ABŞ-nin ən böyük banklarından biri olan "JPMorganChase" milli iqtisadi təhlükəsizliyi və dayanıqlığı gücləndirmək məqsədi daşıyan 1,5 trilyon dollar dəyərində 10 illik "Təhlükəsizlik və Dayanıqlıq Təşəbbüsü"nü elan edib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə bankın mətbuat xidməti açıqlama yayıb.
Açıqlamaya görə, "JPMorganChase" bankı kritik minerallardan tutmuş qabaqcıl texnologiyalara qədər əsas sektorlardakı ehtiyacları ödəmək üçün 1,5 trilyon dollarlıq təşəbbüsün bir hissəsi olaraq, birbaşa kapitala 10 milyard dollara qədər sərmayə qoyacaq.
Bu təşəbbüs çərçivəsində ABŞ-də seçilmiş şirkətlərin böyüməsi dəstəklənəcək, innovasiyaları təşviq etmək və strateji istehsalı sürətləndirmək üçün birbaşa kapital və vençur investisiyaları vasitəsilə investisiya qoyulacaq.
Qeyd olunub ki, "JPMorganChase"nin dörd əsas sahəyə diqqət yetirəcəyi bildirilir. Bura təchizat zənciri və qabaqcıl istehsal, müdafiə və aviasiya, enerji müstəqilliyi və dayanıqlılıq, o cümlədən gələcək nəsil və strateji texnologiyalar daxildir.
Bu təşəbbüsün əhatə dairəsinə uyğun olaraq, bank daha çox investisiya mütəxəssisi, bankir və sektor məsləhətçilərini işə götürəcək, dövlət və özəl sektordan təcrübəli şəxslərdən ibarət kənar məsləhət şurası yaradılacaq.
Gülşən Şərif