Qanazlığının yuxu rejiminə və yuxunun keyfiyyətinə birbaşa təsir edir. Qeyd olunub ki, qanazlığından əziyyət çəkən şəxslər əksər hallarda keyfiyyətli yuxu ala bilmirlər. Bunun əsas səbəbi gecə ərzində tez-tez oyanmaların baş verməsidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Terapevt bildirib ki, bu şəxslər ayaqlarda ağrı və üşütmə hissi, ürəkdöyünmə, uzanarkən başgicəllənmə, ürəkbulanma kimi şikayətlər səbəbindən yuxudan tez-tez oyanırlar. Bu əlamətlər isə yuxunun davamlılığını və keyfiyyətini ciddi şəkildə pozur.
"Keyfiyyətli yuxunun olmaması insanın gündəlik həyatına da mənfi təsir göstərir. Yuxusuzluq fonunda stress artır, halsızlıq yaranır və bəzi hallarda depressiv əlamətlər müşahidə olunur".
Qeyd edilib ki, qanazlığına bağlı yuxu pozuntuları vaxtında diaqnoz və düzgün müalicə aparıldıqda aradan qalxır. Bu səbəbdən yuxu rejimində uzunmüddətli problemlər yaşayan şəxslərə mütləq qan göstəricilərini yoxlatdırmaq tövsiyə olunur.
Zeynəb Rzayeva
Bakı 




