• Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Universitetlərimiz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarını necə həyata keçirir?

LAYİHƏ

26 Avqust 2022 | 15:41

Universitetlərimiz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarını necə həyata keçirir?

6.3.16 Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinin bilavasitə cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etdiyi və bunun da çox əhəmiyyətli olduğu nəzərə alınaraq Azərbaycanda bu istiqamətdə mühüm işlər görülüb və görülməkdədir. Xüsusən də təhsil sistemində müşahidə edilən yeniliklər diqqətdən yayınan deyil və cəmiyyətimiz tərəfindən müsbət qarşılandığı da göz önündədir.

Hər zaman dövlət siyasətinin əsas prioritetlərindən olan təhsilimizin inkişafı bu gün də öz aktuallığını qoruyur və əbəs yerə deyil ki, Azərbaycanda məhz təhsil sektorunun daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atılır, əsaslı işlər görülür. Ölkəmizdə bu istiqamətdə daha böyük uğurlara nail olmaq üçün qəbul olunan proqramlar yalnız təhsilimizin inkişafına xidmət edir.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi üçün ali təhsil müəssisələrinin də rolu əvəzolunmazdır. Bu proqramlar vasitəsilə inkişaf etmiş tələbə, hər bir gənc Azərbaycanın gələcəyədir.

Qoşqar Məhərrəmov:  Elmi fəaliyyətlərə müxtəlif icmaların təbəqələrindən insanlar cəlb olunmalıdır

Təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, elmi-kütləvi, mədəni-maarif proqramları dedikdə elmin kütləviləşməsi, artıq praktiki bir həyat tərzinə çevrilməsi üçün şagirdlərin, müəllimlərin, hətta elmlə əlaqəsi olmayan vətəndaşların universitet tədbirlərində iştirakı, universitetlərin hansısa bir üsulla onları prosesə cəlbi etməsi, eyni zamanda, onların fəaliyyətinə dəstəyi kimi başa düşülür və nəzərdə tutulur. Ona görə də, elmin kütləviləşməsi adına, elmi fəaliyyətlərə müxtəlif icmanın təbəqələrindən insanların cəlb olunması arzuolunandır: “Yəni, arzu edilən budur ki, universitetdə elmi ağızla deyil, hamının başa düşəcəyi dildə müəyyən tədbirlər olsun. Məsələn, universitetin biologiya ixtisası varsa, həmin biologiya ixtisasında arıların yaşam tərzi öyrənilibsə, onu ətrafdakı arıçılıqla məşğul olan insanları dəvət edərək onlarla bölüşmək arzulanan gözəl bir haldır”.

Ekspert qeyd edib ki, beləliklə, universitet bir tədqiqat aparmış olacaq: “Məsələn, universitet bu tədqiqatda arıların məhsuldarlığını artırmağın bir üsulunu tapıbsa, onu icma ilə bölüşəcək, arıçılar da bundan faydalanmış olacaq. Tədqiqatın aparılması prosesində isə universitet müəllimləri və ya gənc tədqiqatçılar praktiki olaraq arıçılıq təsərrufatında iştirak edib orada prosesləri izləmək, ekperimentlər aparmaq kimi işləri görəcək. Beləcə, cəmiyyət və sahə ilə elm birləşmiş, qovuşmuş olacaq. Mədəni-maarif proqramları baxımdan isə universitetin bir xor dərnəyi, vətənpərvərlik, folklor, ədəbiyyat klubları ola bilər. Bu klublar həm tələbələrin mədəni maarifliyini artırar, həm də ki icmaya töhvələr verər. Universitetlər dərslərini, klublarını, fəaliyyətini, fiziki məkanlarını, resurslarını icmaya açmalıdır. Yəni icma, ətraf mühit universitetin həm elmi, həm də fiziki resurslarından istifadə edə bilməlidir. Bu, bəzən ödənişli, bəzən ödənişsiz ola bilər”.

