• Bakı C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Sənədsiz evlərlə bağlı yekun qərar veriləcək

CƏMİYYƏT

14 Yanvar 2026 | 14:50

Sənədsiz evlərlə bağlı yekun qərar veriləcək

Azərbaycanda minlərlə yaşayış evi hələ də rəsmi sənədlərdən kənarda qalır. Bu vəziyyət təkcə vətəndaşlar üçün deyil, dövlət üçün də ciddi problemlər yaradır. Belə ki, sənədsiz evlərin sahibləri əmlaklarını hüquqi cəhətdən rəsmiləşdirə, ipoteka və bank xidmətlərindən yararlana, alqı-satqı, bağışlama və miras əməliyyatlarını qanuni qaydada həyata keçirə bilmirlər. Eyni zamanda, bu cür əmlakların dövriyyədən kənarda qalması vergi və bələdiyyə gəlirlərinin azalmasına da səbəb olur.

Məhz bu fonda Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi evlərin sənədləşdirilməsi probleminin həlli istiqamətində yeni mərhələnin başlaya biləcəyi ilə bağlı müzakirələri gücləndirib. İctimaiyyət və ekspertlər bu qərarın illərdir yığılıb qalan problemlərin aradan qaldırılmasına, xüsusilə də sənədsiz yaşayış evlərinin hüquqi statusunun müəyyənləşdirilməsinə təkan verib-verməyəcəyini maraqla izləyir.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Prezidentin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq, sənədsiz evlərin sənədləşdirilməsi məsələsində yanaşmaların dəyişilməsi gözləniləndir:

“Bu gün Bakı və Bakıətrafı qəsəblərdə, o cümlədən bölgələrdə yüz minlərlə sənədsiz evlər mövcuddur. Bu da vətəndaşlara yaşadıqları evlər üzərində mülkiyyət hüquqlarının həyata keçrilməsinə, vergilərin yığılmasında, yaşadığı yer üzrə qeydiyyata alınmasında çətinliklər yaradır. Bu baxımdan sənədsiz evlərin sənədləşdirilməsi məsələsi hər zaman aktualdır və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində müvafiq addımların atılması mümkündür. Sənədsiz evlərə amnistiya verilməsi üçün əvvəlcə həmin evlərin yerləşdiyi ərazilərin təhlili və təftişi aparılmalıdır. Belə ki, təhlükəli ərazilədə, mühafizə zonalarında yerləşən evlərin sənədləşdirilməsini qeyri-mümkün hesab edirəm. Çünki hər bir strateji infrastruktiurun mühafizə zonası qanunla müəyyən olunub və bu ərazilərdə yerləşən evlər həm ev sahiblərinə təhlükədir, həm də həmin infrastruktura xidmət etməyi çətinləşdirir”.

Komitə sədrinin müavini vurğulayıb ki, vəziyyətlə bağlı yeni qərarların qəbul olunması labüddür:

“Amma təhlükəli hesab olunmayan və təyinata uyğun olmayan torpaqlarda tikilən evlər sənədləşməlidir.  Bu məsələni Milli Məclisin iclaslarında qaldırmışıq və yenə də ümumi bir problem olaraq qaldırılacaqdır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər bir üzvü Müşfiq Cəfərov 2026-cı ildə sənədsiz evlərlə bağlı qərarın sürətlənəcəyini düşünür. O, sənədsiz evlərin əksəriyyətinin 1990-cı illərin sonları və 2000-ci illərin sonlarında inşa edildiyini xatırladıb :

“Tikililərin böyük hissəsi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində-kənd təsərrüfatı təyinatlı, mühəndis-kommunikasiya xətləri üzərində və ya planlaşdırılmamış ərazilərdə salınıb. Məhz bu səbəbdən minlərlə ailə illərdir hüquqi sənədlər olmadan evlərində yaşamaq məcburiyyətindədir”.

