"3+3" regional platformasının iclasının ilin sonuna kimi ya İrəvanda, ya da Bakıda keçirilməsi planlaşdırılır.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycanla təmasdayıq, çünki prioritet məsələ var. Səfir deyib ki, Ermənistan və Azərbaycan tərəfləri belə bir görüşün keçirilməsinə hazırdırlar:
“Onlar prioritet qaydanı razılaşdırmalıdırlar və biz bunu hər cür dəstəkləyirik".
Bakının təklif etdiyi bu platformanın növbəti iclası region üçün nələr vəd edir?
Mövzu ilə bağlı ƏHD sədrinin İctimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, "3+3" formatı region ölkələri üçün çox əhəmiyyətlidir:
"3+3 formatını irəli sürən Azərbaycan tərəfi region ölkələrinin bir-biri ilə sıx əməkdaşlıq platformasını təklif edib. Üç Cənubi Qafqaz ölkəsi və Türkiyə, Rusiya, İranı əhatə edən bu platforma bütün region ölkələri üçün vacib platformadır. Platforma iştirakçıları bu yolla aralarında olan problemləri həll edə bilərlər. Çünki bu zaman ölkələr arasında olan müəyyən problemlər, məsələn, İranın Azərbaycandan və ya Gürcüstanın Rusiyadan olan çəkingənlikləri aradan qalxacaq. Ermənistan və Azərbaycan arasında artıq problem demək olar ki, həll edilib. Bu baxımdan ölkələr özlərini rahat hiss edəcək və daha çox iqtisadi əməkdaşlığa yönələcəklər".
Azər Qasımov: Görüşün iki ölkədən birində baş tutması fikri hələlik yerində deyil
Nəzərdə tutulan görüşü şərh edən A.Qasımovun fikrincə, Azərbaycan və Ermənistan arasında prioritet məsələ dedikdə ehtimalla Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur.
"Hesab edirəm ki, görüşün iki ölkədən birində baş tutması fikri hələlik yerində deyil. Sülh müqaviləsi imzalanmayana qədər dövlət rəhbərlərinin bir-birinə qarşılıqlı səfər etməsi xüsusən də Azərbaycan Prezidenti üçün mümkün olmaz", - deyə müsahibimiz vurğulayıb.
Qeyd edək ki, "3+3" əməkdaşlıq platforması Azərbaycanın Qarabağ Zəfərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə birgə hazırladıqları Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət olan bir platformadır. Hesablamalara görə, "3+3" formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir.
Gülşən Şərif