• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Vətən müharibəsindəki birliyimiz milli və dini tolerantlığa ən baiz nümunədir

LAYİHƏ

18 Iyun 2022 | 12:55

Vətən müharibəsindəki birliyimiz milli və dini tolerantlığa ən baiz nümunədir

6.3.15 Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Ölkəmizin tarixinə qısaca nəzər salsaq, bu məkanda demokratik intibah dövründə də, vahid totalitar rejimdə də müxtəlif xalq və dinlərin dinc yanaşı yaşamasının şahidi olarıq. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ta qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb.

Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, biri-birinə qarşılıqlı təsir göstərib, dini həyatın özəlliyini şərtləndirib. Bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə dirənən ölkə ərazisində məskunlaşan əhalinin böyük qismi odu müqəddəsləşdirərək, ona sitayiş edib.

İftixarla qeyd etməliyik ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb. Azərbaycan bir çox millətlərin və dinə mənsub adamların dinc yaşadığı məkan kimi əvəzsiz nümunədir. Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirərək Alban kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib.

Ümummilli lider Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıdanda cəmiyyətin dinə bağlı durumu belə mürəkkəb və ziddiyyətli idi. Bu cür çətin şəraitdə yalnız yüksək dövlətçilik təcrübəsi olan bir rəhbər ölkədəki vəziyyəti düzgün qiymətləndirib dönüş yarada bilərdi. Bu məqsədlə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən dəyişikliklər edildi. Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüdləşdirir.

Ceyhun Məmmədov: Dövlətin  siyasəti ölkəmizdə milli həmrəyliyi, dözümlülüyü, tolerantlığı təmin edir

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a bildirib ki, bu gün Azərbaycan dünyanın tolerantlıq, multukultural mərkəzlərindən birinə çevrilib: “Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəklində yaşaya bilir. Bundan əlavə, ölkəmizdə bütün icmaların dini, vicdan və etiqad azadlığı təmin olunub. Vicdan və etiqad azadlığına şərait yaratmaqla yanaşı, dövlət dini icmalara da ciddi şəkildə diqqət və qayğı göstərir. Dövlətimiz hər il dini icmalara maliyyə vəsaiti ayırır”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 18-də imzaladığı Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Qeyd edilib ki,  Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət–din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsinə və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafına xidmət edir.

Sərəncama əsasən Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılıb.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, bu gün dövlət bu siyasət nəticəsində ölkəmizdə milli həmrəyliyi, dözümlülüyü, tolerantlığı təmin edir: “Vahid zaman kəsiyində müxtəlif təhdidlər, təhlükələr olub və dövlət də bunun qarşısını alıb. Bu gün dünya Azərbaycanın dinivə milli tolerantlıqda, millətlərarası münasibətlərin inkişaf etdirilməsində unikal bir nümunə hesab edir”.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan bu istiqamətdə bir çox dövlətlərə gözəl nümunə kimi göstərilir. Deputat qeyd edib ki, Vətən müharibəsində xalqımızın göstərdiyi birlik milli və dini tolerantlığın ölkəmizdə hökm sürməsinə ən baiz nümunədir.

Arzu Nağıyev: Dövlətimizin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar durur

Deputat Arzu Nağıyev Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan dövlətinin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar durur. Onun sözlərinə görə, Konstitusiyadan doğan milli maraq, ümumi xaricdə Azərbaycana qarşı olan münasibətin birliyidir: “Bizim xarici priotitet istiqamətimiz dövlət və ictimai təhlükəsizlik, hər bir Azərbaycan vətəndaşının rifahı, şəxsi təhlükəsizliyi üçün atılan addımlardır. Həyat inkişafını təmin etmək üçün iqtisadi inkişaf, yeni innovativ addımların atılması önəmlidir: Çünki dünya görməlidir ki, biz intellektual məhsula malik olan bir dövlətik”.

A.Nağıyev qeyd edib ki, atılan addımlarda əsas məsələ vətəndaşın marağını dünyaya çatdırmaq üçün dövlətin milli suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və müvafiq demokratik institutların yaradılması, öz məhsulları ilə konkretlik təşkil edə bilən dövlətlərin xarici məhsulları ilə inkişaf etməkdir: “Təbii ki, beynəlxalq dünyada dövlətin stabilliyini qorumaq üçün dost dövlətlərlə münasibəti qorumaq lazımdır. Buna qoşulmama hərəkatını, ikitərəfli əlaqələri misal gətirmək olar”.

Deputat bildirib ki, hərtərəfli əlaqələrlə yanaşı, ikitərəfli əlaqələrin inkişafı da çox mühüm məsələdir: “Azərbaycanın ev sahibliyi etdiyi bütün tədbirlərdə əlaqələrin genişləndirilməsi üçün addımlar atılır”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

19 Aprel 2024