• Bakı 13° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

“Prezidentin Özbəkistan səfəri Orta Asiyada mövqelərimizi daha da gücləndirəcək” 

LAYİHƏ

23 Iyun 2022 | 10:00

“Prezidentin Özbəkistan səfəri Orta Asiyada mövqelərimizi daha da gücləndirəcək” 

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına səfər edib. Dövlət başçıları Heydər Əliyev Meydanının açılış mərasimində iştirak ediblər.

Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar.

İki gün davam edən səfər çərçivəsində Səfər zamanı sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiya, turizm və digər istiqamətlər üzrə ikitərəfli sənədlər imzalanıb. İki iki ölkənin müvafiq dövlət qurumlarının və sahibkarlarının iştirakı ilə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Forum çərçivəsində bir sıra sənədlər imzalanıb.  

“Prezident İlham Əliyevin Özbəkistana uğurlu səfərini bir neçə kontekstdən şərh etmək lazımdır. Şübhəsiz ilk növbədə qeyd etməliyik ki, bu səfər iki qardaş türk dövlətləri arasındakı münasibətlərlə yanaşı, Azərbaycanın bütövlükdə Orta Asiya bölgəsindəki mövqelərinin daha da güclənməsinə səbəb olacaq. Bu səfərdən öncə Qırğızıstan lideri Bakıya gəlmişdi, bundan əvvəl Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələyə start verilmişdi. Qazaxıstanla bizim ənənəvi olaraq yüksək səviyyəli qardaşlıq münasibətlərimiz var. Düşünürəm ki, dünyada baş verən son siyasi və iqtisadi dəyişikliklər ölkələrimiz arasında mövcud olan ideoloji bağlara güclü iqtisadi əsaslı təkan da vermiş oldu”.

Bunu Bakıvaxtı.az-a Prezident İlham Əliyevin Özbəkistana səfərinin nəticələrini şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət vəkili hesab edir ki, Orta Asiyanın qardaş türk dövlətləri ilə Azərbaycanı təbii tarixi tellər bağlayır. Özbəkistan isə bu ölkələr içində Azərbaycana münasibətdə xüsusilə fərqlənir: “Özbəkistan olduqca böyük iqtisadi gücdür. İstehsalı ilə, kənd təsərrüfatı ilə. Özbək xalqı ənənəvi olaraq bizə, bizim oradakı diasporamıza çox mehriban münasibət bəsləyib. Özbəkistan Vətən müharibəsi dövründə Azərbaycanın haqq işini dəstəkləyib. Xatırlayırsınızsa, işğaldan azad olunmuş torpaqlarımıza səfər edən ilk xarici heyətlərdən biri Özbəkistanın hökumət nümayəndələri idi. Vətən müharibəsi yenicə bitmişdi, Özbəkistan bəyan etdi ki, azad olunmuş torpaqlarda məktəb tikmək istəyir. Cənab Prezidentin səfəri zamanı bu niyyət bir daha səsləndi. Özbəkistan Füzulidə təhsil ocağı inşa edəcək. Yəni biraz geniş baxsaq, olduqca önəmli strateji bölgədə - Çindən gələn yolun üstündə yerləşən Özbəkistanla münasibətlərimizin strateji mərhələyə yüksəlməsi həm tarixi, həm də ciddi diplomatik uğurdur”.

E.Allahverdiyev hesab edir ki, imzalanan sazişlər Azərbaycanla Özbəkistan arasında bütün mümkün sferalarda müttəfiqlik münasibətlərinin bərqərar olması deməkdir. “Hərbi əməkdaşlıq burada xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, Vətən müharibəsindən sonra Azərbaycanın dünyadakı mövqeləri qalib dövlət kimi daha da möhkəmlənib. Bu uğur şübhəsiz ki, qardaş dövlətlərdə xüsusi rəğbətə səbəb olub. Azərbaycan yeni nəsil müharibə apararaq hərb elmində inqilab etdi. Təbii ki, bizimlə hərbi sahədə əməkdaşlıqda maraqlıdırlar və bizim üçün təcürbə mübadiləsini qardaş dövlətlərlə həyata keçirmək xüsislə maraqlı və lazımlıdır” – deyə deputat vurğulayıb.

Millət vəkilinin fikrincə, ölkələrimiz arasında iqtisadi təmasların intensivləşməsi üçün ciddi potensial var. Eyni zamanda, mövcud reallıq diqtə edir ki, bu münasibətləri daha da inkişaf etdirək: “Söhbət ilk növbədə Çindən Qərbə uzanan nəqliyyat dəhlizindən gedir. Biz görürük ki, son aylarda dünyanın aparıcı yükdaşıma şirkətləri logistik marşrutlarını dəyişərək Azərbaycan və Gürcüstan istiqamətini seçirlər. Bizim bunun üçün bütün tələb olunan infrastrukturumuz, inkişaf etmiş avtomobil və dəmir yollarımız var. Özbəkistanın Avropa ilə iri dövriyyəsi var. Eyni zamanda, Özbəkistan özü Çin-Qərbi Avropa xətti üzərində yerləşir. Yəni faktiki olaraq ölkələrimizin yük daşımaları üçün nəqliyyat sistemlərinin sinxronlaşdırılmasına ehtiyac var və bu yöndə bizi ümidverici perspektivlər gözləyir”. 

Xatırladaq ki, ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.

Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra- 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. 

Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb.

2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR