“Qanazlığın yaranma səbəbi ən çox dəmir çatışmazlığı ilə əlaqədar olur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, eyni zamanda Fol turşusu və Vitamin B12 çatışmazlığı da qanazlığın əsas səbəbləri sırasında yer alır. Terapevt qeyd edib ki, bu cür hallarda insanlarda halsızlıq, tez yorulma, təngnəfəslik kimi əlamətlər müşahidə olunur.
Dediyinə görə, pasiyentlər adətən həkimə yorğunluq, halsızlıq, qəfil ayağa qalxarkən başgicəllənmə və ürək döyüntülərinin artması kimi şikayətlərlə müraciət edirlər. Bu əlamətlər bəzən digər xəstəliklərlə qarışdırıla bilər. Lakin vaxtında tibbi müraciət edildikdə problemin tam aradan qaldırılması mümkündür:
"Qanazlığı bəzi hallarda cərrahi əməliyyatlardan sonra da yarana bilər. Bu, əməliyyat zamanı itirilən qanla əlaqəli olur. Eyni zamanda yaş faktorunun da əhəmiyyətli rol oynadığı vurğulanıb. Uşaqlarda qanazlıq daha çox sürətli böyümə dövrlərində müşahidə olunur.
Hamiləlik dövründə yaranan qanazlığın isə daha ciddi fəsadlara səbəb ola biləcəyi qeyd edilib. Bununla belə, vaxtında diaqnoz və düzgün müalicə aparıldıqda bu hal hamilələr üçün təhlükə yaratmır".
N.Məhərrəmov genetik mənşəli qanazlıqlara da toxunulub. Onun sözlərinə görə, talassemiya kimi irsi xəstəliklər zamanı bəzi şəxslərin mütəmadi olaraq qan köçürülməsinə ehtiyac duya biləcəyi bildirilib. Həkim qeyd edib ki, bu genetik çatışmazlıq olsa da, nəzarət altında saxlanıla bilir.
Nahid Məhərrəmov sonda onu da qeyd edib ki, qanazlığın istənilən forması vaxtında həkimə müraciət edildiyi təqdirdə müalicə olunur və problemin həlli mümkündür.
Zeynəb Rzayeva
Bakı 




