• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Regionlarda görülən işlər yeni qələbələrə zəmin yaradır"

LAYİHƏ

22 Iyul 2022 | 10:57

Regionlarda görülən işlər yeni qələbələrə zəmin yaradır

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir. Artıq gözlə görünən bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Buna səbəb amillərdən də biri odur ki, regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır.

Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olub. Ötən dövr ərzində Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində ərazilərimizin azad edilməsi inkişaf baxımından ölkəmizə əlavə dividendlər qazandıracaq. Çünki kifayət qədər böyük olan bu ərazilərin iqtisadi potensialı da genişdir. Həmin bölgələrdə bərpa və quruculuq işlərinin sürətlə davam etməsi regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin başlandığını göstərir.

Ölkə başçısı İlham Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bu hədəfləri müəyyən edərək, yeni dövlət dəstək proqramının olacağını elan etdi. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu proqramlar regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında, eləcə də yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb. Hazırda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur və bu məsələ diqqət mərkəzindədir. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının uğurlu icrası öz növbəsində vergi daxilolmalarının artımına öz müsbət təsirini göstərib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq vergi orqanları tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına stimul verən tədbirlər görülür. Belə ki, gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilmiş sistemli tədbirlər, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması nəticəsində vergi daxilolmaları artıb.

Tahir Rzayev: “Regionların sosial-iqtisadi inkişafına dair proqramların həyata keçirilməsi ölkədə sahibkarlığın yüksəlməsinə böyük zəmin yaradır”

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan iqtisadiyyatının son illər sürətlə inkişaf etməsi regionların sosial-iqtisadi inkişafına da güclü təkan verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət eləcə də, regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının icra olunması bu gün həm iqtisadiyyatın inkişaf etdirilməsi, həm sahibkarlığın yüksəlməsi, həm də insanların sosial rifah halının yaxşılaşdırılması baxımından sistemli, bir-birini tamamlamaqla həyata keçirilir. Deputat qeyd edib ki, bu da uğurlu nəticələrini verməkdədir: “Bu gün regionlar, demək olar ki, tamamilə dəyişib, mədəniləşib və iqtisadi cəhətdən inkişaf etməyə başlayıb”.

T.Rzayev bildirib ki, ölkə rəhbəri bu uğurları ilin altı ayına həsr olunan müşavirədə bir daha qeyd edib: “Altı ay ərzində Azərbaycan iqtisadiyyatı 6.2%, qeyri-neft sektoru 9,6% artıb, əhalinin gəlirləri 20% yüksəlib. Bu da yaxşı nəticədir.Bu nəticələrin əldə olunması bizim regionların iqtisadi inkişafı ilə əlaqədardır. Bu gün nəinki ölkə iqtisadiyyatı inkişaf edir, həm də Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu gündən-günə möhkəmlənməkdədir. Cənab Prezident bunu bir daha altı ayın yekunlarına həsr olunan müşavirədə bildirdi. Biz Qoşulmama Hərəkatı, Avropa İttifaqı, ATƏT, ABŞ və eləcə də qonşu dövlətlərlə sağlam münasibətlər çərçivəsində işləyirik”.

Həmsöhbətimiz qeyd edib ki, bunun nəticəsində bizim münasibətlərimiz gündən-günə möhkəmlənir. Dediyinə görə, bu gün regionların sosial-iqtisadi inkişafına dair proqramların həyata keçirilməsi ölkədə sahibkarlığın yüksəlməsinə böyük zəmin yaradır: “Bu gün regionlarda görülən işlər deməyə əsas verir ki, uğurlu addımların atılması yeni qələbələrə də zəmin yaradır. Artıq işğaldan azad olunan ərazilərdə, regionlarda daha sanballı işlər görülür, dəmir yolu xətti, tunel çəkilir, nəqliyyat yolu salınır, yeni binalar tikilir, “Ağıllı kənd” layihəsi tamamlanır. Bu da insanların gələcəkdə yeni həyat imkanları yaradacaq”.

Deputat hesab edir ki, bizim iqtisadiyyatımız güclü olmasaydı, biz nə beynəlxalq aləmdə nüfuz qazana, nə də təhlükəsizliyimizi təmin edə bilərdik: “İstər pandemiya, istər müharibə dövründə Azərbaycan iqtisadi cəhətdən çətinlik çəkən ölkə olmadı. Bu da ölkə rəhbərinin düşünülmüş, düzgün siyasətinin nəticəsidir. Bu siyasətin də bəhrəsini gündən-günə görməkdəyik”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Aprel 2024