Parlamentari qeyd edib ki, müzakirə olunan əmlak amnistiyası tətbiq ediləcəyi təqdirdə, müəyyən meyarlara cavab verən bəzi evlərə hüquqi status verilə, sakinlər mülkiyyət sənədləri ilə təmin oluna bilər:

“Əgər əmlak amnistiyası həyata keçirilərsə, vətəndaşlar evlərini rəsmiləşdirə, ipoteka və bank xidmətlərindən yararlana, əmlaklarını alqı-satqı və miras yolu ilə qanuni şəkildə ötürə biləcəklər. Həmçinin, bu addım daşınmaz əmlak bazarında şəffaflığın artmasına, şəhərsalma prosesinin daha planlı aparılmasına və vergi daxilolmalarının genişlənməsinə müsbət təsir göstərəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər bir üzvü Aydın Hüseynov 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin təsadüfi olmadığını qeyd edib:

“Çünki Bakıda keçirilən beynəlxalq tədbirlər bütün ölkələr üçün yüksək səviyyədə təşkil olunur, eyni zamanda nəticəli olur. Şəhərsalma istiqamətində ölkəmizdə görülən işlər çox təqdirəlayiqdir. Bakı şəhərinin tarixi abidələri,əvvəlki tarixi siması ilə yanaşı yeni tikilən binalar, müasir şəhərsalma elementlərinin olması nəticəsində Bakı xəzərin incisi sayılır. Qarabağ və şərqi Zəngəzur salınan şəhərlər, kəndlər, qəsəbələr çox müasir şəkildə qurulur. Ağıllı kənd layihələri də icra edilir, yaşıl enerjiyə keçid təmin olunur. “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar da böyük tədbirlər görüləcək, yeni-yeni nümunə və standartar müəyyən olunacaq”.

Parlamentari sənədsiz evlərlə bağlı məsələyə isə belə münasibət bildirib:

“Sənədsiz evlərin mövcudluğunun bir çox çətinlikləri olur. Evlər sənədli olduqda vətəndaş əmlakını girov qoyub bankdan pul götürüb iş qura və ya hər hansı fəaliyyət istiqaməti ilə məşğul ola bilər. Eyni zamanda bu zaman büdcə öhdəliyi yaranır, vergi verirlər. Hər iki mənada sənədsiz evlərin olması mənfi təsirini göstərir. Problemin aradan qaldırılması üçün qeyri-yaşayış əraziləri ilə bağlı məsələ öz həllini tapmaq üzrədir. Yaşayış sahələri ilə bağlı isə hesab edirəm ki, torpaqların kateqoriyaları tam məlum olduqdan sonra addım atıla bilər. Çünki belə evlər ya yaşayış üçün yox, kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarının üzərindədir, yaxud ayrı-ayrı dövlət qurumlarının ərazilərindədir.Ona görə torpağın kateqoriyası müəyyənləşdikdən sonra həmin evlərin sənədləşdirilməsinin çox vacib olduğunu hesab edirəm. Bu, vətəndaşların rahatlığını, mülkiyyət hüququnu təmin edən məsələ ola bilər və bu məsələnin öz həllini tapacağına əminəm”.

Deputat bu barədə seçicilərindən müraciətlərin də daxil olduğunu söyləyib:

“Əlbəttə, seçicilərimiz bizə müraciət edirlər. Biz də müvafiq qaydada məsələnin həlli üçün öz təkliflərimizi veririk. Güman edirəm ki, müvafiq dövlət qurumu tədbirlər planı hazırlayacaq və məsələ öz müsbət həllini tapacaq. Onu da qeyd edim  ki, evlərin çıxarışları olmadığı təqdirdə, sakinlər kommunal xidmətlərdən istifadə edə bilmir. Sənədsiz də olsa, insanlar ailələri ilə həmin evlərdə yaşayır və ev sənədsiz olduğuna görə qaz verilmir. Bu da problemdir. Məsələnin öz həllini tapması vətəndaşlarımız üçün çox əlverişli olar”.


SON XƏBƏRLƏR