• Bakı 16° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

“Manatlıq”lar avtobus zolağı ilə gedə bilərmi? – AYNA AÇIQLADI

CƏMİYYƏT

14 Oktyabr 2025 | 14:59

“Manatlıq”lar avtobus zolağı ilə gedə bilərmi? – AYNA AÇIQLADI

Hər gün minlərlə insan Sumqayıtdan Bakıya və ya əks istiqamətdə hərəkət edir. Mənzil başına çatmaq üçün bəziləri şəxsi avtomobildən, digərləri avtobusdan, bəziləri isə yoldan keçən tanımadıqları şəxslərin nəqliyyat vasitəsindən istifadə edir.

Əksər sərnişinlər isə “manatlıq” adlandırılan şəxsi avtobuslara üstünlük verirlər. Sözügedən avtobuslar Sumqayıtın demək olar ki, istənilən ərazisinə getdiyi üçün sərnişinlər üçün daha əlverişli hesab olunur. Çünki əsas marşrut avtobuslarından fərqli olaraq, bu nəqliyyat vasitələrindən istifadə edənlər əlavə nəqliyyata ehtiyac duymur, evlərinə daha yaxın ərazilərdə düşə bilirlər.

Adətən həmin avtobuslar avtobus zolağından istifadə edirdilər. Lakin son günlərdə onlara avtobus zolağına girmək qadağan edilib. Bu isə eyni zamanda sərnişinlərdə narazılıq yaradır. Çünki avtobuslardan istifadə etməkdə əsas üstünlüklərdən biri də onların zolaqla hərəkət etməsi və mənzil başına vaxtında çatmaları idi.

Son günlər yaranan vəziyyət həm sürücülərdə, həm də sərnişinlərdə haqlı suallar doğurur: bu avtobuslar zolaqla hərəkət etmək hüququna malikdirmi? Və ya icazə hansı hallarda verilir?

Azərbaycan Yürüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən nəqliyyat vasitələri sifarişli sərnişindaşıma həyata keçirirlər.

Qurumdan nəzərə çatdırılıb ki, qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur:

"Daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar. Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulur. Qeyd edək ki, icazə olmadan sərnişindaşıma fəaliyyət göstərmək inzibati məsuliyyət yaradan haldır".

AYNA-dan bildirilib ki, "Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, müvafiq nişanlarla işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır:

"Ümumi istifadədə olan nəqliyyat vasitələri dedikdə sözügedən qanunun birinci maddəsində, əsas anlayışlar hissəsinə əsasən, sərnişin daşınması üçün nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunmuş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi nəzərdə tutulur. Digər nəqliyyat vasitələrinin ora daxil olmasına icazə verilmir. Beləliklə, təşkil edilən xüsusi hərəkət zolaqları ilə yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilər".

Mina Mikayılova


SON XƏBƏRLƏR