Qlobal siyasətdə yeni güc balansının formalaşdığı, beynəlxalq münasibətlər sistemində çoxqütblülüyün dərinləşdiyi bir dövrdə Azərbaycanın oynadığı rol getdikcə daha çox diqqət çəkir.
Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər, onun çıxışları və diplomatik təşəbbüsləri ölkəmizin regional çərçivədən çıxaraq qlobal qərarvermə proseslərinin mühüm iştirakçısına çevrildiyini nümayiş etdirir.
Bu baxımdan, dövlət başçısının Yaxın Şərq Sülh Sammitində iştirakı da Azərbaycanın sülh, sabitlik və çoxqütblü əməkdaşlıq gündəminin aparıcı tərəflərindən biri olduğunu bir daha təsdiqləyir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyevin sözlərinə görə, prezidentin Yaxın Şərq Sülh Sammitində iştirakı bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq münasibətlərdə qərarverici ölkələr sırasında mühüm yer tutur:
"Ölkəmiz təkcə proseslərdə iştirak etmir, həm də qlobal gündəmi müəyyən edən aktora çevrilib. Bu, həm Azərbaycanın beynəlxalq nüfuzunun, həm də Prezident İlham Əliyevin güclü liderlik keyfiyyətlərinin bariz göstəricisidir".
Parlament üzvünün sözlərinə görə, son dövrdə dövlətimizin başçısının Vaşinqton Bəyannaməsindən sonra Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, MDB toplantıları kimi mühüm beynəlxalq platformalarda iştirakı, çıxışları və xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan rolunu daha da önə çıxarır.
"Yeni dünya düzənində çoxqütblülük reallığını nəzərə alsaq, Azərbaycan artıq regionda güc mərkəzi kimi formalaşmaqdadır. Ölkəmiz müttəfiqləri ilə strateji əməkdaşlıq çərçivəsində təşəbbüsləri proyeksiya etməyi bacarır. Güclü resurs potensialı, diplomatik donanımı və etibarlı tərəfdaş şəbəkəsi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir",- T.Gəncəliyev əlavə edib.
Tural Gəncəliyev: Ölkəmiz müttəfiqləri ilə strateji əməkdaşlıq çərçivəsində təşəbbüsləri proyeksiya etməyi bacarır
Onun dediyinə görə, bu amillər postmünaqişə dövründə sülh prosesinə də əhəmiyyətli təsir göstərir:
"Azərbaycan sülh gündəmini dəstəkləyir, sabitlik və əməkdaşlıq prinsipinə sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən xarici siyasət kursu bu istiqamətdə mühüm nəticələr doğurur".
Müsahibimiz sonda diqqətə çatdırıb ki, dövlət başçısının ABŞ və Çin səfərlərində yüksək səviyyədə qarşılanması, eləcə də Düşənbədə Rusiya lideri ilə görüşü zamanı Azərbaycanın maraqlarının nəzərə alınması ölkəmizin beynəlxalq arenada etibarlı və güclü tərəfdaş kimi qəbul olunduğunu bir daha sübut edir.
Əli Hüseynov