Bu gün Brüsseldə Avropa İttifaqı və NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, toplantının əsas müzakirə mövzusu Ukraynaya silah tədarükü məsələsi olacaq. Belə ki, Brüsseldə keçiriləcək iclasda Avropada silah istehsalının artırılması, xüsusilə pilotsuz uçuş aparatları, döyüş sursatları, uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsi planları diqqət mərkəzində olacaq.
Bu, Ukrayna münaqişəsinin hələ uzun müddət davam edəcəyinə bir işarə ola bilərmi? Ümumiyyətlə, qarşıdakı dövrdə Ukraynanın təslim olması gözlənilə bilər?
Politoloq Taleh Əliyev Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyat adı altında apardığı işğalçılıq siyasəti nəticəsində Kiyevin digər yaşayış məntəqələri və Xarkov kimi böyük şəhərləri işğal oluna bilər. Lakin bu addımlar heç bir halda Ukraynanın təslim olmasına səbəb olmayacaq:
"Bu gün Ukrayna döyüş bölgəsində kollektiv Qərbi canlı qüvvə olaraq, cəbhə xəttində görməsək də, onların təlim verdiyi ukraynalı hərbçilər döyüşür. Ukrayna ordusunda Qərbin istehsal etdiyi yüngül və ağır silahlardan Rusiyaya qarşı istifadə olunur. O cümlədən, uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları vasitəsilə hər gün Rusiya ərazisində hərbi və strateji obyektlər məhv edilir. Brüsseldə keçirilən Avropa İttifaqı və NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası şübhəsiz ki, Avropanın böyük müharibəyə hazırlıq məqsədi daşıyır. Bu müharibə zaman keçdikcə artıq ehtimaldan daha çox real təhdidə çevrilir".
Taleh Əliyev: Avropa yeni silahları sınaqdan keçirmək üçün onları Ukrayna tərəfinə verəcək
T.Əliyev hesab edir ki, söhbət Rusiyaya məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatları ilə Avropa ölkələrinin sərhədinin pozulması və ölkələrin səmasında görünməsindən gedir. Bu, real təhdidlərdir.
"Avropa çalışacaq ki, yeni silah-sursat istehsal etməklə, özünün dünyadakı nüfuzunu və mövqeyini qoruyub saxlasın. Bundan başqa, ən müasir və modern silahlarla üstün mövqe əldə edərək, müdafiə və hücum müharibəsi aparmağa nail ola bilsin. Avropa istehsal etdiyi yeni silahları sınaqdan keçirmək üçün onları Ukrayna tərəfinə verəcək və Rusiyaya qarşı istifadə olunacaq", - deyə Taleh Əliyev qeyd edib.
Gülşən Şərif