• Bakı 14° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

PKK-nın ləğvi: Türkiyənin uğurlu siyasəti və geosiyasi iqtisadiyyatın yeni reallığı

SİYASƏT

01 Aprel 2025 | 15:05

PKK-nın ləğvi: Türkiyənin uğurlu siyasəti və geosiyasi iqtisadiyyatın yeni reallığı

PKK-nın ləğv edilməsi məsələsi uzun illərdir davam edən silahlı münaqişə və hərbi qarşıdurmaların təsiri altında olan mövzudur.

Bu təşkilatın ləğvi ilə bağlı müxtəlif iddialar olsa da, konkret olaraq prosesin nə zaman və necə başa çatacağına dair suallar açıq qalır. PKK-nın tamamilə ortadan qaldırılması, ilk növbədə təşkilatın mövcudluğunun köklü səbəblərini və onlara dəstək verən regional və beynəlxalq qüvvələrin maraqlarını nəzərə alaraq başa düşülməlidir. Türkiyənin PKK ilə mübarizəsi yalnız daxili təhlükəsizlik məsələsi deyil, həm də regional geopolitik bir problem olaraq ön plana çıxır.

Bu istiqamətdə müxtəlif beynəlxalq və regional güclərin mövqeyi böyük rol oynayır. Xüsusən, Suriya və İraqdakı vəziyyət, həmçinin ABŞ və digər qərb dövlətlərinin bu regiondakı siyasəti, PKK-nın fəaliyyəti və fəaliyyətə olan dəstəyi bir çox məsələlərə təsir göstərir. PKK-nın ləğv edilməsi, həmçinin bu ölkələr arasındakı sərhəd təhlükəsizliyi və beynəlxalq münasibətlər baxımından yeni problemlərin yaranmasına səbəb ola bilər.

PKK-nın tamamilə ləğv edilməsi nə dərəcədə real görünür? Bu prosesin arxasında hansı beynəlxalq və regional güclər dayanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, PKK-nın ləğv edilməsi ilə bağlı artıq Türkiyə dövlətinin ortada böyük bir iradəsi mövcuddur:

"Son yeddi-səkkiz il ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində terror təşkilatının rəhbəri Abdullah Öcalan, PKK və ona bağlı bütün strukturlarının ləğvini müzakirə edərək bu məsələnin aktuallığını ortaya qoyub. Bu gün PKK-nın tamamilə ləğv edilməsi artıq heç bir şansa malik deyil, çünki Türkiyə son illərdə PKK-yə qarşı sarsıdıcı zərbələr endirərək bu təşkilatın mahiyyətini tamamilə darmadağın edib. Öcalanın PKK-nı buraxmaqla bağlı yayımladığı müraciət Türkiyənin uğurlu əməliyyatları nəticəsində formalaşan yeni reallığın əksidir".

Tural İsmayılov:Türkiyənin təhlükəsizliyi baxımından bu proses heç bir ciddi təhdid yaratmayacaq

Onun sözlərinə görə, bunlarla yanaşı, Türkiyəyə qarşı öz maraqlarından istifadə edən xarici dairələr bu prosesin ləngiməsi üçün əllərindən gələni edəcəklər. Xüsusən Qərb və bəzi Yaxın Şərq ölkələri, hələ də Türkiyənin qarşısında olan bu məsələdə öz maraqlarını qorumağa çalışacaqlar. Ancaq hər halda, artıq PKK-nın ləğv olunması ilə bağlı prosesə start verilib və mərhələli şəkildə bu terror təşkilatı tarixə qovuşacaq:

"Bundan sonra, İraqda və Suriyada PKK-nın uzantıları, xüsusilə YPG kimi qruplaşmaların fəaliyyəti, Türkiyənin diqqətlə izləyəcəyi məqam olacaq. Suriya ilə bağlı Türkiyə arasında, yeni hakimiyyətin PKK-ya qarşı davranışları ilə əlaqədar müzakirələrin aparıldığına da şübhə yoxdur. Bununla belə, hesab edirəm ki, Türkiyənin təhlükəsizliyi baxımından bu proses heç bir ciddi təhdid yaratmayacaq".

Politoloq əlavə edib ki, gələcəkdə PKK-nın tamamilə ləğv edilməsi yalnız Türkiyə üçün deyil, həm də regionda sabitliyin bərpası və təhlükəsizlik mühitinin formalaşması üçün mühüm addım olacaqdır. Bu prosesin davamı həm də xarici güclərin müdaxilələrinə qarşı mübarizənin gücləndirilməsi ilə əlaqələndirilə bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR