• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Demokratiyanın əsasını fikir, söz və məlumat azadlığı təşkil edir

LAYİHƏ

29 Iyun 2022 | 16:22

Demokratiyanın əsasını fikir, söz və məlumat azadlığı təşkil edir

6.3.2 fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.

Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı nə ola bilər ki? Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir.

Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür.

Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub. Plüralizmin nə olduğuna diqqət yetirsək, bir və ya müxtəlif bir-birindən asılı olmayan varlığın əsası və ya növlərinə, biliklərin forma və əsaslarına, davranış üslubuna və s. əsaslanan mövqelərin bir araya gəlməsidir.

Qulu Məhərrəmli: Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri söz, mətbuat azadlığıdır

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, teletənqidçi Qulu Məhərrəmli Bakıvaxtı.az-a bildirib ki, fikir, söz və məlumat azadlığı, plüralizmi demokratiyanın əsasıdır. Onun sözlərinə görə, bunlarsız demokratik cəmiyyətin qurulması mümkünsüzdür. Çünki söz azadlığı, cəmiyyətin fərqli fikirlərinin mövcudluğu insanlara bəlli bir dünyagörüşü verir, nöqsanların aradan qaldırılmasına imkan verir. Azərbaycanın da müstəqillik dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri söz, mətbuat azadlığıdır və fərqli düşüncələri əks etdirən media qurumlarının olmasıdır. Təbii ki, indi bu sahədə bir sıra problemlər var. Çünki deyilən dəyərlər insan xisləti, cəmiyyətin nə dərəcədə açıq olub bu dəyərləri stimullaşdırması ilə bağlıdır.

Q.Məhərrəmli bildirib ki, formal olaraq bunların təminatı üçün hər şey var: “Məsələn, ölkədə, azad düşüncə mövcuddur, 2005-ci ildən bu yana ictimai yayım - İctimai TV, Qeyri-hokumət təşkilatları fəaliyyət göstərir, müxtəlif, qəzetlər, saytlar var” deyən müsahibimiz hesab edir ki, bu istiqamətdəki əsas problem, insanların bu dəyərlərə sadiq qalmaması, lazım olan əhəmiyyəti verməməsidir.

Onun sözlərinə görə, ikincisi isə, insanların içindəki daxili azadlığın olmamasıdır. Məhərrəmli deyib ki, üçüncüsü, əlbəttə, daxili senzuranın mövcudluğudur. İnsanlar bəlli bir nöqtədən sonra cəmiyyətlə, hakimiyyətlə, idarəçilərlə ziddiyyət nöqtəsinə gəlib çıxanda geri çəkilməyə məcbur olur. Bu da insan psixologiyasının ən zəif nöqtəsidir. Bunlar əlbəttə ki, demokratiyanı, plüralizmi inkişaf etdirməyə imkan vermir.

Cahangir Məmmədli: Hər bir ölkənin demokratik prinsiplərlə inkişafı üçün fikir, söz və mətbuat azadlığı mütləqdir

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli hesab edir ki, fikir, söz və məlumat azadlığı çox vacib amillərdəndir. Onun sözlərinə görə, hər bir ölkənin demokratik prinsiplərlə inkişaf eləməyi üçün fikir, söz və mətbuat azadlığı mütləqdir: “Təsadüfi deyil ki, Azərbaycan dövləti bununla bağlı qanunvericilik faktları formalaşdırıb”.

C.Məmmədli qeyd edib ki, bu və ya digər informasiya təqdim olunarkən dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsipləri jurnalistin əsas vəzifələrinə daxildir: "Müasir dövrdə demokratik dövlətlərin söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşdırdığı qanunvericilik bazası təkcə jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata, televiziyaya, radioya axınına şərait yaradıb. Xüsusi jurnalistika təhsili almayan bir çox mətbuat işçiləri tanıyırıq ki, onların mətbuada məhsuldar və peşəkar yaradıcılığı heç bir mübahisə doğurmur. Lakin bununla belə, hər bir peşənin, ixtisasın, xüsusi nəzəri modelləri, nəzəri aspektləri var ki, onlara mükəmməl bələd olmadan həmin sahədə uğur qazanmaq çətindir”.

Onun sözlərinə görə, Azərbaycan jurnalistika məkanında KİV qanunvericiliyinin yaratdığı hüquqi imkanlara söykənərək fəaliyyət göstərən bir çox qəzetlərin redaksiyalarına qeyri-peşəkarların axınından doğan təcrübə sübut edir ki, peşənin nəzəriyyəsini bilmədən jurnalist olmaq xoşagəlməz nəticələrə gətirib çıxarır. Jurnalistika xüsusi elm sahəsidir. "Jurnalistika aləminə daxil olarkən, ilk növbədə bu aləmi təşkil edən elementləri bütöv görə bilmək, "jurnalistika" anlayışının mahiyyətini dərk etmək lazımdır. Bunun üçünsə, bəzi təsəvvürlərdə olduğu kimi, köşklərdəki yüzlərlə qəzeti görmək, çoxsaatlı teleproqramlara baxmaq kifayət deyil. Çünki bunlar "jurnalistika" deyilən mürəkkəb bir sahənin nəticə məhsullarıdır. Jurnalistika bu məhsulun yaranmasının, onun oxucuya, tamaşaçıya necə çatdırılmasının sirlərini öyrədən bir mürəkkəb mexanizmdir. Bu mürəkkəb mexanizm, bu mürəkkəb anlayış birdən-birə yaranmayıb. Qəzetdən mətbuat anlayışına, mətbuatdan kütləvi informasiya anlayışına, bundan kütləvi kommunikasiya anlayışına və nəhayət, bütün bunları özündə ehtiva edən mediaya uzanan yolda jurnalistikanın keçdiyi tarixi inkişaf mərhələlərini öyrənmək çox vacibdir. Ölkəmizdə yüzlərlə mətbuat orqanı qeydiyyatdan keçərək fəaliyyət göstərir. Azərbaycanda fikir, söz və məlumat azadlığı dövlətimizin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir".

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

25 Aprel 2024