• Bakı 19° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Diaspor hərəkatı güclənir: "Biz Azərbaycan naminə çalışacağıq"

LAYİHƏ

06 Avqust 2022 | 13:15

Diaspor hərəkatı güclənir: Biz Azərbaycan naminə çalışacağıq

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi 

Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərində Diaspor Gənclərinin Yay Düşərgəsi fəaliyyətinə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu ilin avqustun 2-də "Şuşa İli" çərçivəsində start verilən düşərgənin təntənəli açılış mərasimi keçirilib.

Avqustun 8-nə kimi davam edəcək “Diaspor Gənclərinin III Yay Düşərgəsi” Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı təşkil edilib. Layihənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Yay düşərgəsinə 50 ölkəni təmsil edən 115 azərbaycanlı gənc qatılıb. Bu layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.

Yay düşərgəsində gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, diaspor mövzusu mediada, mədəni maarifçilik işi, idman və digər mövzularda ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. Düşərgənin proqramına vətənpərvərlik mövzusunda tədbirlər də daxil edilib.

Proqrama əsasən, düşərgə iştirakçılarına Azərbaycan dili təlimi təşkil edilib. Təqdirəlayiqdir ki, düşərgə iştirakçıları, xüsusilə də xaricdə doğulub böyüyən gənclər arasında doğma dilimizi mükəmməl bilənlər olsa da, 115 nəfərin hər biri Azərbaycan dili təliminə qatılıb. 

Çıxışlarda dövlətin diaspor və gənclərlə iş sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilib, diaspor gənclərinin xaricdə ölkəmizin qeyri-rəsmi səfirləri olduqları, beynəlxalq tədbirlərdə tarixi vətənlərini ləyaqətlə təmsil etdikləri vurğulanıb.

44 günlük Vətən müharibəsi dönəmində xalqımızın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə fədakarlıqla çatdıran gənclərimizə minnətdarlıq ifadə edilib. Müstəqil Azərbaycan dövlətinə qarşı yönələn təhdidlərin və məqsədyönlü təxribatların önünün alınmasında gənclərin roluna diqqət cəlb edilib və bu istiqamətdə fəallıq göstərilməsi yollarından danışılıb. 

***

“Diaspor Gənclərinin III Yay Düşərgəsi”ndə təlimçi kimi iştirak edən Şimali Karolina ştatının Roli şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal layihə ilə bağlı təssüratlarını və görəcəkləri işləri bizim oxucularla bölüşdü. 

"Biz hazırda Şuşadayıq. Dünyanın 50-dən çox ölkəsində yüzlərlə gənc qatılıb. Bu dəfə mən düşərgəyə təlimçi kimi qatıldım. Bir çox sesiyalarda iştirak etdim. Sözün əsil mənasında yüksək səviyyədə düşərgə təşkil olunub. Bu tədbirin Şuşa şəhərində keçirilməsi xüsusilə əlamətdar hadisədir. 
Şuşa bizim 30 ildir həsrətlə gözlədiyimiz şəhərlərdəndir. Biz burdan dünyaya öz səsimizi çatdıracağıq.
Bütün dünya görəcək ki biz müzəffər ölkəyik. Dağdılmış tarixi abidələrimiz barəsində dünyanı məlumatdırmağa çalışacağıq. 

Hesab edirəm ki, diaspora və gənclər sahəsində bu kimi tədbirlərin keçirilməsi məqsədəuyğundur. Belə tədbirlər sayəsində gənclər təşkilatlanır, şəbəkələşir. Biz Şuşada yaşadığımız ölkəyə qayıdıb Azərbaycan naminə çalışacağıq",- deyə diaspora təşkilatının rəhbəri bildirib.  

A.İqbal qeyd edib ki, çıxış edənlər düşərgənin Azərbaycan diaspor hərəkatının güclənməsində, yeni nəsil diasporun formalaşmasında, xüsusilə xaricdə yaşayan gənclərin şəbəkələşməsində əvəzsiz rol oynadığı diqqətə çatdırlıb.

"Onu da bildirim ki, düşərgədə diaspora gənclərinin 44 günlük Vətən müharibəsinin qaziləri və şəhid ailələrilə görüşü də maraqlı və yadda qalan oldu. Müharibə iştirakçıları Azərbaycanın ərazi bütüvlüyü uğrunda zabit və əsgərlərinin qəhrəmanlıqlarından, xalqımızın mübarizə əzmindən danışdılar", - deyə A.İqbal bildirib. 

***

Macarıstanın paytaxtı Budapeşt şəhərindən düşrəgəyə qoşulan Nuranə Verdiyeva bildirib ki, o “Diaspor Gənclərinin III Yay Düşərgəsi” çərçisində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərində olmaqdan qürur duyuram.

"Biz bir neçə gündür burdayıq. Bu müddət ərzində Şuşanın işğal dövründə dağıdılmış tarixi abidələri ilə tanış olduq. Bizim şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlərimiz təşkil edildi.
Onu da bildirim ki, biz təlimlərdə və müzakirələrdə Azərbaycan dilində danışırıq. Diaspora gəncləri Azərbaycan dilində yaşadıqları ölkə, təhsilləri, iş təcrübələri, nailiyyətləri və diaspor fəaliyyətləri barədə məlumat verirlər.

Yay düşərgəsi imkan verdi ki, xaricdə yaşayan gənclərin 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək imkanları əldə edəcəklər", -deyə Nuranə Verdiyeva bildirib. 

Budapeştdə şirkətlərin birində biznes analtik vəzifəsində çalışan N.Verdiyeva bildirib ki, "Şuşa İli" münasibəti ilə dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir: "Şuşa ili çərçivəsində keçirilən bu tədbir xüsusilə əhəmiyyətlidir. Düşərgənin yüksək səviyyədə təşkil olunmasına görə Diaspora İşləri üzrə Dövlət Komitəsinə, Gənclər Fonduna xüsusi təşəkkür edirəm. Dünyanın dörd bir tərəfindən düşərgəyə qatılan və Azərbaycan həqiqətlərini dünyaya çatdıran həmyaşıdlarımla bir yerdə olmaqdan qürur duyuram. Belə gəncliyimiz olduğu üçün hər birimiz fəxr edə bilərik".

***

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib. 
Qeyd edək ki, Prezident İlham Əliyev hər zaman xaricdə yaşayan azərbaycanlıları tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə çağırıb. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında da dövlət başçısı dünya azərbaycanlılarını ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. “Diaspor Gənclərinin Yay Düşərgəsi” layihəsi də bu mərama xidmət edir. 

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


SON XƏBƏRLƏR

25 Aprel 2024