Hindistan və Çin arasında birbaşa uçuşlar dayandırıldıqdan beş il sonra bərpa edilib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən bildirir ki, bir təyyarənin Kolkatadan Quançjouya enməsi ticarət üçün bir mərhələ və iki qonşu Asiya nəhəngi arasında gərginliyin azaldılmasının göstəricisi oldu. Hindistanın ən böyük hava yolu şirkəti olan “IndiGo” tərəfindən idarə olunan təyyarə yerli vaxtla səhər saat 4-ə az qalmış cənub-şərqdəki Çin şəhərinə çatıb. “6E1703” saylı reys Hindistanın şimal-şərqindəki Kolkata şəhərindəki “Subhash Chandra Bose” beynəlxalq hava limanından qalxıb.
2020-ci ildə Himalay dağlarının sərhəd bölgəsində baş vermiş ölümcül hərbi toqquşmadan sonra dünyanın ən çox əhalisi olan iki ölkəsi arasında “soyuq yellər” səməyə başladı. Lakin hazırda bu ölkələr arasında “buzlar” əriməyə başlayıb. Hindistan hökuməti bildirib ki, birbaşa hava əlaqələrinin bərpası insanlar arasında təmasları təşviq edəcək və ikitərəfli ticarətin tədricən normallaşmasına töhfə verəcək.
Qeyd edək ki, bölgədə təsir dairələri uğrunda mübarizə aparan Pekin və Yeni Dehlinin yaxınlaşması Hindistanın ABŞ-la münasibətlərinin pisləşdiyi bir vaxta təsadüf edir. Avqustun sonunda ABŞ prezidenti Donald Tramp Hindistanı Rusiyadan neft alması hesabına Ukraynadakı müharibəni maliyyələşdirməkdə ittiham edərək, Hindistanın bütün ixracına 50% əlavə vergi tətbiq edib.
Məlumat üçün bildirək ki, Hindistan Ticarət Nazirliyinin məlumatına görə, Hindistanın Çindən idxalı keçən ay 11 milyard dollardan çox olub ki, bu da 2024-cü ilin sentyabrından 16%-dən çox artıb. Bu arada Hindistanın Çinə ixracı 1,47 milyard dollara çatıb ki, bu da daha az məbləğdir, lakin illik müqayisədə təxminən 34% çoxdur.
Vaşinqtona aydın mesaj
3500 kilometrlik sərhədi paylaşan iki ölkə arasında münasibətlər 2020-ci ildə ən azı 20 Hindistan əsgəri və dörd Çin əsgərinin ölümü ilə nəticələnən şiddətli toqquşmadan sonra ən aşağı səviyyəyə çatmışdı. Yeni Dehli cavab olaraq Çin sərmayəsini məhdudlaşdırmağa cəhd edib və “TikTok” da daxil olmaqla yüzlərlə Çin tətbiqini qadağan edib. Hindistan həmçinin Qərb dövlətləri ilə, xüsusən də Asiya-Sakit Okean regionunda Çinin təsirinə qarşı çıxmaq üçün nəzərdə tutulmuş Hindistan, ABŞ, Yaponiya və Avstraliyanın ittifaqı olan “Quad”ın digər üzvləri ilə daha sıx əlaqələr qurmağa çalışırdı.
Çinin Hindistandakı səfirliyinin sözçüsü Yu Jing bildirib ki, bu ay hinduların işıqlar festivalı olan “Diwali” çərçivəsində Hindistan və Çin əsgərləri xoş niyyət əlaməti olaraq şirniyyat mübadiləsi aparıblar. Avqust ayında Çin prezidenti Si Çinpin və Hindistanın baş naziri Narendra Modi arasında görüşdən sonra “The Indian Express” qəzeti olaraq yazıb ki, Pekinlə münasibətlərin istiləşməsi Vaşinqtona açıq mesajdır.
Aydın Baxış
Bakı 