Q.Məhərrəmov vurğulayıb ki, eyni zamanda, universitet qapalı bir sistem olmaqdan çıxaraq açıq bir sistem yanaşmasına doğru getməli və icmanın müxtəlif təbəqələrinə nüfuz etməli, oralarda müxtəlif fəaliyyətlərlə məşğul olmalıdır. Mən sadəcə biologiya ixtisası üzərindən nümunə verdim: “Bu inşaat mühəndisliyində, elektrik mühəndisliyində, tarix, coğrafiya, ekologiya ixtisasında da ola bilər. Beləliklə, icmada ali təhsil və elmə maraq yaranacaq, universitetlər də sahəni daha yaxından yaxşı öyrənmiş olacaqlar. Bu mənada universitetin cəmiyyətlə sintezinə çox ehtiyac var. Belə olduqda elmin kütləviləşməsi və cəmiyyətin mədəni maarif səviyyəsinin artması reallaşmış olar”.

Elvin Bədəlov:  Elmin kütləviləşməsi təsadüfi insanların da bu sahədə ciddi pay almasına gətirib çıxarır

Təhsil eksperti Elvin Bədirov Bakıvaxtı.az-a bildirib ki, tarixən Azərbaycan elminin ən mühüm mərkəzlərindən biri olub: “Biz bunu 13-14-17-ci əsrlərdə, hətta 20-ci əsrin ortalarında belə Azərbaycanda alimlərin etdiyi kəşflər və ixtiralarla, Azərbaycanın dünya mərkəzində bir mədəniyyət, elm mərkəzlərindən biri olduğunu əyani görürük. Sadəcə son dövrlərdə, xüsusilə müstəqillikdən sonrakı dövrlərdə biz mövcud ənənələrin davam edə bilmədiyini görürük. Deməli, bizim mədəni-maarif, elmi-kütləvi tədbirlərlə bağlı proqramlarımız yetərli deyil. Baxmayaraq ki, bununla bağlı müxtəlif dövrlərdə 5-10 illik islahat proqramları aparılır, böyük miqyasda ciddi maliyyə ayrımları olur, mexanizmin həyata keçirilməsində müəyyən problemlərin olduğu aşkardır. Düzdür, bununla bağlı tələbələrin xarici universitetlərə göndərilməsi, gələcəkdə onların ölkəyə qayıdaraq təcrübələrindən ölkə miqyasında və qlobal miqyasda istifadə edilməsi planlaşdırılsa da, ya mühim bir tələbə kütləsinin ölkələ qayıtmaqdan imtina etməsinin, ya da digər qisim tələbə kütləsinin ölkəyə qayıtdıqdan sonra strateji istiqamətdə tamamilə başqa sahələrdə fəaliyyət göstərməsinin şahidi oluruq”. Ekspertin sözlərinə görə, məlumdur ki, Azərbaycan universitetləri dünyanın top universitetləri sırsına daxil ola bilməyib: “2022-ci ildə edilən bir araşdırma var. “Webometrics” reytinq dünaynın 30 minə qədərini əhatə edir ki, Azərbaycanın 48 universiteti həmin reytinq cədvəlində yer alıb. Onların içərisində ən yüksək nəticə Bakı Dövlət Universitetinə aiddir ki, o da ilk 5 min siyahısında 3319-cu yerdədir. Digər universitetlərimiz isə daha çox 10, hətta 30 mininci sırada qərarlaşa bilib. Dövlət proqramlarının universitetlərdə tamamilə keyfiyyətli tədbiq edilməməsi, azərbaycanlı elm xadimlərinin aidiyyatı istiqamətlər üzrə çalışa bilməməsi, universitet nümayəndələrinin, pedoqoji heyətin, professor və akademiklərin ölkə xaricindəki jurnallarda məqalələrinin, araşdırmalarının nəşr edilməməsi, eləcə də, ölkə universitetlərimizdə xarici ölkə tələbələrinin az sayda təmsil olunması həmin statistikanın ortaya çıxmasına gətirib çıxarır. Məsələ ondan ibarətdir ki, bu istiqamətdə ciddi islahat proqramları var”.

