• Bakı 17° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Məişət zorakılığının kökündə gender bərabərsizliyi durur"

LAYİHƏ

12 Iyun 2022 | 19:45

Məişət zorakılığının kökündə gender bərabərsizliyi durur

6.3.18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Son zamanlar məişət zorakılığı ilə bağlı xəbərlərə çox rast gəlirik.  

Demək olar ki, hər həftə ənənəvi media platformalarında və sosial mediada məişət zorakılığı - fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıq, həmçinin intihar, seksual şantaj və qısnama  ilə bağlı  həyacan doğuran məlumatlar yayılır. Öncəki illərə nisbətən, hər zaman adekvat olmasa da, gender əsaslı zorakılıq tez-tez ictimai müzakirə obyektinə çevrilir.

Azərbaycan gender bərabərliyinin təmin edilməsi ilə bağlı konvensiyalara imza atıb, qanunlar qəbul edib. Hökumət və qeyri-hökumət təşkilatları tərəfindən məişət zorakılığına qarşı mübarizə tədbirləri və maarifləndirmə işləri aparılır. Amma bu addımların da yetərli olmadığı görünür. Belə ki, hüququnu bilən qadın şikayət edir, şikayət etdiyi axşam artıq onun barəsində xoşagəlməz xəbərlər eşidirik. Bu kimi hadisələrin fonunda selektiv abortların sayının da artdığı müşahidə olunur.

Bəs, bu sosial bəladan necə qurtulmaq olar? Gender əsaslı zorakılığın qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir, bunun həlli kimlərdən asılıdır və həlli nə kimi əhəmiyyətə malikdir?

Yuxarıdakı suallara cavab tapmaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovaya müraciət etdik.

S.Qəhrəmanovanın Bakıvaxtı.az-a verdiyi müsahibəni təqdim edirik: 

-Sədaqət xanım, Azərbaycanda məişət zorakılığı və onun həllində olan problemlər hansılardır?

- Ailə münasibətlərinin kəskinləşməsi, məişət zorakılığı intiharlara da səbəb ola bilir. Son günlər onların arasında yeniyetmələr, gənclər də var. Məktəb psixoloqlarının işini gücləndirməsini tövsiyə edirəm. Yeniyetmələrdə məişət zorakılığını ilk məktəb aşkarlaya bilər. Məktəblilərin dərsə damiyyətindən və hazırlıq səviyyəsinin aşağı düşməsindən müəllim onun ümumi əhval-ruhiyyəsini hiss etməyə bilməz. Məktəb psixoloqları hər gün şagirdlərlə təmasda olmalıdırlar və risk qrupuna aid olan ailələri müəyyənləşdirməlidirlər, valideynlərlə və şagirdlərlə görüşməlidirlər.

Bu istiqamətdə işlər gücləndirilməlidir. Gənclərin sevgi münasibətlərində olan əhvalatlar da arzuolunmaz hadisələrə səbəb ola bilir. Hətta bu vəziyyət intiharlar nəticələnə bilər.

Təəssüflə qeyd edim ki, biz zorakılıq baş verəndən sonra - zorakılığa məruz qalan qadının müdafiəsilə məşğul oluruq. Biz Dövlət Komitəsi olaraq hesab edirik ki, təkcə zorakılığa məruz qalanla deyil, zorakılığı törədənlə də işləməliyik ki, zorakılıq törədən şəxs təkrar bu addımı atmasın. Zorakılığı törədən şəxs sonra boşana və başqası ilə evlənə bilər. Növbəti evliliyində bu addımı atmasın deyə biz onunla işləməliyik. Zorakılığa məruz qalan şəxsi sığınacağa yerləşdiririk, onların probleminin həlli ilə məşğul oluruq. Amma zorakılıq törədənlə də məşğul olmağı unutmalı deyilik.

Zorakılıq mühitində yetişən uşaqlarla xüsusilə işləmək lazımdır. Ailədə baş verən zorakılıq hadisələri onları psixologiyasına mənfi təsir edir. Həmin ailələri uşaqları ya qorxaq, ya da aqressiv olurlar. Odur ki, zorakılıq mühitində formalaşan uşaqların problemi ilə xüsusilə məşğul olmaq lazımdır. Psixoloqlar onlarla işləməlidir. Ümumiyyətlə, ölkədə psixoloji yardım işinin gücləndirilməsi məsələsi gündəmdədir.

-Məişət zorakılığına qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Komitəsi hansı işləri görməyi planlaşdırır?

-Dövlət Komitəsi olaraq biz Sabunçu rayonunda pilot layihəyə başlamışıq. Belə ki, Sabunçuda məişət zorakılığına qarşı mübarizəyə yerli idarəetmə orqanları-bələdiyyələr cəlb olunmağa başlayıb. İcra hakimiyyətlərində gender məsələləri və məişət zorakılığı ilə məşğul olan monitorinq qrupları fəaliyyət göstərir. Amma onlar icra hakimiyyətində oturaraq yerlərə tam nəzarət edə bilmirlər. Biz şəbəkə olaraq yerlərdə bələdiyyələrlə birlikdə gender komissiyaları quraraq yerli idarəetmə orqanının bu istiqamətdə fəaliyyətini önə gətirmək istəyirik. Risk qrupuna daxil olan ailələrlə iş üçün bu fəaliyyət nəticəsində arzuolunan mənzərəni görmək mümkündür.

