• Bakı 21° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Sahibkarlığın inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir

LAYİHƏ

28 Iyul 2022 | 12:40

Sahibkarlığın inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir

6.3.12 azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azad sahibkarlıq və liberal iqtisadiyyatdan danışarkən öncə onu xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb və bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür.

Liberal iqtisadiyyatın verdiyi faydadan hansı yollarla daha çox yararlanmaq olar? Bu istiqamətin geniş yayılması üçün dövlət hansı tədbirlər həyata keçirə bilər?

Son illər iqtisadçıların gündəmə gətirdiyi ən aktual məsələlər məhz bu suallar ətrafında cəmləşib. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Güclü və demokratik dövlətin qurulması üçün azad sahibkarlığın və liberal iqtisadiyyatın təmin edilməsi çox önəmlidir. Məhz güclü iqtisadiyyat dövlətin hərbi-siyasi potensialını artırır. Beləcə iqtisadiyyatı dirçələn ölkə diqtə edən tərəfə çevrilir. İqtisadiyyatın inkişafı isə sahibkarlara münbit şəraitin yaradılması, azad bazar və rəqabət mühitinin formalaşdırılması ilə sıx bağlıdır. Elə bu səbəbdən də Azərbaycan hökumətinin qarşıya qoyduğu vəzifələr arasında azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili məsələsi önəmli yer tutur.

Azad sahibkarlığın və bütövlükdə liberal iqtisadiyyatın formalaşması bu gün həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. Liberal iqtisadiyyat həm də xalqlar arasında ticarətin asanlaşdırılmasını, məhsul və xidmətin azad hərəkətini, hər iki tərəfin maksimum yararlana biləcəyi iqtisadi fəaliyyəti nəzərdə tutur.

Qeyd edək ki, ölkəmizdə azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafina xüsusi diqqət göstərilməsinə baxmayaraq, Azərbaycanda Rəqabət Məcəlləsi 2008-ci ildə ilk oxunuşdan keçsə də, bu günə qədər qəbul olunmayıb. Bunun səbəbləri nələrdir? Azad sahibkarlıq və liberal iqtisadiyyatın təşkilin üçün qanunvericilikdə hansı dəyişiklərə ehtiyac var?

Vüqar Bayramov: Gizli iqtisadiyyata qarşı mübarizə iqtisadiyyatın ağarmasına xüsusi töhvə verib

Millət vəkili Vüqar Bayramov Bakıvaxtı.az-a bildirib ki, sahibkarlığın inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir: “Nəzərə alaq ki, həm yeni qəbul olunmuş inkişaf strategiyasında, həm də əvvəlki dövlət proqramlarında sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması və bütövlükdə sektorun dəstəklənməsi ilə bağlı işlərin genişləndirilməsi əsas istiqamətlərdən olub”.

V.Bayramovun sözlərinə görə, təbii ki, bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi və davam etdirilməsi ilə bağlı yeni strategiyada prioritetlər müəyyənləşdirilib. Sahibkarlığın inkişafı, liberal iqtisadiyyatın formalaşması, eyni zamanda, gizli iqtisadiyyata qarşı mübarizədən və onun məsələlərindən birbaşa asılıdır.

Azərbaycanda son illər gizli iqtisadiyyata qarşı aparılan mübarizə iqtisadiyyatın ağarmasına, xüsusən də məşhurluğun rəsmiləşməsinə xüsusi töhvə verib. Amma, təbii ki, bu istiqamətdə işlərin davam etdirilməsi vacibdir: “Son müşavirədə Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, güclü iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi ilə bağlı yeni tədbirlər həyata keçiriləcək”.

Deputat qeyd edib ki, bunlar, eyni zamanda, sahibkarlığın inkişafını dəstəkləyən faktorlardan olacaq: “Təbii ki, biz, xüsusən də bölgələrdə sahibkarların daha çox dəstəklənməsi və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsini təklif edirik. Bölgələrdə sahibkarlara yersiz müdaxilələrin aradan qaldırılması çox vacibdir, çünki yersiz müdaxilələr sahibkarlar üçün əlavə xərcdir və onların fəaliyyətlərinə neqativ təsir göstərir. O baxımdan, bu istiqamətdə işlərin sürətləndirilməsi, xüsusən də yerli səviyyədə sahibkarın fəaliyyətinin müdaxilənin tamamilə aradan qaldırılması olduqca vacibdir”.

Millət vəkili bölgələrdə fəaliyyət göstərən sahibkarların güzəştli kreditlərə çıxış imkanının artırılmasına ehtiyac duyur. V.Bayramov Mərkəzi Bankın məlumatına istinadən bu gün kredit portfelinin 80%-nə yaxınının məhz Bakı şəhərinin payına düşdüyünü deyib: “Ona görə, bölgələrdə yaşayan sahibkarların kreditlərdən istifadə imkanlarının genişləndirilməsi olduqca vacibdir. Bütövlükdə azad sahibkarlığın inkişafı və liberal iqtisadiyyatın formalaşması ilə bağlı fəaliyyətlər davam etdiriləcək. Növbəti payız sessiyasında Rəqabət Məcəlləsi, eyni zamanda, dövlət satınalmaları ilə bağlı yeni qanun müzakirəyə çıxarılacaq. Təbii ki, bunlar da sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradacaq”.

V.Bayramov vurğulayıb ki, Rəqabət Məcəlləsi artıq Nazirlər Kabinetinə təqdim olunub: “Güman olunur ki, payız sessiyasında Milli Məclisə təqdim olunacaq. Təbii ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsi çox vacibdir. Bununla bağlı artıq praktiki olaraq real addımlar atılır. Dövlət satınalmaları ilə bağlı yeni qanunvericilik layihəsi hazırlanıb, o da yaxın zamanlarda Milli Məclisə təqdim olunacaq. Vergi Məcəlləsində dəyişikliklər mütamadi olaraq həyata keçirilir, eyni zamanda, yeni büdcə məcəlləsi hazırlanır. Praktiki olaraq qanunvericilik bu istiqamətdə ciddi şəkildə təkmilləşir. Biz artıq payız sessiyasında birbaşa liberal iqtisadiyyatın inkişafı ilə bağlı kifayət qədər ciddi qanunvericilik layihələrinin müzakirəsinin şahidi olacayıq”.

Natiq Cəfərli: İnstitusional baza olmalıdır ki, liberal iqtisdiyyat modelinə keçid baş verə bilsin

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, liberal iqtisadi modelə keçidin əsasını, qəribə səslənsə də, heç də təkcə iqtisadi proseslər təşkil etmir. Onun sözlərinə görə, bu, kompleks məsələdir. Bura qanunvericilik, məhkəmə hakimiyyəti, normal vergi və gömrük siyasəti və s. bütün bunlar liberal iqtisadi modelə keçidin qanunvericilik bazasını təşkil edir. Təməlini də, təbii ki, rəqabət təşkil edir.

“Ona görə də, Azərbaycanda Rəqabət Məcəlləsi 2008-ci ildə ilk oxunuşdan keçsə də, bu günə qədər qəbul olunmayıb. Bu da rəqabətli mühitin formalaşmamasında mühüm rol oynayır. Artıq 14 ildir ki, Rəqabət Məcəlləsini qəbul etmə gecikdirilir”.

N.Cəfərliyə görə, bu institusional baza olmalıdır ki, liberal iqtisdiyyat modelinə keçid baş verə bilsin.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Aprel 2024