"Qanazlığın allergik reaksiyalara təsiri ilə bağlı da mühüm məqamlara toxunulub. Bütün allergiyaların səbəbi qanazlığı olmasa da, qanazlığının mövcudluğu immun sisteminin zəifləməsi deməkdir. İmmunitetin zəifləməsi isə orqanizmin allergik reaksiyalara daha həssas olmasına şərait yaradır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Həkimin sözlərinə görə, allergiyası olan hər bir insanda mütləq qanazlığı olması anlamına gəlmir. Allergiya bir çox hallarda uzunmüddətli və xroniki xarakter daşıya bilər. Lakin qanazlığı fonunda yaranan və ya kəskinləşən allergik vəziyyətlər daha ağır keçə bilər:
"Kəskin allergik reaksiyaların vaxtında və effektiv şəkildə aradan qaldırılması üçün qanazlığının da müalicə olunması vacibdir. Əgər qanazlığı aradan qaldırılmasa, insanın kəskin allergik vəziyyətdən çıxması çətinləşir və müalicə prosesi uzana bilər.
Bu səbəbdən allergik şikayətləri olan şəxslər, xüsusilə simptomlar kəskin xarakter alıbsa, yalnız allergiyanı deyil, ümumi sağlamlıq vəziyyətini, o cümlədən qan göstəricilərini də yoxlatdırmalıdırlar. Vaxtında aparılan müayinələr və kompleks yanaşma həm immun sisteminin güclənməsinə, həm də allergik reaksiyaların nəzarət altına alınmasına kömək edir".
Zeynəb Rzayeva
Bakı 




