını ifa edib. Həmin ağacda "İsmayıl"ın maketi və məlumat lövhəsi yerləşdirilib.
Onlara İsmayıllıda baxa bilərsiniz
Təxminən 100 il öncə Qafqaz dağlarından yoxa çıxan, yəni vaxtı ilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz – Qafqaz zubru növündən olan 12 baş heyvan Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Odur ki Azərbaycanda biomüxtəlifliyin daha da zənginləşdirən və və meşə ekosistemlərinin inkişafında rol oynayan bu nadir canlı növünün adı belə insanlarda maraq oyadır.
Park ərazisində zubrlar üçün xüsusi yer yaradılıb. Sayının artırılması planlaşdırılan zubrlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra həmin ərazidən vəhşi təbiətə sərbəst buraxılacaq.
Çəkilişdə olduğumuz zaman yerli sakinlər, məktəblilər, turistlərin belə zubrları görmək üçün xüsusi maraq göstərdiklərinin şahidi olduq. Yeri gəlmişkən, təbiətsevərlər parkının ərazisində zubrların adaptasiya dövrlərini təhlükəsiz keçmələri üçün yaradılan xüsusi komplekslə tanış ola, onları izləyə və onlar haqqında məlumatlar əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycanda zubrlar ilk insanların yaşadığı qədim dövrlərdən mövcud olub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir. Tarixçilər zubrlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi zubrları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir.
Nəsli kəsilməkdə olan canlılar
Bioloji müxtəlifliyi ilə zəngin olan Şahdağ Milli Parkının İsmayıllı bölməsində meşəsində qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləri yayılıb.
Ərazinin ümumi coğrafi mövqeyi burada heyvanlar aləminin də xeyli zənginliyinə şərait yaradıb. Burada "Qırmızı kitab"a daxil edilən heyvan növləri - Qonur ayı, nəcib maral, Avropa cüyürü, Qafqaz köpgəri, vaşaq, bərkud qartal, məzar qartalı, Qafqaz tetrası, Qafqaz uları və s. mühafizə olunur. Bu növlərin çoxu nadir və nəsli kəsilmək təhlükəsi altındadır.
Gəzməli, görməli yerlər...
Parkın ərazisində fərqli ekosistemlərinin bir-birini əvəz etməsi, əzəmətli dağ zirvələrinin cəlbediciliyi təbiətsevərlər üçün daha bir maraq obyekti ola bilər. Yeri gəlmişkən, İsmayıllı bölməsi təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi ekoturizm fəaliyyətinin təşkili və inkişafına, o cümlədən, əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb edilməsinə şərait yaradır.
Azərbaycanda turizm sektorunun inkişafı, xüsusilə də daxili turizmə marağın artması əhalinin müxtəlif bu bölgəyə səfərlərinin sayını artırıb. Getdikcə daha çox ölkə vətəndaşı bu bölgənin səfalı guşələrində istirahət etməyə üstünlük verirlər.
Onlardan biri də dağların arasında, sıx meşələrin ortasında yerləşən, yeraltı sular, bulaq suları və yağış suları ilə qidalanan Qaranohur gölüdür. Göl Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 6 saylı dolayında yerləşir. Gölün dəniz səviyyəsindən hündürlüyü 1530 metr ərazisi 0.8 hektardır. Suyun tərkibində kükürdün çox olması səbəbindən bu sudan müalicəvi məqsədlər üçün istifadə etmək olar.
Milli Parkda Qaranohur gölünə ekoturizm marşrut xətti fəaliyyət göstərir. Marşrut İsmayıllı rayonun Talıstan kəndinin şimal istiqamətində Milli Parkın giriş hissəsindən başlayır, marşrutun uzunluğu 4.5 kilometrdir. Bu marşrutda iştirak edənlər vəhşi təbiətlə, tarixi və mədəni yerlərlə tanış olmaq mümkündür.
Yerə gəlmişkən, Nazirlər Kabinetinin 21 aprel 2015-ci il tarixli 114 nömrəli qərarına əsasən Milli Park daxil olmaq və turist marşrutları ilə hərəkət etmək üçün giriş haqqı adambaşına gündəlik 2 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağ göl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb. Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli park yaradılıb. Belə ki, 2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 min 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı fəaliyyətə başlayıb.
Ramid İbrahimov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb