Qaraciyərin piylənməsi ilə mübarizə üçün yaradılmış yeni ION224 preparatını uğurla sınaqdan keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədqiqatda ABŞ və Puerto-Rikodan metabolik əlaqəli steatohepatit (MASH) və qaraciyər fibrozu təsdiqlənən 160 pasiyent iştirak edib.
MASH və ya qeyri-alkoqollu steatohepatit piylənmə, şəkərli diabet və dislipidemiya kimi metabolik pozğunluqlarla əlaqəli qaraciyərin proqressiv xəstəliyidir. Bu xəstəlik qaraciyərdə artıq yağ yığıldıqda inkişaf edir və qaraciyər hüceyrələrinin iltihabına və zədələnməsinə gətirib çıxarır.
İştirakçıların birinci qrupuna preparat 51 həftə ərzində ayda bir dəfə, müxtəlif dozalarla verilib. Həmçinin plasebo təyin edilən nəzarət qrupu ilə müqayisələr aparılıb.
ION224 qaraciyərdə yağ yığıntılarının yaranmasına cavabdeh olan və hüceyrələrin iltihabı ilə əlaqəli DGAT2 fermentini bloklamaqla təsir göstərir.
Məlumatlara görə, preparatın 90 mq dozasını qəbul edən pasiyentlərin 46%-də, 120 mq dozasını qəbul edənlərin isə 59%-də qaraciyərin vəziyyətində yaxşılaşma müşahidə edilib. Müqayisə üçün, plasebo qəbul edənlərdə bu göstərici cəmi 19% olub.
Müalicənin xüsusiyyəti ondan ibarətdir ki, müsbət təsir bədən çəkisinin azalmasından asılı olmadan əldə edilib.
Alimlərin sözlərinə görə, bu, GLP-1 sinfinə aid olan Ozempiq kimi digər preparatlarla kombinə edilən müalicə üçün perspektivlər açır.
Bildirirlər ki, qeyri-alkoqollu steatohepatit qaraciyər sirrozunun və transplantasiyasının aparıcı səbəblərindən biridir. Tədqiqatçılar gələcəkdə ION224 preparatının tətbiqi ilə bu cür əməliyyatlara ehtiyacın azalacağına ümid edirlər.
Mina Mikayılova