“Küləyin gücü 6 balldan 8 bala qədər olduqda kranlarla işlərin görülməsinə onların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin iclasında Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, təqdim olunan layihə Əmək Məcəlləsinin 233-cü maddəsinə və ikinci əlavəsinə dəyişiklikləri nəzərdə tutur.
Deputatın sözlərinə görə, hazırda qüvvədə olan qaydalara əsasən, küləyin sürəti 6 balldan yuxarı olduqda bütün kran və qurğularda iş dayandırılmalıdır. Lakin müasir nəsil kranların texniki göstəriciləri müəyyən hallarda küləyin gücü 8 bala qədər olduqda da təhlükəsiz işləməyə imkan verir.
Musa Quliyev qeyd edib ki, təklif olunan dəyişikliyə əsasən, küləyin gücü 6–8 bal arasında olduqda kranlarla işlərin görülməsinə onların texniki pasportlarında nəzərdə tutulan şərtlər daxilində icazə veriləcək. Küləyin gücü 8 balı keçdikdə isə bütün növ işlər dayandırılacaq.
Deputat vurğulayıb ki, dəyişikliyin məqsədi işlərin dayandırılması hallarını azaltmaq, əmək məhsuldarlığını artırmaq, layihələrin vaxtında tamamlanmasına və iş prosesinin daha səmərəli təşkilinə şərait yaratmaqdır.
Zeynəb Rzayeva
















