Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubionun Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) adlı yeni regional mexanizmin icra çərçivəsini elan etməsi Cənubi Qafqazda tranzit və təhlükəsizlik arxitekturasının yenidən qurulması istiqamətində mühüm siyasi siqnal kimi çıxış edir.
Görüş zamanı təqdim olunan sənəd Ermənistan üzərindən multimodal tranzit marşrutlarının yaradılmasını, bu marşrutların isə tam şəkildə Ermənistanın suveren nəzarətində qalmasını nəzərdə tutur.
Bu təşəbbüs, ilk növbədə, ABŞ-nin regiona yenidən institusional və strateji şəkildə qayıtmaq niyyətini göstərir. Ermənistanın TRIPP çərçivəsində hüquqi, fiskal, təhlükəsizlik və məhkəmə səlahiyyətlərini tam şəkildə özündə saxlaması, layihəni Zəngəzur dəhlizi formatından kəskin şəkildə fərqləndirir. İrəvan bununla həm suverenlik anlayışını qabardır, həm də regiondakı yeni tranzit xəritəsinin konturlarını Qərb mərkəzli yanaşma üzərində qurmağa çalışır.
TRIPP İnkişaf Şirkətinin yaradılması və ABŞ-yə 74 faiz pay təklif edilməsi tranzit infrastrukturunun faktiki olaraq Vaşinqtonun nəzarətinə verilməsi deməkdir. Ermənistan isə yalnız 26 faiz pay saxlayır və bu modelin gələcəkdə əlavə 50 il müddətinə uzadılacağı barədə öhdəliklər göstərir ki, İrəvan bu layihəni geosiyasi təminat vasitəsi kimi qəbul edir. Bu, Ermənistanı uzun müddət ABŞ-nin dizayn etdiyi logistik və iqtisadi sistemə inteqrasiya etmək üçün nəzərdə tutulmuş mexanizm təsiri bağışlayır.
Sənəddə layihənin uğurunun Azərbaycan-Ermənistan arasında sülhün institusional şəkildə təsbit olunmasına bağlanması, habelə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması kimi şərtlərin qeyd edilməsi TRIPP-in yalnız nəqliyyat layihəsi olmadığını, daha geniş siyasi arxitekturanın tərkib hissəsi olduğunu göstərir. Bu çərçivə regionda təhlükəsizlik, ticarət və əməkdaşlıq mexanizmlərinin yenidən formalaşdırılması üçün ABŞ-nin vasitəçi deyil, birbaşa iştirakçı rolunu gücləndirir.
Nəticə etibarilə TRIPP, Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirməklə yanaşı, Cənubi Qafqazda yeni təsir balansı yarada bilər. Layihənin təqdim etdiyi suverenlik modeli Azərbaycanın illərdir müdafiə etdiyi maneəsiz keçid prinsipindən fərqləndiyi üçün Bakı-İrəvan danışıqlarına əlavə siyasi çalar gətirəcək. ABŞ isə bu təşəbbüslə regionda enerji, tranzit və təhlükəsizlik axınları üzərində uzunmüddətli təsir əldə etməyə çalışır və bununla Cənubi Qafqazın gələcək geosiyasi xəritəsini yenidən tərtib etməyə yönəlir.
Ruslan Zəngəzur
Bakı 




