• Bakı C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Həkim xəbərdarlıq edir: Dəmir preparatlarını özbaşına qəbul etməyin
 

CƏMİYYƏT

14 Yanvar 2026 | 15:15

Həkim xəbərdarlıq edir: Dəmir preparatlarını özbaşına qəbul etməyin 

"Dəmir çatışmazlığı anemiyasının əlamətləri və düzgün yanaşma ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb. Əgər bir qadın baş ağrısı, əyilib-qalxarkən başgicəllənmə, halsızlıq kimi şikayətlərdən əziyyət çəkirsə və eyni zamanda menstruasiya dövründə normadan artıq qan itkisi müşahidə olunursa, bu hal daha çox dəmir çatışmazlığı anemiyasına işarə edə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, cərrahi əməliyyatlardan sonra, xüsusilə əməliyyatdan sonrakı iki həftə və ya bir ay ərzində halsızlıq, təngnəfəslik kimi əlamətlərin davam etməsi də əməliyyat zamanı itirilən qana bağlı olaraq dəmir çatışmazlığı anemiyası ilə əlaqəli ola bilər:

"Bəzi hallarda isə insanda heç bir əməliyyat, müdaxilə və ya açıq qan itkisi olmur. Buna baxmayaraq, davamlı yorğunluq, halsızlıq, təngnəfəslik, ayaq üstə dura bilməmək, üşütmə, yuxu pozuntuları, tez-tez oyanma və uzun müddət yatmasına baxmayaraq özünü dincəlmiş hiss etməmək kimi şikayətlər müşahidə oluna bilər. Bu əlamətlər də dəmir çatışmazlığı anemiyasının göstəricisi ola bilər".

Terapevt qeyd edib ki, dəmir çatışmazlığı anemiyasının müalicəsində əsasən dəmir preparatlarından istifadə olunur. Lakin bu preparatların həkim təyinatı olmadan qəbul edilməsi yolverilməz hesab olunur:

"Bəzi insanlar dəmir çatışmazlığı anemiyası diaqnozunu eşidən kimi özbaşına dəmir preparatları qəbul etməyə başlayırlar ki, bu da düzgün yanaşma deyil.

Dəmir çatışmazlığı anemiyasının altında yatan əsas səbəb mütləq müəyyənləşdirilməli və aradan qaldırılmalıdır. Yalnız səbəb həll olunduğu halda problemin tam şəkildə aradan qalxması mümkündür".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR