Əbülfəz Süleymanlı
Professor
Şəhərləşmə müasir dünyanın ən sürətli və ən dərin struktur dəyişmələrindən biridir.
Dünya əhalisinin təxminən 58-59 faizi, yəni 4,8 milyarda yaxın insan şəhər və qəsəbələrdə yaşayır. Bu göstəricinin 2030-cu ildə 60 faizə, 2050-ci ildə isə 70 faizə çatacağı proqnozlaşdırılır. Halbuki çox da uzaq olmayan bir tarixdə - cəmi yüz il əvvəl, 1925-ci ildə - dünya əhalisinin sadəcə təxminən 25 faizi şəhərlərdə yaşayırdı. Başqa sözlə, insanlıq tarixində ilk dəfə şəhər həyat tərzi istisna yox, norma halına gəlməkdədir.
Bu proses sadəcə insanların yer dəyişməsi deyil; şəhərləşmə, müasir dövrdə həyat, uğur və özünü reallaşdırma anlayışlarının məkanla birbaşa bağlılığının nəticəsi kimi özünü birüzə verir. Başqa sözlə, insanlar şəhərlərdə yaşamağı yalnız iş tapmaq və ya gəlir əldə etmək üçün deyil, eyni zamanda ‘həyatın mərkəzində olmaq’, görünmək, sosial dövriyyənin içində qalmaq və imkanlara daha yaxın hiss etmək arzusu ilə seçirlər. Xüsusən də media, sosial şəbəkələr və reklam dili bu mərkəzi daha da cazibədar göstərir: sürət, əyləncə, karyera, görünürlük və status eyni kadrın içində təqdim olunur. Bu vəziyyət, həm də müasir insanın yeni həyat və düşüncə tərzinin formalaşması ilə birbaşa əlaqəlidir. Belə ki, artıq müasir texnologiyaların və kommunikasiya vasitələrinin sürəti yalnız həyat tərzimizi sürətləndirməklə kifayətlənmir; eyni zamanda insan zehnini də yenidən formalaşdıraraq sürətə aludə olmuş bir düşüncə modelini ortaya çıxarır. Bu ikili həyat və düşüncə rejimi müasir insanı həyatın mənasını dərinlikdə yaşamaqdan uzaqlaşdırsa da, reallıq ondan ibarətdir ki, sürət artıq sadəcə bir seçim deyil, normaya çevrilmiş bir yaşayış biçimidir.
Bu mənada müasir insan - xüsusən gənclər - böyük şəhərlərə bütün çətinliklərə rəğmən can atır. Yüksək kirayələr, tıxac, stress, psixoloji yüklənmə, sosial tənhalıq artıq “şəhər həyatının təbii xərci” kimi qəbul edilir. Çünki böyük şəhər bu gün sadəcə yaşanan məkan deyil, özünü sübut etdiyini düşündüyün məkandır. Görünən həyat, çox zaman yaşanan həyatdan daha inandırıcıdır.
Problemi harada axtarmalıyıq?
Bu mənzərədə əsas səhv sual “niyə insanlar regionlarda qalmır” deyil. Əsas sual budur:
regionlar niyə həyatın mərkəzi kimi təsəvvür edilmir?
Regionlarda həyat çox zaman fasiləli və epizodik şəkildə canlanır. Bəzən bir konsert, bəzən bir tədbir… Amma davamlılıq yoxdur. Halbuki canlı sosial həyat təsadüfi hadisələrlə yox, davamlı ritmlə formalaşır. Region yalnız istehlak edilən mədəniyyətin ünvanı olaraq qalırsa, gənc üçün cəlbedici ola bilməz.
Müasir insan, ələlxüsus gənclər təkcə əyləncə axtarmır. O, özünü inkişaf etdirə biləcəyi, istehsal edə biləcəyi, görünə və tanına biləcəyi bir mühit axtarır. Əgər bu imkanlar yalnız böyük şəhərlərdə cəmləşirsə, köç labüd olur.
Regionları necə yenidən düşünməliyik?
Regionların gələcəyi onları “sakit yer” kimi təqdim etməkdə deyil, yaradıcı və məhsuldar həyat məkanı kimi yenidən qurmaqda gizlidir. Bunun üçün əsas istiqamətlər aydındır:
• Regionlar yalnız müəyyən zamanlarda canlanan məkanlar deyil, bilik, ideya və yaradıcılığın davamlı şəkildə istehsal olunduğu sosial ekosistemlərə çevrilməlidir. Burada əsas məqsəd əyləncəni artırmaq yox, düşüncəni, innovasiyanı və gənclərin intellektual iştirakını gündəlik həyatın ayrılmaz hissəsinə çevirməkdir.
• Mini-kampus modeli yayılmalıdır: coworking məkanları, maker-lablar, təlim mərkəzləri, kitabxana və media laboratoriyaları bir-birini tamamlamalıdır.
• Gənclər üçün real karyera trayektoriyası formalaşdırılmalıdır: təcrübə proqramları, uzaqdan iş imkanları, yerli bizneslərlə inteqrasiya olunmuş məşğulluq modelləri.
• Mədəniyyət yalnız səhnədə deyil, gündəlik həyatın içində yaşanmalıdır: film gecələri, debat klubları, kitab müzakirələri, idman və yaradıcılıq icmaları.
• Regionların ənənəvi media və sosial mediada təqdimatı dəyişməlidir. Paytaxt mərkəzli uğur hekayələrinin yanında, regionda yaşayan, istehsal edən və inkişaf edən insan obrazı görünən olmalıdır.
Regionların cazibəsini yüksəltmə strategiyaları
Şəhərləşmə sürətini və insanlar üçün cazibəsini azaltmaq mümkün deyil. Problem şəhərlərin böyüməsində yox, alternativ həyat məkanlarının zəifləməsindədir. Nəzarətsiz şəhər böyüməsi sosial, iqtisadi və psixoloji maliyyətlər yaradır; regionların boşalması isə istehsalın, sosial kapitalın və yerli həyatın zəifləməsinə səbəb olur.
Bu səbəbdən məsələ insanları şəhərdən uzaq tutmaq deyil, onlara şəhərə alternativ real həyat imkanları təqdim etməkdir. Məsələn, Qərb cəmiyyətlərində paytaxtdan kənarda yaşamaq uğursuzluq kimi qəbul edilmir. Əksinə, balanslı həyat, peşəkar inkişaf və sosial rifah əsas dəyər sayılır. Məhz bu yanaşma gənclərin öz bölgələrində qalmasını həm mümkün, həm də cəlbedici edir.
Çünki müasir insan, xüsusən gənc nəsil, sonda sadə bir seçim edir: harada özünü daha canlı, daha mənalı və daha perspektivli hiss edirsə, oraya yönəlir.
Bakı 