Bələdiyyələr məişət zorakılığı ilə bağlı risk qrupuna daxil olan ailələrlə qabaqlayıcı tədbirlər görə bilərlər. Onlar həm zorakılıq törədən, həm zorakılığa məruz qalanla işləməlidirlər. Bələdiyyələr sosioloji, psixoloji tədbirlər görə bilərlər.

Onu da bildirim ki, məişət zorakılığı istiqamətində fəaliyyət göstərən regional qruplarla görüşürük. Qrupların rəhbərlərini və üzvlərini toplayıb məişət zorakılığı ilə mübarizə tədbirləri çərçivəsində qabaqlayıcı tədbirlər istiqamətində hansı işlər görə bilərik deyə müzakirələr aparırıq. Təhlillər aparılır. Hesab edirəm ki, monotorinq qrupu və bələdiyyələrlə birlikdə şəbəkə yaradaraq qabaqlayıcı tədbirlər görə bilərik. Nəticədə məişət zorakılığının və intiharın qarşısını almaq olar. Sadəcə, hər kəs öz işini sevərək görməlidir.

-Məişət zorakılığından zərərçəkənlərə mühafizə orderi verilir. Mühafizə orderi zorakılığın qarşısını alırmı?

-Məişət zorakılığına qarşı tətbiq edilən mühafizə orderi özünü doğruldur. Amma stereotiplər məişət zorakılığı ilə mübarizədə maneə olaraq qalır. Boşanmış ər keçmiş arvadını qətlə yetirir. Belə ki, kişi hələ də haqqını-hüququnu keçmiş arvadının üzərində hiss edir. Əgər sən boşanmısansa, sənin keçmiş həyat yoldaşınla mənəvi və hüquqi bağlılığın yoxdur. Sən ancaq övladlarının böyüməsində rol oynaya bilərsən. Təəssüf olsun ki, boşanma proseduri iki nəsil arasında müharibəyə çevrilir. Amma evli şəxslərin boşanması da normal haldır. Onların yolları ayrılsa da, dost qala bilərlər. Çünki onların övladları var. Onlar valideyn olaraq övladlarının şəxsiyyət kimi yetişməsində borcludurlar. Boşanmaq atanı və ya ananı valideynlikdən məhrum etmək deyil. Bunu dərk edən valideynlər dost qalaraq övladlarını böyütməlidirlər. Amma biz nə görürük. Ata dövlətin təyin etdiyi alimenti ödmək istəmir. Siz ailə quranda uşaq qadını atası evindən gətirməyib ki… Sənin nəslin, soyundur. Sən ata olaraq övladının yetişməsində, böyüməsində və tərbiyəsində iştirak etməlisən. Amma təəssüf ki bu gün aliment ödməyən atalar ordusu yaranıb. Bu problemin həlli istiqamətində müzakirələr və təhlillər aparılır.

-Gender əsaslı qorakılıqla bağlı mediada xəbərlər verilir. Bu məlumat əsasında araşdırmalar aparılırmı?

-Bəli, mediada dərc olunan xəbərlər, televiziya verlişlərində verilən məlumatlar əsasında araşdırmalar aparılır. Biz bu məsələdə medianın önəmini xüsusi qeyd etmək istəyirik. Odur ki, təmsil olunduğum qurum məişət zorakılığına qarşı mübarizə tədbirləri çərçivəsində jurnalistlərlə seminarlar, treninqlər keçirir.

Amma… Təəssüf ki, məişət zorakılığı, intihar və ölüm faktları ilə bağlı mətbuat sanki özünü reklam edir. Beləliklə, bu halları da reklam etmiş olurlar. Məişət zorakılığı və intihar hadisələrinin təfərrüatı və xırdalığını ictimailəşdirirlər. Məişət zorakılığı ilə qarşılaşmış şəxs bu xəbərlərdən sonra intihara cəhd edə bilər. Məişət zorakılığı, intihar və ölüm faktları təbliğ olunmamalıdır, bu problemin həlli yolları medianın gündəmində olmalıdır. Etdiyi və edə biləcəyi ehtimal olunan əməllərə görə insanları düşündürən informasiyalar yayılmalıdır.

-Azərbaycan İstanbul konvesiyasını qəbul edə bilərmi?

-İstanbul konvesiyasını Azərbaycan qəbul edə də bilər, etməyə də bilər. Biz bütün konvesiyaları qəbul etməyə borclu deyilik. 2010-cu ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul etmişik. Yəni, bizdə məişət zorakılığına qarşı mübarizə ilə bağlı hüquqi baza var" deyən Komitə sədrinin müavini qeyd edib ki, üstəlik, dövlət başçısının sərəncamı ilə “Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edilib. Onun sözlərinə görə, həmçinin, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunumuz var. Bu normativ aktlar məişət zorakılığının qarşısının alınması və zorakılıq qurbanlarına dəstək verilməsi üçün çərçivə rolunu oynayır.

Və komitə hər il ötən ilin yekunu ilə bağlı məişət zorakılığı mövzusunda hesabatı Milli Məclisə təqdim edir. Məişət zorakılığının kökündə gender bərabərsizliyi durur. Bu qədər hüquqi bazası olan dövlətdə İstanbul konvesiyasını qəbul edib-etməmək hələ sual olaraq qalır. Bu məsələyə hələ baxılır. Nəticəni gələcək göstərəcək”.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR