• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Brüssel görüşünün uğurları nələrdir? - AÇIQLAMA

LAYİHƏ

01 Sentyabr 2022 | 11:02

Brüssel görüşünün uğurları nələrdir? - AÇIQLAMA

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Azərbaycan son 30 ildə dünyada, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdüb, siyasi dəst-xətti, dövlətçilik siması, tərəqqi yolu ilə nüfuz qazanıb, milli inkişaf strategiyasını, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyasını, vahid ideologiyasını uğurla formalaşdırıb. Dövlətimizin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi prinsiplərin reallaşdırılması istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq tam gerçəkləşdirilməsini təmin edib. Dünən, 31 avqust tarixində Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti, cənab İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş keçirilib.

Bu görüşü Bakıvaxtı.az-a şərh edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, biz bu görüşün gedişatı ilə bağlı ancaq Aİ Şurasının rəhbəri Ş.Mişelin mətbuata verdiyi bəyanatdan tanış ola bilirik. “Bildiyimiz kimi bu görüşün təfərrüatı ilə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfindən açıqlama verilməyibdir. Cənab Mişel qeyd edib ki, bu görüşün keçirilməsi qərarı may ayında keçirilmiş son görüşdə verilib. Yəni bu görüş əvvəlcə keçirilmiş görüşün davamı olmaqla, müzakirə edilmiş məsələlər də eyni məsələlərdir. Qeyd edib ki, üçtərəfli görüşdən əvvəl o, hər iki ölkə rəhbərini qəbul edib. 31 avqust görüşü bu formatda dördüncü müzakirə hesab edilir. Bəyanatda da qeyd edildiyi kimi, müzakirələrin əsas mövzuları Cənubi Qafqazda baş verən son hadisələrə, Aİ ilə hər iki ölkə arasında münasibətlərə və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə həsr edilmişdir. Cənab Mişelin qeyd etdiyi kimi müzakirələr açıq və məhsuldar olub. O qeyd edib ki, müzakirədə son görüşdə əldə olunmuş razılaşmaların daha da irəliyə aparılması üçün kifayət qədər müsbət addımlar atılıb”.

Deputat M.İbrahimqızı qeyd edib ki, Mişel bəyanatında müzakirə olunmuş ayrı-ayrı məsələlər üzrə konkret fikirlərini də bildirib: “Aİ Şurasının Prezidenti qeyd edib ki, bu müzakirədə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi haqqında hər iki tərəflərlə razılaşma əldə edilibdir. Bəyanatda sülh müqaviləsinim mətn layihələri üzərində işləmək üçün hər iki ölkənin Xarici İşlər Nazirlərinə bir ay müddətində görüşməyi tapşırılıbdır. Aİ Şurasının prezidenti müzakirə olunmuş humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı da ətraflı müzakirələrin aparıldığını və Aİ-nın gələcəkdə də bu məsələlərlə məşğul olacaqdır. Bildiyimiz kimi, Azərbaycan və Ermənistan arasında müzakirə olunan problemlərdən biri də sərhəd məsələləridir. Cənab Mişel bəyanatında bu məsələyə toxunaraq sərhədlərin delimitasiyası və demarkasiya məsələsinin vacibliyini, eyni zamanda sərhədboyu təhlükəsizliyin və sabitliyin təmin edilməsi ilə bağlı məsələlərin müzakirə olduğunu bildirib. Xatırladım ki, Azərbaycan-Ermənistan dövlət sərhədində qanunsuz erməni silahlı dəstələri vaxtaşırı hərbi təxribat törədir”.

M.İbrahimqızı bildirib ki, son təxribat isə bu ilin iyul-avqust aylarında olub: “Azərbaycan hökuməti bu haqda beynəlxalq ictimaiyyətə və beynəkxalq təşkilatlara məlumat verib. Sözsüz ki, həm də silahlı erməni birləşmələri Azərbaycanın Qəhrəman Ordusu tərəfindən darmadağın edilib. Mişelin bəyanatından görünür ki, məhz Azərbaycan hökümətinin bu etirazı və sərhəddə törədilən erməni təxribatı görüşdə müzakirə edilib. Belə ki, Aİ Şurasının Prezidenti bildirib ki, bu ilin noyabr ayında Sərhəd Komissiyalarının növbəti iclasının Brüsseldə keçirilməsi haqqında tərəflər razılığa gəlib. Bəyanatda bildirilir ki, görüş zamanı nəqliyyat əlaqələri haqqında, eyni zamanda nəqliyyatın blokdan çıxarılmasının vacibliyi də geniş müzakirə olub. O, Aİ-nın Cənubi Qafqazda uzunmüddətli davamlı sülhə doğru dəstəyini və hər iki ölkənin və bu ölkələrin əhalisinin rifahı və iqtisadi inkişaf naminə Aİ bundan sonra da təkan verməyə davam hazır olduğunu bildiribdir".

"Tərəflər bu ilin noyabr ayının sonunda bu formatda yenidən görüşün keçirilməsinə razılışıb. Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün verdiyi bəyanatdan bir daha görürük ki, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilmiş dünənki görüşdə müzakirə olunmuş bütün məsələlər ilk gündən Azərbaycan tərəfinin verdiyi təkliflərlə demək olar ki, tam üst-üstə düşür. Hesab edirəm ki, 31 avqustda konstruktiv mühitdə keçən Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti uğurudur” – deyə, Məlahət İbrahimqızı bildirib.

Deputat Hikmət Babaoğlu isə bildirib ki, Brüsseldə əldə edilən nəticələr postmüharibə mərhələsində sülhə döğru mühüm dönüş kimi qiymətləndirilə bilər: “Bu, Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur. Postmüharibə dövrünün idarə olunması və sülh istiqamətində nəticənin əldə edilməsi gərgin səylər qətiyyət tələb edirdi. Azərbaycan bu mürəkkəb mərhələnin ilkin çətinliklərini arxada qoymağı bacardı. Nəzərə almaq lazımdır ki, bu nəticələr məğlub olmasına baxmayaraq sülh istəməyən bir ölkənin iradəsinə qarşı əldə edildi.Müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan daim sülhə qarşı təxribatlar törədir, üçtərəfli bəyanatın mətnini manipuliyasiya etməyə çalışır, gizli qapılar arxasında özünə yeni hamilər axtarırdı”.

Parlamentari H.Babaoğlu bildirib ki, Brüssel formatında keçirilən son görüşdə artıq aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil: “Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir. Beləliklə, Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlamaqdadır.İki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaqlar.Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq. Ermənilərin şiddətlə arzu etdikləri Minsk Qrupu yaxud ümumiyyətlə Qarabağ adı mətnin məzmununda olmayacaq. Şübhəsiz ki, bu Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmaq baxımından ciddi dönüşdür və danışıqların bu məcrada inkişaf etməsində Avropa İttifaqı (Aİ) və xüsusilə Aİ Şurasının prezidenti Şarl Mişelin önəmli rolu var. Qarşıdakı mərhələnin intensiv danışıqlar və inteqrasiya mərhələsinə çevirilməsi üçün ilkin şərtlər artıq mövcuddur”.

Nuranə Daxilqızı 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

18 Aprel 2024