• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

"Təhsil proqramlarında şagirdlərin fiziki inkişafına xüsusi diqqət yetirilir" 

LAYİHƏ

09 Sentyabr 2022 | 14:56

Təhsil proqramlarında şagirdlərin fiziki inkişafına xüsusi diqqət yetirilir 

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi    

Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. 

Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. buna sübutdur. Uşağın cəmiyyətlə ilk tanışlığı onun məktəbə qədəm qoymasından başlayır. Bununla hər bir uşaq ailədə aldığı tərbiyəni cəmiyyətə daxil edir. Bu zaman cəmiyyətlə uşağın - şəxsiyyətin xarakteri arasında toqquşma baş verir. Məktəb bunu necə tarazlamalı, şagirdlə cəmiyyətin mənəviyyatı arasında necə körpü yaratmalıdır? Əlbəttə, bu, ağır və uzun vaxt tələb edən, özü də şagirdin cəmiyyətə tədricən uyğunlaşması əsas götürülən bir prosesdir. Bu prosesdə təhsil ocaqlarının rolu danılmazdır.

Məktəbin pedaqoji kollektivi hər bir şagirdin ailədə formalaşan xarakterini öyrənməli, cəmiyyət üçün qəbul olunmayan xüsusiyyətləri islah etməyə, ona gələcəkdə vətəndaş kimi yetişməkdə lazım olanları aşılamalıdır. Ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri xüsusilə diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır. Uşaqların fiziki və mənəvi inkişafı üçün təhsil müəssisələrində doğru addımlar atılırmı?

Təhsil eksperti Elşən Qafarov Bakıvaxtı.az-a bildirib ki, ölkədə bütün təhsil proqramlarında şagirdlərin fiziki inkişafına xüsusi diqqət yetirilir: “O cümlədən, təhsilin məqsədi var. Təhsilin məqsədi Azərbaycan dövləti qarşısında məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına, demokratiya prinsiplərinə hörmət edən azərbaycançılıq və vətənpərvərlik hisslərinə sadiq, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirməkdir. Şagirdlərin fiziki və mənəvi inkişafı üçün, ilk növbədə, normal təhsil mühiti yaratmaq lazımdır. Normal təhsil mühitinin yaradılması üçün ali məktəblərdə rüşvəti aradan qaldırmaq lazımdır. Elm və Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin rəhbərləri rüşvət olayları ilə bağlı çox ciddi mübarizə aparırlar, hətta bir neçə müəssisədə artıq bu problemlər həll olunub. Amma hələ də bir çox yerlərdə bu problem öz əksini tapmaqdadır. Düzdür, rüşvət təhsilin keyfiyyətinin artmasına əsas şərtləndirilə bilməz, amma normal təhsil mühitinin yaradılması üçün əsas faktorlardan biridir”.

Ekspert qeyd edib ki, Avropa və Amerika təhsil sistemləri ilə müqayisə etsək, onlarda prioritetlər tamamilə fərqlidir: “Bizdə təlim, tərbiyyə xüsusilə milli və ümumbəşəri dəyərlər üzərində qurulduğu üçün milli dəyərlər hökmən nəzərə alınır. Çünki bizim əsas məqsədimiz şəxsiyyət və vətəndaş yetişdirməkdir. Bu sahədə müəllim peşəkarlığı xüsusi önəm daşıyır, bu proses sadəcə bir qərar, sərəncamla həll olunası deyil. Ən əsası, ölkədə ən böyük problem milli ideologiyanın konsepsiya şəklində olmamasıdır. Məhz bu tərpiyə konsepsiyası qurulduqdan sonra təhsil alanların mənəvi inkişafının hansı yöndə aparılmasını bilə bilərik”.

Tanınmış psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, məktəb və universitetlərdə uşaqların mənəvi inkişafı ilə bağlı psixoloji dəstək olmalıdır: “Çünki təhsil prosesinin özü, pedeqoji və psixoloji hissə bir birinə bağlı olmalıdır. Yəni təhsil alanın həm pedeqoji, həm də psixoloji dayanıqlılığı olmalıdır ki, həm təlim prosesini mənimsəsin, həm də davranış və digər sosial bacarıqlarını inkişaf etdirə bilsin. Psixoloji yardımla bağlı Azərbaycan respublikasının təhsil haqqında qanunu var. Bununla bağlı Nazirlər Kabinetinin 30 aprel 2020-ci ildə təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təstiq olunub. Yəni qanunvericilik tərəfdən bunlar var. Qalır bunların həyata keçirilməsi. Bunlar da mərhələli şəkildə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda milyon yarım təhsil alan şagird var. Onlara peşəkar şəkildə psixoloji xidmət göstərmək üçün lazım olan kompanentlər var. Şübhəsiz ki, burda əsas yük məktəb psixoloqlarının və universitetlərdə psixoloji kabinetlər yaradılarsa, psixoloji xidmətin verilməsinə düşür. Nazirlər Kabinetinin qaydalarında da qeyd olunur ki, burada həm psixoloji maarifləndirmə işi, həm psixoprofilaktik işlər, həm psixoloji diaqnostika aparılmalı, həm də psixoloji konsultasiya xidməti həyata keçirilməlidir”.

E.Rüstəmov vurğulayıb ki, bu şeylərin hamısı kompleks şəklində həyata keçirilməlidir: “Birinci növbədə, kadrların hazırlıq prosesinə diqqət etməliyik. Bununla bağlı həmin qaydalarda da öz əksini tapır ki, kadrlar ixtisas artırma, yenidən hazırlanma, təlimlər keçmə şəklindı hazırlanmalı və təhsil müəssiələrində bu xidməti həyata keçirməlidirlər. Bu gün Azərbaycan təhsil sistemi bu xidməti qismən verə bilir. Bu proses mərhələli şəkildə olur, yəni birdən birə bütün təhsil müəssisələrində kadrların yerləşdirilməsi obyektiv-subyektiv şəkildə müəyyən qədər çətinlik yaradır. Bizim o qədər kadr potensialımız yoxdur”.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Novruz Aslanov adına tam orta məktəbin müəllimi Orxan Əlibəyov Bakıvaxtı.az-a bildirib ki, bir çox dövlət proqramları var ki, onlar məktəbdə icra olunur: “Məsələn, yol hərəkətinin təhlükəsizliyi, insan hüquq və azadlıqları, məişət zorakılığı, uşaqların zərərli informasiyalardan qorunması, narkomaniyaya qarşı mübarizə və s. Bu proqramlar şagirdləri maarifləndirməyə xidmət edir. Həmçinin onların mənəvi inkişafını təmin edir. Şagirdlərin fiziki inkişafı üçün isə biz mütəmadı idman yarışları təşkil edirik. Futbol, voleybol, qaçış, qol güləşi və s.”

Aytac Aslan   

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR