Paris olimpiadası böyük tədbirdir, medal dəsti çox olub. Bu işə məsuliyyətlə yanaşmayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanda keçirilmiş müxtəlif idman yarışları üçün medal hazırlayan İlqar Niftəliyev deyib.
O, Fransadakı Yay Olimpiya Oyunlarında təqdim olunan mükafatların üzlənməsində problem olduğunu söyləyib:
"Keyfiyyətini itirməsi əsasən bununla bağlı olur. Medalları hazırlayarkən ön hissəsinə çox fikir verilməlidir. Güləş, cüdo və sair turnirlər üçün mükafatlar hazırlamışıq. Ölkəmizdəki beynəlxalq yarışlarda indiyədək belə hal aşkarlanmayıb. Sadəcə, hər kər öz işini yaxşı görməlidir. 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında müəyyən işlər görmüşəm. Bizdəki medallarla bağlı heç vaxt şikayət olmayıb. Çünki Azərbaycan dövlətinin yanaşması tamam başqadır. Hansısa şəxs belə bu işə barmaqarası yanaşa bilməz".
İlqar Niftəliyev azərbaycanlıların qonaqpərvər olduğunu söyləyib:
"Həm də vətənimizi sevirik. Ölkəmizdə beynəlxalq turnir keçiriləndə bunun yaxşı mənada yaddaqalan olmasını istəyirik. İdmançıların mükafatlarının keyfiyyəti yüksək olmalıdır ki, sonra ondan şikayət etməsin, medalı bir küncə atmasın. Onlar əldə etdikləri nailliyyətlərlə fəxr edirlər".
Qeyd edək ki, Azərbaycan idmançıları Paris olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.
H.Heydərov və M.Maqomedovdan başqa, digər beş idmançınin medalı keyfiyyətini itirib.