• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Vətən müharibəsindən sonra insan hüquq və azadlıqlarının yeni mərhələsinə qədəm qoymuşuq

LAYİHƏ

08 Iyul 2022 | 17:28

Vətən müharibəsindən sonra insan hüquq və azadlıqlarının yeni mərhələsinə qədəm qoymuşuq

 

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təminatı və müdafiəsi dövlətin ümdə vəzifələrindən biridir. İnsan, vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikası Konstitusiyasına əsasən təmin olunur.

Məlum olduğu kimi Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olunub. Bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına müraciət edib. Müraciətdə bildirilib ki, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına xidmət edən bir sıra strateji əhəmiyyətli sənədlər - dövlət proqramı, milli fəaliyyət planı və proqramı hazırlanıb və təsdiq edilərək icra olunub.

“Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Bunu nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir”, - deyə müraicətdə vurğulanır.

Azərbaycanda “İnsan Hüquqları Aylığı”nın elan olunmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarətdir.

Zahid Oruc: İnsan hüquq və azadlıqları baxımından ən ali mənada xüsusi qeyd edəcəyimiz məsələ Zəfər hərəkatıdır

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıvaxtı.az-a bildirib ki, Sovetlər Birliyinin yaranması bolşeviklərin inqilabi hərəkatından start götürdü: “Bir çox xalqları vahid bir çətir altına yığmağı o dövr üçün fərqli adla adlandırsalar da, 1991-ci ildən sonra bunu işğal kimi qələmə aldılar. Lakin Leninin rəhbərliyi ilə irəli sürülən ideyalar sadə fəhlə-kəndli sinfinin mənafelərinin qorumağa yönəlmişdi. Buna görə də əvvəlki çarizm dövrünün sosial-iqtisadi dövlət quruluşu modelləri, hüquqi normalar dəyişdirildi. 1920-1922-ci illər Qafqaz xalqlarının Sovet Hakimiyyətinin tərkibinə qatılması ilə müşayət olunur. Bundan sonra daha bəlli çərçivəli qanunlar meydana gəldi. Şübhəsiz ki, o dövrdə ilk dəfə torpaq haqqında dekret, onun ardınca kollektivləşmə hərəkatı və s. məsələlər şəxsi mülkiyyətin qadağan edildiyi və “əvvəlcə dövlətdir, sonra vətəndaş” amalı ilə qurulmuş sistemdən bəhs edirik. Məhz buna görə də, İkinci Dünya Müharibəsi zamanı faşizmə qarşı savaşan xalqlar yeni dövlət quruculuğu proseslərini müəyyən qədər Qrəblə soyuq savaş prosesləri şəraitində həyata keçirdilər. Çünki bəlli bir məsələ idi ki, bu ideoloji savaşın hüquqi qanunvericilik kimi tərəfləri var idi”. Komitə sədri bildirib ki, yəni Sovet dönəmində insan azadlıqlarından, mediadakı özgürlükdən, plüralist cəmiyyətdən danışmaq çox çətin olardı: “Biz əslində unikal bir fenomendən bəhs edirik. Sovetlər dönəmində mənimsənilməmiş torpaqların hamısının dövriyyəyə daxil olması, əkib-becərmək üçün texnikaların yaradılması, savadsızlığın aradan qaldırılması üçün atılan addımları biz xüsusi vurğulamalıyıq. Çünki 1918-ci ildə ölkəmizdə onlarla universitet və ya saysız savadlı şəxs yox idi. Belə şəraitdə biz ondan bəhs edirik ki, bu xalqların, insanların dövlət strukturları üzərində mövqeyi, gücü, təsiri, şikayət və müraciətlərinə baxılması, ədalətli mühakimə yolu ilə verilən qərarları mütərəqqi hadisələr kimi qeyd edə bilərik. Yəni dövlətin konstitusion quruluşu Sovet dönəmində formalaşıb. Ona görə də əgər 1991-ci ildə Azərbaycanın əraziləri təcavüzə uğramasaydı, biz də transformasiyaya uğramış digər xalqlar kimi gedə bilərdik”.

Deputat qeyd edib ki, müstəqillikdən sonra Azərbaycanda insan hüquqları məsələsi Konstitusiyada 1995-ci ildə öz həllini tapdı: “Bu isə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmağından sonra baş verdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən əvvəl meydan və siyasi mübarizələrdən keçən qüvvələr Ali Qanunvericilik Aktını qəbul edə və ya onun içərisində insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühim məsələləri və strateji hədəfləri qarşıya qoya bilməmişdilər. Düşünürəm ki, ötən illər ərzində daha artıq suverenliyə, müstəqilliyimizə qəsd olan Qarabağ məsələsini bir daha da vurğulamaqla, müxtəlif sahələrdə hüquqların qorunması və bərqərar olunması üçün işlər həyata keçirilib”. Z.Orucun sözlərinə görə, Azərbaycanın müstəqillikdən bu yana otuz ilini təhlil edərkən insan hüquq və azadlıqları baxımından ən ali mənada xüsusi qeyd edəcəyimiz məsələ bizim Zəfər hərəkatımızdır: “Bu, ayrılıqda götürdükdə 1 milyon köçkünün uzun illər ərzində son dərəcə məşəqqətli şəraitdən xilası hadisəsi deyil. Qarabağ məsələsini köçkünlərlə əlaqələndirilmiş hal kimi qəbul etsəydik, arzuolunmaz məntiq hasil olardı. Bu, on milyon insanın hazırkı təntənəsi deməkdir. Biz bütünlüyə nail olduq. İnsanlarımız daha ləyaqətli və qürurlu bir xalqın, millətin övladı olduğunu hiss etdirdilər. Biz Vətən müharibəsindən sonra, insan hüquq və azadlıqlarının yeni mərhələsinə qədəm qoymuşuq və ona çatmaq üçün daha sistemli çalışmalarımızı aparmalıyıq”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

24 Aprel 2024