ABŞ Prezidenti Donald Trampın oktyabrın 17-də Ukrayna Prezidenti Volodimir Zelenskini Ağ Evdə qəbul etməsi, iki ölkə arasında münasibətlərin yeni reallıqlar fonunda yenidən dəyərləndirildiyini göstərir.
Trampın ikinci prezidentlik dövrünün 10-cu ayında baş tutacaq bu görüş, həm ABŞ-ın xarici siyasət prioritetlərinin yenilənməsi, həm də Rusiya-Ukrayna müharibəsinin gələcək istiqamətinin müəyyənləşməsi baxımından strateji əhəmiyyət daşıyır. Tramp administrasiyası “Amerika maraqları öncəliklidir” prinsipini qoruyaraq, münaqişələrə birbaşa müdaxilədən çox, diplomatik və iqtisadi vasitələrlə təsir strategiyasına üstünlük verir. Zelenski üçün bu səfər həm təhlükəsizlik zəmanətləri, həm də Ukraynanın bərpası ilə bağlı konkret dəstək mexanizmlərinin razılaşdırılması baxımından vacib mərhələ hesab olunur.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, görüşün əsas müzakirə mövzuları Ukraynaya göstəriləcək hərbi və maliyyə dəstəyi, sanksiya siyasətinin gələcək istiqamətləri və Rusiya ilə dolayısı diplomatik təmasların forması olacaq. Onun sözlərinə görə, Tramp administrasiyası münaqişənin sonsuz resurs itkisinə çevrilməsinin qarşısını almağa çalışır:
“Bu səbəbdən, ABŞ daha çox “nəticəyə əsaslanan” yardım modelinə keçid edir. Zelenski isə bu çərçivədə Vaşinqtondan təhlükəsizlik zəmanətlərinin konkretləşdirilməsini və iqtisadi bərpa planlarına investisiya dəstəyini gözləyir. Həmçinin, enerji təhlükəsizliyi, logistika və Ukraynanın bərpa layihələrində ABŞ şirkətlərinin iştirakı kimi məsələlər də prioritet olacaq. Görüş həm də ABŞ-nin Avropa ilə Ukrayna məsələsində yeni balans yaratmaq niyyətini əks etdirir”.
Müsahibimiz qeyd edib ki, Tramp ikinci prezidentlik dövründə Moskva ilə münasibətlərdə daha praqmatik və danışıqlara əsaslanan xətt yürüdür. O, açıq qarşıdurma siyasətini arxa plana keçirərək, iqtisadi və enerji təhlükəsizliyi üzərindən balans yaratmağa çalışır. Politoloqa görə, bu baxımdan, Tramp-Zelenski görüşü həm də ABŞ-ın müharibəni diplomatik nəzarət mexanizminə çevirmə cəhdinin tərkib hissəsidir. Dediyinə görə, Zelenski üçün bu, həm risk, həm fürsət deməkdir - çünki Vaşinqtonun kompromisli sülh planı Ukraynanın bütün tələbləri ilə üst-üstə düşməyə bilər:
“Lakin ABŞ-nin vasitəçi rolu Kiyevin beynəlxalq mövqelərini gücləndirə bilər. Bu görüş, əslində, müharibənin “nəzarətli sabitlik” mərhələsinə keçidi üçün siyasi zəmin yaradır”.
Züriyə Qarayeva: Bu görüş Vaşinqtonun postsovet məkanında yenidən fəallaşmaq niyyətində olduğunu göstərir
Görüşün Zelenskinin daxili siyasətdəki mövqeyinə göstərəcəyi təsirə gəlincə, Z.Qarayeva hesab edir ki, Zelenski üçün Ağ Evdə keçirilən görüş siyasi etimadın yenilənməsi və ictimai dəstəyin gücləndirilməsi baxımından önəmlidir. Ukraynada müharibə ilə bağlı ictimai narazılıqlar və iqtisadi çətinliklər fonunda ABŞ ilə münasibətlərin stabil qalması Zelenskinin legitimliyini möhkəmləndirəcək. Tramp administrasiyasının daha sərt və nəticəyönümlü tələbləri Kiyevi islahatlara məcbur edəcək:
“Bu, həm korrupsiya ilə mübarizə, həm də iqtisadi şəffaflığın artırılması sahələrində yeni mərhələ yarada bilər. Əgər görüşdən konkret iqtisadi və diplomatik nəticələr əldə olunarsa, bu, Zelenski üçün daxili siyasətdə mühüm üstünlük yaradacaq. Beləliklə, görüş Ukrayna liderinin həm daxili sabitliyi, həm də beynəlxalq imicini gücləndirmək baxımından mühüm fürsətdir”.
“Tramp-Zelenski görüşü postsovet məkanında, xüsusilə Azərbaycan kimi ölkələr üçün hansı mesajları verir” sualını cavablandıran politoloq bildirib ki, bu görüş Vaşinqtonun postsovet məkanında yenidən fəallaşmaq niyyətində olduğunu göstərir. Onun dediyinə görə, ABŞ artıq regionu yalnız təhlükəsizlik prizmasından deyil, həm də enerji və logistika baxımından qlobal iqtisadi inteqrasiyanın bir hissəsi kimi dəyərləndirir:
“Azərbaycan üçün bu, xüsusilə Cənubi Qafqazda enerji tranziti, kommunikasiya dəhlizləri və müdafiə sənayesi əməkdaşlığı sahəsində yeni imkanlar deməkdir. Tramp administrasiyasının praqmatik siyasəti, regional münaqişələrdə iqtisadi diplomatiyanı ön plana çıxarır. ABŞ-ın Cənubi Qafqazda sabitlik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinə qayıtması Azərbaycanın beynəlxalq platformalardakı rolunu gücləndirə bilər”.
“Ümumilikdə, bu görüş region ölkələrinə ABŞ-nin yeni xarici siyasət kursunun daha realist və iqtisadi yönümlü olacağı mesajını verir”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov