“Nikol Paşinyanı devirmək planlarının arxasında Rusiyanın, Moskvadakı müəyyən dairələrin olması gün kimi aydındır”.
Bunu Bakıvaxtı.az-a politoloq Qabil Hüseynli Ermənistanda dövlət çecrilişinə cəhdlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, hakimiyyəti devirmək istəyən şəxslərin silahlı təlimlərini Rusiyada keçməsi də onların əsas tapşırıqlarını məhz Moskvadan aldıqlarını göstərir:
"Nikol Paşinyan hökumətinə qarşı, yəni baş naziri hakimiyyətdən devirmək məqsədi ilə dəfələrlə təşəbbüslər göstərilib. Normal seçkilərlə bunu bacarmayacaqlarını anlayan dairələr zaman-zaman sui-qəsdlərə də əl atıblar. Lakin nəticə Rusiyanın və himayə etdikləri müxalif güclərin arzuladığı kimi olmayıb”.
Qabil Hüseynli, politoloq
Müsahibimiz qeyd edib ki, keşiş Baqrat Qalstanyanın etiraz aksiyaları, kilsənin müdaxiləsi, erməni lobbisinin təsir imkanları da yetərli olmadı. Ona görə də yeganə variantın silah gücünə çevriliş olduğunu düşünürlər:
“Amma bunun reallaşması çətindir. Paşinyan hökuməti bənzər cəhdlərin öhdəsindən asanlıqla gələcək gücdədir. Baş nazir üçün üç-beş qiyamçını zərərsizləşdirmək çətin olmayacaq. Nəzərə almaq lazımdır ki, həm Paşinyanın güclü alternativi yoxdur, həm də baş nazirin hökuməti Qərb tərəfindən qorunur, himayə olunur. O səbəbdən sui-qəsd və çevriliş cəhdlərinin baş tutma ehtimalı çox zəifdir. Ara-sıra belə təşəbbüslərin şahidi olsaq da, indiki dövrdə Paşinyanı "yıxmaq" qeyri-mümkündür".
Qeyd edək ki, Ermənistanda hökumətə qarşı dövlət çevrilişinə cəhd olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Təhlükəsizlik Xidməti Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupu aşkarlayıb. İstintaq Komitəsi məlumat yayıb ki, aktiv əməliyyat tədbirləri zamanı 30-a yaxın axtarış aparılıb, dindirilmələr nəticəsində 7 vətəndaşın şəxsiyyəti hələlik müəyyən edilməmiş digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdığına dair sübutlar toplanıb:
“Xüsusən də bu qrup silahdan istifadə qaydalarını öyrənmək məqsədi ilə bir sıra Ermənistan vətəndaşlarını Rostovda, o cümlədən “Arbat” bazasında üç aylıq təlim keçmək üçün cəlb edib. Sonradan məlum olub ki, qruplaşmanın məqsədi sərhədləri qorumaq deyil, Ermənistanda hakimiyyəti ələ keçirməkdir”.
Bildirilib ki, həmin şəxslərin bir qismi çevrilişdə iştirak etməkdən imtina edib və Ermənistana qayıdıb. 7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4 nəfər isə axtarışa verilib.
Xatırladaq ki, bu ilin may ayında da Ermənistanın İstintaq Komitəsi ölkədə hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən şəxslərin saxlanıldığını elan etmişdi. Saxlanılan şəxslərin planlarını mitinq zamanı həyata keçirməyi planlaşdırdığı deyilmişdi.
Aydın Baxış