62-ci Münxen Təhlükəsizlik Konfransı bu il də dünya güclərinin təhlükəsizlik və geosiyasi strategiyalarını açıqladığı əsas platforma rolunu oynadı.
Konfrans çərçivəsində Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik, enerji təhlükəsizliyi və beynəlxalq diplomatiya məsələləri ön plana çıxdı. Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəsmiləri və təhlükəsizlik ekspertləri burada yalnız cari problemləri müzakirə etməklə kifayətlənməyib, eyni zamanda gələcək aylarda qlobal siyasətə təsir edə biləcək strategiya və yanaşmalarını da səsləndirdilər.
Çıxışlar enerji resurslarının paylaşımı, hərbi və diplomatik balansın qorunması, eləcə də regional və qlobal əməkdaşlıq perspektivləri baxımından dünya siyasətində müəyyən dönüm nöqtələrinə çevrilə bilər.
Münxen Konfransında səslənən hansı mövqelər yaxın aylarda qlobal siyasətə təsir göstərə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Münxen Təhlükəsizlik Konfransında hər il olduğu kimi bu dəfə də müxtəlif məsələlər ətrafında müzakirələr aparıldı, çıxışlar səsləndirildi və konfransın gedişi bir çox məqamları aydınlaşdırmağa imkan verdi:
"Müzakirələrin mərkəzində, təbii olaraq, Rusiya-Ukrayna müharibəsi dayanırdı. Çıxışlar göstərdi ki, aparıcı dövlətlər sülhə yaxınlaşmaqdan daha çox, prosesin uzanmasına gətirib çıxara biləcək mövqelər nümayiş etdirirlər. Ukraynaya yardımlar və rəsmi Kiyevə dəstək məsələsi geniş şəkildə müzakirə olundu. Lakin açıq şəkildə heç kim bildirmədi ki, göstərilən yardımlar tələb olunandan xeyli azdır və bu cür bəyanatlarla Rusiyanı sülhə məcbur etmək mümkün olmayacaq".
Onun sözlərinə görə, Zelenski yenidən Putini kəskin tənqid edib və onu “müharibənin köləsi” alandırıb:
"O qeyd edib ki, Putin müharibəsiz dayana bilməz və bu şəraitdə sülhə ümid etmək çətindir. Bu çıxışlar 2026-cı ildə sülhə nail olmağın kifayət qədər mürəkkəb olacağını bir daha göstərdi. Konfransda nüvə çətiri məsələsi də gündəmə gətirildi ki, bu da kifayət qədər təhlükəli istiqamət kimi qiymətləndirilə bilər. Avropa ölkələri nüvə təhlükəsizliyini möhkəmləndirmək üçün birgə mexanizmlər axtardıqlarını ifadə etdilər. Fransanın və Böyük Britaniyanın nüvə imkanlarından istifadə perspektivləri müzakirə olundu, Avropanın nüvə potensialının artırılması yollarından danışıldı".

Abutalıb Səmədov: ABŞ-nin münaqişələrin aradan qaldırılması istiqamətində daha fəal rol oynaması vacibdir
Həmsöhbətimiz vurğulayıb ki, konfransın ən konstruktiv çıxışlarından biri kimi ABŞ dövlət katibinin çıxışı qiymətləndirilə bilər:
"ABŞ-nin münaqişələrin aradan qaldırılması istiqamətində daha fəal rol oynaması vacibdir. Avropa ölkələrini yeni yaradılmış Sülh Şurasında iştirakı önəmlidir və Atlantik birliyinin möhkəmləndirilməsinin zəruriliyi mütləqdir".
"Səslənən fikirlər göstərdi ki, təhlükəsizlik və sülh barədə aparılan müzakirələr hələlik dünyanı real sülhə yaxınlaşdırmır. Əksinə, konfransda səslənən bəzi mövqelər mövcud ziddiyyətləri daha da dərinləşdirmək və gərginliyi artırmaq potensialı daşıyır",- deyə Abutalıb Səmədov fikrini yekunlaşdırıb.
Əli Hüseynov
Bakı 