E.Bədirov vurğulayıb ki, xüsusilə bu il cənab prezident tərəfindən təsdiqlənən tələbələrin strateji istiqamətlər üzrə xaricə göndərilməsi və onların xüsusi istiqamətlər üzrə ölkəyə qayıdıb həmin sahələrdə fəaliyyət göstərməsi ilə bağlı strateji yol xəritəsi müəyyənləşib: “Mən ümid edirəm ki, bu istiqamət bu dəfə uğurlu alınacaq və yaxın 5-10 il ərzində biz bunun ölkə üçün işartılarını görəcəyik. Azərbaycan yenidən elmin, mədəniyyətin, ümumilikdə təhsilin əsas mərkəzlərindən birinə çevriləcək. Düzdür, tarixən mədəniyyət, elm, təhsil Şərqdə yaranıb, Qərbdə genişlənsə də, hazırkı dövrdə daha qlobal xarakter daşıyır. Elmin kütləviləşməsi təsadüfi insanların da bu sahədə ciddi pay almasına gətirib çıxarır. Mən düşünürəm ki, elm kütləviləşməsi ilə bərabər biz daha spesifik adamların ortaya çıxarılacaq layihələrin həyata keçirilməsi, xüsusilə televiziyalarda elmi araşdırmaların, maariifləndirmənin reallaşdırılması, universitetlərlə labaratoriya şəraitində proqramlar arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi yaxşı olardı”.

Bəs universitetlərimiz nə deyir?

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva Bakıvaxtı.az-a bildirib ki, BDU üzrə hər tədris ili üçün tədbirlər planı hazırlanır və plana uyğun tədbirlər keçirilir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, universitetdə tələbələr üçün elmi-kütləvi, mədəni-maarif proqramları təşkil olunur: “Misal üçün, biz hər il may ayında ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar tələbə magistrantların respublika elmi konfransını təşkil edirik. Bundan başqa, onlar üçün elmi seminarlar, vebinarlar təşkil olunur. Mədəni-maarif proqramlarına gəldikdə isə, bununla bağlı müəyyən tarixi günlərdə bizim geniş layihələrimiz olur. Tarixi günlərə həsr olunmuş deputatlar, tanınmış şəxslər, sayılıb-seçilən insanlar, məzun olmuş uğurlu tələbələrlə görüşlər, tədbirlər təşkil olunur. Fakültələrarası olimpiadalar, şahmat yarışları təşkil olunur. Ölkədə keçirilən müxtəlif idman istiqamətində bizim tələbələrimiz iştirak edir. Əvvəllər onları idman kafedrası, indi isə idman klubunun əməkdaşları yetişdirilər. Ölkə səviyyəsində keçirilən debat yarışlarında da tələbələrimiz yürlər qazanıblar. Yəni AZMİU-də hər zaman belə mədəni kütləvi proqramlar hazırlanır və tədris ili boyu həyata keçirilir”.

Azərbaycan Dillər Univeristetinin mətbuat katibi Cavid Zeynallı Bakıvaxtı.az-a bildirib ki, ADU-da mütamadi olaraq elmi-kütləvi, mədəni-maarif xarakterli tədbirlər təşkil olunur: “Bu tədbirlərin təşkili əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir. Universitetdə məhz bu işlə məşğul olmaq üçün tələbələrlə iş və tədbirlərin təşkili adında şöbə fəaliyyət göstərir. Həmin şöbə müxtəlif dövlət tədbirlərində, eyni zamanda, əlamətdar günlərdə tələbələrdən ibarət elmi kontingentlərdə tədbirlər edirlər. Universitetdə tələbə həmkarlar ittifaqının xətti ilə tələbələrin yaradıcılığından ibarət onların istedadını üzə çıxarmaq üçün müxtəlif işlər həyata keçirilir”.

