Fransa Zəngəzurda konsulluq açacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyanın iclasında ölkəsinin erməniləri qorumaq üçün hansı addımlar atması ilə bağlı suala cavab olaraq bildirib: "Biz Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmişik. Fransa səfirliyində hərbi attaşe olacaq. Tezliklə sərhəddə yerləşən Zəngəzur (Sünik) bölgəsində konsulluq mərkəzi açacağıq".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Fransa Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olmadığını yaxşı bilir.
Ekspertin sözlərinə görə, rəsmi Paris fərqindədir ki, nə qədər çalışsa da, Bakı ilə əməkdaşlığı yuxarı səviyyəyə qaldıra bilməyəcək: "Çünki Fransanın daxilində erməni lobbisi güclüdür. Fransa tarix boyu anti-türk mövqeyi ilə seçilib, fərqlənib. Bu ölkədə demək olar ki, daim türkofobiya və islamafobiya hökm sürüb”.
Politoloq deyib ki, Fransa Afrikada itirdiyi mövqeləri digər regionlara daşımağa, bunu da Cənubi Qafqazda Ermənistan üzərindən formalaşdırmağa çalışır: “Amma hesab etmirəm ki, Fransa və Ermənistan arasında hansısa dərin hərbi əməkdaşlıq olacaq və ciddi nəticə verəcək. Çünki Rusiya qoşunları hələ Ermənistan ərazisindədir. Moskvanın İrəvana təsir imkanları hələ qalmaqdadır. Baş nazir Nikol Paşinyan Qərblə əməkdaşlığa nə qədər üstünlük versə də, bu, indiki məqamda mövcud reallığı dəyişdirmir. Rusiya və İran Paşinyanın Qərblə intensiv əlaqədə olmasından çox narahatdır və bunu açıq hiss etdirirlər".

Samir Hümbətov: Rəsmi Paris fərqindədir ki, nə qədər çalışsa da, Bakı ilə əməkdaşlığı yuxarı səviyyəyə qaldıra bilməyəcək
Müsahibimiz vurğulayıb ki, bu iki dövlətin sonrakı dönəmdə hansı addım atacaqlarını demək çətindir: "Amma Fransanın Şərqi Zəngəzurda konsulluq açmaq istəyi belə Ermənistanın başına gələcəkləri sığortalamır. Əgər İrəvan hökuməti bölgənin təhlükəsizliyində, sabitliyində həqiqətən maraqlıdırsa, o halda Cənubi Qafqaza kənar gücləri gətirməyə ehtiyac yoxdur. Rusiya və İran isə bölgə dövlətləridir. Ermənistanın qazını da İran verir. Yəni Moskva və Tehran sonda Paşinyana qulaqburması verə bilər".
Aydın Baxış
















