"Qanazlığının saç və dırnaqlarda da dəyişikliklərə səbəb ola biləcəyi bildirilib. Qanazlığından əziyyət çəkənlərdə dırnaqların formasının dəyişməsi, tez-tez qırılması, zəif uzanması, eləcə də saç tökülməsi ən çox rast gəlinən əlamətlər sırasındadır. Xüsusilə saç tökülməsi qanazlığının əsas göstəricilərindən biridir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Həkim bildirilib ki, pasiyentlər dırnaqların qırılması, saç tökülməsi, dərinin rənginin solğunlaşması və halsızlıq kimi şikayətlərlə müraciət etdikdə, həkimlər daha çox qanazlığından şübhələnirlər. Bu halların qanazlığı zamanı orqanizmdə yaranan oksigen çatışmazlığı ilə bağlı olduğu qeyd edilib.
Onun sözlərinə görə, oksigen azlığı fonunda insanlarda bəzən depressiv əhval-ruhiyyə müşahidə oluna bilər. Lakin bu vəziyyət psixoloji mənşəli depressiya hesab edilmir. İnsanın uzun müddət halsız və narahat yaşaması, qanazlığının yaratdığı fiziki diskomfort stress və ruh düşkünlüyünə səbəb ola bilər:
"Bu hallar vaxtında müayinə və düzgün müalicə ilə tam aradan qaldırıla bilər. Açıqlamada bildirilib ki, bəzi şəxslər bu əlamətləri yanlış qiymətləndirərək uzunmüddətli nevroloji müalicələr alırlar. Halbuki əsas problem qanazlığıdır və səbəb aradan qaldırıldıqda stres və narahatlıq da keçib gedir.
Saç tökülməsi, dırnaq problemləri və ümumi halsızlıq müşahidə olunduqda mütləq tibbi müayinədən keçmək və qan göstəricilərini yoxlatdırmaq lazımdır".
Zeynəb Rzayeva
Bakı 




