• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyanın TDT-yə qoşulması niyə qəbuledilməzdir? - ŞƏRH

SİYASƏT

03 Noyabr 2026 | 12:30 | Müəllif: Gülşən Şərif

Rusiyanın TDT-yə qoşulması niyə qəbuledilməzdir? - ŞƏRH

Oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “TDT+” formatına cəlb edilməsini və ya təşkilata müşahidəçi statusu ilə qoşulmasını təklif edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu təkliflə bağlı Moskvaya rəsmi dəvətin daxil olmadığını, lakin məsələnin qarşıdakı təmaslarda Qazaxıstan tərəfi ilə müzakirə oluna biləcəyini bildirib.

Bəs bu təklif TDT daxilində parçalanmaya səbəb ola bilərmi? Rusiya təşkilata üzv olarsa, gələcəkdə Çin və İran kimi dövlətlərin də müşahidəçi statusu almaq istəyi TDT-nin mahiyyətini dəyişə bilərmi? Təşkilat türk dövlətlərinin birliyi olaraq qalacaq, yoxsa tədricən Avrasiya platformasına çevriləcək? Kremlin TDT-də təmsil olunması region üçün hansı riskləri yarada bilər?

Siyasi şərhçi Azər Həsrət Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, Qazaxıstan prezidentinin təklifi uğurlu təşəbbüs olmayıb və sammitdə digər üzv dövlətlər tərəfindən dəstəklənməyib.

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 13-cü zirvə toplantısında bu təklifi səsləndirəndə heç bir dövlət onun müzakirəsinə hazır olduğunu hiss etdirmədi. Qardaş Qazaxıstan bu təklifi dilə gətirdi, digər dövlətlər isə susqunluqları ilə, əslində, onu rədd etmiş oldular. Bu o deməkdir ki, Türk Dövlətləri Təşkilatına Rusiyanın dəvət edilməsi məsələsi gündəmə çıxarıla bilməyəcək. Tokayevin bu fikri öz ölkəsinin müəyyən maraqlarından çıxış etməsi ilə bağlı ola bilər. Lakin heç bir üzv dövlət təklifə isti yanaşmadı. Bununla da məsələ qapanmış sayıla bilər”, – deyə siyasi şərhçi bildirib.

Azər Həsrət TDT-nin gələcəkdə parçalanacağı və ya fəaliyyətini dayandıracağı ilə bağlı proqnozları da əsassız hesab edir.

“Türk Dövlətləri Təşkilatında fikir ayrılıqları ola bilər, amma onun dağılacağını proqnozlaşdırmıram. Bu, gələcəyə hesablanmış bir təşkilatdır. Onun gələcəyini Avropa İttifaqının timsalında görürük. Orada da zaman-zaman anlaşılmazlıqlar olub, indi də fikir ayrılıqları mövcuddur. Buna baxmayaraq, Avropa İttifaqı möhkəm birlik olaraq qalır. TDT də inkişafını davam etdirəcək.

Rusiya isə ömrünün sonunu yaşayır və yaxın gələcəkdə onun tərkibindən yeni müstəqil türk dövlətləri çıxacaq. Tatarıstan, Başqırdıstan, Yakutiya kimi dövlətlər başda olmaqla, həmin ərazilər müstəqillik qazandıqdan sonra Türk Dövlətləri Təşkilatında birləşəcəklər. Daha sonra TDT-yə üzv olacaqlar”, – deyə müsahibimiz vurğulayıb.

Siyasi şərhçi Azər Həsrət

Peskovun açıqlamasına da münasibət bildirən A.Həsrət Kreml sözçisinin fikirlərini “yersiz” adlandırıb.

“Təbii ki, rəsmi müraciət daxil olmayacaq. Çünki TDT-də bununla bağlı qərar verilməyib. Qərar qəbul edilsəydi, ortaq məxrəcə gəlib Rusiyanı dəvət etmək barədə razılıq əldə olunduğunu bəyan edərdilər. Bundan sonra rəsmi dəvət göndərilə bilərdi. Amma belə bir qərar olmayıb.

Peskov deyə bilərdi ki, əldə etdiyimiz məlumata görə, bizi dəvət etmək barədə qərar yoxdur. Əslində, bu məsələdə Rusiyanın öz marağı diqqət çəkir. Görünür, bu təklifi Tokayevin dili ilə səsləndiriblər. Rusiyanın Türk Dövlətləri Təşkilatında yeri yoxdur və ola da bilməz.

Rusiya ilə yanaşı, Çin və İranın da TDT-yə qoşulması qətiyyən qəbuledilməzdir. Hətta gələcəkdə kimsə israrla Rusiya, Çin və İran kimi dövlətləri TDT-yə gətirmək istəsə, həmin dövlətin özünü təşkilatdan uzaqlaşdırmaq lazımdır. Çünki bu, türk dövlətlərinin təşkilatıdır. Türkləri əsarət və zülm altında saxlayan dövlətlər burada təmsil oluna bilməzlər. Onlar işğalçı dövlətlərdir”, – deyə siyasi şərhçi bildirib.

Azər Həsrətin sözlərinə görə, əgər sözügedən ölkələrin həqiqətən türk xalqlarının təmsilçiliyində marağı varsa, bunun yolu fərqlidir.

“Rusiya desin ki, Tatarıstan sərbəstdir və TDT-də təmsil oluna bilər. Biz də Tatarıstanı həvəslə qəbul edək. İranda Güney Azərbaycan təmsil olunmaq istəyirsə, İran buna icazə versin. Doğu Türkistanda uyğurlar təmsil olunmaq istəyirlərsə, Çin desin ki, biz buna qarışmırıq və onların təşkilata qoşulmasına mane olmayaq. Onda deyərik: buyurun, gəlin! Yoxsa Rusiya, Çin və İranın bu təşkilata daxil olması əsla qəbul edilə bilməz”, – deyə o vurğulayıb.

Siyasi şərhçi TDT-nin gələcəkdə Avrasiya təşkilatına çevrilməsi ehtimalını da istisna edib. Onun fikrincə, qurumun belə bir transformasiyası üçün heç bir perspektiv yoxdur.

“Türk Dövlətləri Təşkilatı yaradılarkən qarşısına belə bir məqsəd qoyulmayıb. Məqsəd sırf türk dövlətlərini bir arada tutmaqdır. Heç kəs ümid etməsin ki, bu təşkilatı Avrasiya təşkilatına çevirə bilər”, – deyə Azər Həsrət əlavə edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026