C.Zeynallının sözlərinə görə, tələbələr bu tədbirlərdə çox fəal və həvəslə iştirak edirlər: “Xüsusi olaraq qeyd edim ki, Azərbaycan Dillər Universitetində tələbələrə yönəlmiş müxtəlif dərnəklər, klublar fəaliyyət göstərir. Bu klublar da tələbələrin asudə vaxtlarının təşkilinə olduqca böyük töhvə verir. Universitetdə təkcə mədəni-kütləvi deyil, eyni zamanda, müxtəlif elmi tədbirlər təşkil olunur. Burda təkcə tələbələr yox, eyni zamanda, respublikanın məktəblərindən şagirdlər də iştirak edirlər. Universitetdə hər il tələbə şagird konfransl keçirilir”.

Azərbaycan Universitetinin mətbuat katibi Lalə Dilanova Bakıvaxtı.az-a bildirib ki, elmi-kütləvi, mədəni-maarif xarakterli tədbirlər universitetin fəaliyyətinin tərkib hissəsidir: “Əlamətdar və tarixi günlər, rəsmi və milli bayramlar tələbələrimizlə birlikdə müvafiq tarixlərdə mütləq qeyd olunur. 20 yanvar - Ümumxalq Hüzn Günü, 26 fevral - Xocalı Soyqırımı Günü, 31 dekabr - Azərbaycanlıların Soyqırımı Günü, 27 sentyabr - Anım günü kütləvi tədbir və sərgilər təşkil edirik, universitet heyətinin Şəhidlər Xiybanına, Xocalı abidəsinə ziyarəti təşkil olunur. BMT günlərini də qeyd edirik. Fakültələr üzrə tələbə elmi cəmiyyətləri fəaliyyət göstərir ki, onların keçirdikləri tədbirləri də dəstəkləyirik. Müxtəlif dövlət qurumları ilə birgə müxtəlif mövzularda maarifləndirmə tədbirləri də təşkil edirik”.

Dediyinə görə, görkəmli mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin həyat və fəaliyyətinə həsr olunmuş yaradıcılıq gecələri, ədəbi-bədii tədbirlərin keçirilməsi də universitetin ənənələrindən biridir: “Tələbələr arasında idman və bilik yarışları da təşkil olunur. Tələlərimiz həm universitet daxili, hem respublika üzrə, həm də beynəlxalq müsabiqələrdə iştirak edirlər. Tələbələrimizin beynəlxalq proqramlaşdırma müsabiqələrində yaxşı nəticələri var. Bütün tədbirlər arxivləşdirilir və universitetin saytına yerləşdirilir”.

Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov Bakıvaxtı.az-a qeyd edib ki, şübhəsiz, tələbə həyatı yalnız təhsildən, mühazirə və seminarlardan, imtahanladran ibarət deyil: “Qərbi Kaspi Universitetində bu baxımdan rəngarəng bir mühit formalaşıb. Xüsusilə müxtəlif klublar tələbələrin həyatına rəng qatır. Tələbələrimizin idman, müxtəlif musiqi, dağçılıq, danışıq, robototexnika, turizm, eko-klub, intellektual oyunlar, gənc filosoflar, psixologiya və s klublarda həm özlərini inkişaf etdirmək, həm də asudə vaxtlarını maraqlı, əyləncəli keçirmək imkanları var”.

Eyni zamanda, müxtəlif tarixi günlər, hadisələrlə bağlı təşkil olunan tədbirlər də bu baxımdan əhəmiyyətlidir: “Bildiyiniz kimi, universitetimizə xarici universitetlərin professor və müəllimləri sıx-sıx gəlirlər və onların apardığı təlimlər, seminarlar, eləcə də onların iştirakı ilə keçirilən tədbirlər maraqla qarşılanır və tələbələrin inkişafında əhəmiyyətli rol oynayır. Məsələn, bu yay yerli və əcnəbi müəllimlərin iştirakı ilə təşkil olunan Yay Məktəbi, düşünürük ki, tələbələrimiz üçün unudulmaz oldu. Eyni zamanda, hər il universitetimizin təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfranslarda professor-müəllim heyəti ilə yanaşı, tələbələrimiz də fəal iştirak edirlər”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

18 Aprel 2024