• Bakı 15° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Xalqa xidmət, güclü dövlət: Prezidentin yol göstəricisi

SİYASƏT

13 Noyabr 2025 | 11:53

Xalqa xidmət, güclü dövlət: Prezidentin yol göstəricisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət idarəçiliyi siyasətinin mərkəzində vətəndaşa xidmət prinsipi dayanır. Dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, dövlət məmurunun əsas vəzifəsi xalqa xidmət etmək, onun problemlərinə həssas yanaşmaq və məsuliyyətlə fəaliyyət göstərməkdir. Dövlət başçısının Naxçıvanda yeni təyin olunan icra başçıları və Prezidentin səlahiyyətli nümayəndəsi ilə görüşü zamanı səsləndirdiyi “Hər bir rəhbər ilk növbədə xalqa xidmət etməlidir, xalqla bir yerdə olmalıdır” fikri bu siyasətin mahiyyətini aydın şəkildə ifadə edir.

Bu çağırış həm dövlət qulluqçularının, həm də rəhbər kadrların fəaliyyətində şəffaflığın, ədalətin və təvazökarlığın vacibliyini bir daha önə çəkir. İlham Əliyev vurğulayıb ki, rəhbər vəzifədə çalışan şəxs yalnız peşəkarlığı ilə deyil, həm də şəxsi davranışı, ailə və ictimai münasibətlərdəki nümunəvi mövqeyi ilə cəmiyyətə örnək olmalıdır. Çünki məmurun hərəkəti təkcə onun özünü deyil, həm də dövlətin imicini, hakimiyyətin cəmiyyətlə olan etimad körpüsünü təmsil edir.

Dövlət başçısının korrupsiya və rüşvətxorluqla bağlı sərt xəbərdarlığı isə bir daha göstərir ki, Azərbaycanda qanunsuzluğa və özbaşınalığa qarşı sıfır tolerantlıq prinsipi tətbiq olunur. Prezidentin “Əyri yola gedən hər bir dövlət məmuru qanun qarşısında cavab verməli olacaq” fikri idarəetmədə məsuliyyətin, şəffaflığın və hesabatlılığın əsas prioritetə çevrildiyini nümayiş etdirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək, iqtisadi inkişafın əsas məqsədinin insan amili olduğunu vurğulayıb:

"Bu istiqamətdə regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı və vətəndaş rifahının yüksəldilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Dövlət başçısı regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, infrastrukturun yenilənməsi, içməli su, qaz, yol, enerji və digər layihələrin icrası ilə bağlı ardıcıl nəzarət həyata keçirərək ölkənin hərtərəfli inkişafına şərait yaradıb".

Vüqar Rəhimzadə: nun “Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədi bu gün də əməli fəaliyyəti ilə öz təsdiqini tapmaqdadır

Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, dövlət məmurlarının başlıca vəzifəsi xalqa xidmət etmək, təvazökar və ədalətli olmaqdır:

"O, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni, məmur-vətəndaş münasibətlərində şəffaflığın və etimadın təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlət qurumlarının fəaliyyətində sosial ədalət prinsipinin üstünlüyü, vətəndaş məmnunluğunun artırılması və etik davranış qaydalarına əməl olunması Prezidentin rəhbərliyində aparılan islahatların əsasını təşkil edir".

Müsahibimiz sonda qeyd edib ki, bu siyasətin nəticəsində ölkənin bütün bölgələrində dinamik sosial-iqtisadi inkişaf təmin olunub, dövlət-vətəndaş münasibətləri yeni müstəviyə keçib. Prezident İlham Əliyevin məqsədi hər bir Azərbaycan vətəndaşının layiqli həyat şəraiti ilə təmin olunması, dövlət məmurlarının isə xalqın etimadını doğruldaraq xidmət mədəniyyətini və məsuliyyətini daim yüksək səviyyədə saxlamaqdır. Onun “Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədi bu gün də əməli fəaliyyəti ilə öz təsdiqini tapmaqdadır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Noyabr 2025